“2011-ci ilin əvvəlindən 26 nəfər insan alveri qurbanı olub” -
23 avqust 2011 19:25 (UTC +04:00)

“2011-ci ilin əvvəlindən 26 nəfər insan alveri qurbanı olub” -

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə birliyin sədri Mehriban Zeynalova açdı: “Bu gün burda iştirak edən bütün insanlara minnətdarlığımı bildirirəm və istərdim ki, daha çox insan bu aksiyaya qoşulsun. Bununla insanlar ən azı özlərini qoruya bilsinlər, cinayətkarların əl-ayağını daha çox bağlayaq. Bu gün bizim aramızda zərər çəkənlər də var. Aksiya barədə 4 mindən çox insana internetdə məlumat verilib”.

M.Zeynalova tədbirin simvolları haqda məlumat verdi: “Mavi ürək insan alverçilərinin daşlaşmış ürəyidir. Bağlı gözlər bizim məlumatsızlığımızın simvoludur. Burada insan alveri qurbanlarına ünvanlanan ən yaxşı mesajlar kitab şəklində çap edəcəyik. İnsan alverinə həsr olunmuş iki film var. Bu filmlər məşhur müğənnilərimizin avtoqraflarıyla bu gün burda satılacaq. Toplanmış vəsait insan alveri qurbanlarına veriləcək”.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq insan alveriylə bağlı məsələlərdə Azərbaycanla əməkdaşlıq etdiklərini bildirdi: “İnsanlar çox vaxt fikirləşirlər ki, trafikinq ancaq seksual əlaqələr üçün istifadə olunan anlayışdır, amma bu belə deyil. Biz insan alverinə qarşıyıq və bu məsələni çox vacib hesab edirik”.

Daha sonra millət vəkili Rafael Cəbrayılov çıxış etdi: “Bizim burda yığılmağımızın məqsədi insan alverinə qarşı qətiyyətli “yox” deməkdir. İnsan alverinin tarixi insanlığın tarixi qədərdir. Heç təsadüfi deyil ki, 2010-cu ildə 27 milyon insan dünya üzrə insan alverinin qurbanı olub. Azərbaycana gəldikdə, bizim qanunvericiliyimiz mükəmməldir. 2001-ci ildə qəbul olunmuş Cinayət Prosessual Məsəllə insan alveri cinayətlərinə dəqiq qiymət verir”.

DİN-in İnsan Alveri Qurbanları ilə Mübarizə İdarəsinin əməkdaşı İlkin Qurbanov idarənin təqsirkar şəxslərin ifşa edilməsi və cəzalandırılması istiqamətində tədqiqat və əməliyyat tədbirlərindən danışdı: “Bizim idarə 2004-cü ildə yaradılıb. 2011-ci ilin əvvəlindən 63 insan alveri faktı aşkarlanıb. Bunlardan 14 nəfər cinayətkar məsuliyyətə cəlb olunub, 26 nəfər insan alveri qurbanı kimi tanınıb”.

Millət vəkili İlham Məmmədov insan alverinə qarşı mübarizənin qlobal təhlükəsizlik baxımından əhəmiyyətini vurğuladı : “Bu mübarizədə hamımız səylərimizi birləşdirməliyik. Bu gün insan alveri qurbanları təkcə qadınlar deyil, əmək miqrantları, sosial vəziyyəti ilə bağlı yaxşı həyat axtarışında olan uşaqlar kişilərdir. İnsan alveri qurbanlarının transplantasiyasını burda qeyd etməmək olmaz”.

Sonda M.Zeynalova aksiyanın simvolu olan “Mavi ürəyi” Qadın Krizis Mərkəzi və Birliyə Doğru təşkilatına təqdim etdi: “Gələn il bu aksiyanı bu təşkilatlar keçirəcək. Eyni zamanda bizim ötən il sosial səfirimiz Rafael Cəbrayılov oldu. O, bizim bütün tədbirlərə qoşulub, aktiv iştirak edib. Ona görə də bu il yenə mən onu sosial səfir elan edirəm. Gələn ilin səfirini Rafael müəllim müəyyən edəcək”.

Sonda Qadın Krizis Mərkəzi və Birliyə Doğru təşkilatının rəhbərləri tədbirdə iştirak edən beynəlxalq təşkilatlardan dəstək istədilər və növbəti bir il ərzində fəal tədbirlər keçirəcəklərinə söz verdilər.

Nailə Rövşənqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar