Azərbaycanda diabet məktəbləri yaradılır
22 avqust 2011 19:31 (UTC +04:00)

Azərbaycanda diabet məktəbləri yaradılır

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu ilin rəsmi statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 137400 nəfərdir və bu rəqəm artır.

Beynəlxalq Diabet Federasiyası bütün ölkələrin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna respublikanın şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət edib və layihə 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiqlənib.

Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə əsasında yaradılmış 7 diabet məktəbi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı nəzərdə tutulur. Maarifləndirmə məqsədi ilə ümumiyyətlə 105 həkim üçün 70 təlim, 210 tibb bacısı üçün 140 təlim, 1155 diabetli xəstə üçün 770 təlim, 1050 risk qrupuna aid olan insanlar üçün 700 təlim keçiriləcək. Həmin məqsədilə 3500 buklet, 4000 kitabça, 300 poster, 2550 təlim materialları paketi, risk qrupuna aid əhali üçün 1100, xəstələr üçün 2500 məlumat paketi hazırlanacaq.

Biliklərin artırılması məqsədi ilə avqustun 8-dən 19-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər keçirilib. Təlimlər Dünya Diabet Fondunun üzvü, Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Endokrinoloji Elmi Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Aleksandr Mayorov tərəfindən aparılıb. Təlimlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanın tibb müəssisələrinin hər birindən 2 həkim və 2 tibb bacısı olmaqla, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endikronoloji Mərkəzi və Azərbaycan Tibb Universitetinin İkinci müalicə profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasından ümumilikdə 23 həkim-endokrinoloq və 18 tibb bacısı iştirak etdi. Təlim materialları paketi çap və CD şəklində iştirakçılara təqdim olunub. Gələcəkdə keçiriləcək təlimlərin cədvəli tərtib edildi. Təlimçilər çıxış edərək, layihənin əhəmiyyətini, tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Sonda təlimləri uğurla başa çatdırmış iştirakçılara sertifikatlar təqdim olunub.

Təlimlərdə iştirak etmiş həkim-endokrinoloqlar və tibb bacıları yaradılmış diabet məktəblərində ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə bu xəstəliklə bağlı biliklərin artırılması və özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçməklə, sağlam həyat tərzini təşviq edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar