“Sarı ölüm”ün astanası… - ARAŞDIRMA
22 avqust 2011 12:08 (UTC +04:00)

“Sarı ölüm”ün astanası… - ARAŞDIRMA

Ailəmizdə siqaretə olan xüsusi mənfi münasibəti nəzər alsaq, bu hal mənim üçün – ailənin böyük övladı üçün çox pis vəziyyət yaradırdı. Məni yanına çağıran əmim əsəbdən gözləri qızarmış halda soruşdu: “Siqaret çəkirsən?!” Sual ağırlığı qədər də gözlənilməz olduğu üçün özümü itirdim… və sağ üzümdən dəyən, hələ də şaqqıltısı qulaqlarımda olan sillə məni ayıltdı. Əmimin vurduğu zərbədən təxminən iki metr kənara yıxılmışdım…

Doğrusu, artıq bir neçə il idi tay-tuşlarım arasında kənddə toylarda yığışarkən, meşədə qoyun otararkən, məktəbdə tənəffüslərdə daldaya çəkilən zaman gizlincə, özü də ədalı formada qüllab vuraraq papiros çəkmək “igidliyə” çevrilmişdi. Bu “igidlik” artıq 15 yaşımda məni və ailəmi bu cür məyus etdi.

Biləndə ki, tütünün iyini nəfəsimdən anam duyub, o anlarda məni sillənin ağrısı yox, anamın yanında çəkdiyim xəcalət ağrıdırdı…

Etiraf edim ki, o vaxt onlara qarşı ürəyimdə kiçik bir inciklik də yaranmışdı: “axı nə var ki siqaretdə, bunlar belə edirlər” - deyə, öz aləmimdə onları məzəmmət edir, özümə haqq qazandırırdım. Amma həyat onları haqlı çıxartdı...

İndi o sillədən 15 il keçib. O vaxtdan bəri hələ də papiros çəkmirəm, ümumiyyətlə, tütündən uzaq düşmüşəm… Deməzdim buna səbəb əmimin silləsi oldu. Lakin o sillə məni ayıltdı, çünki ondan iki il sonra ali məktəbə daxil olub, ailəmizdən ayrıldım, Bakıya gəldim. Mürəkkəb bir mühitdə, tələbəlik illərində, ondan sonrakı yaşadığım müxtəlif rəngli həyatda, hətta hərbi xidmətdə belə tütün qətiyyən yadıma düşmədi. Və bu dövr ərzində, bilmirəm təsadüf idi, ya zərurət, düşdüyüm əksər mühitdə papirosun, ümumiyyətlə, bu kimi digər vasitələrin acı qurbanları ilə tez-tez rastlaşmalı olurdum.
Hər dəfə də ürəyimdə əmimə etdiyim minnətdarlıq tütünə olan nifrətimi daha da artırırdı…

Nədənsə bu “sarı” ölümün qurbanları tez-tez rastıma çıxırdı. Məsələn, tələbə vaxtı bir il bir otaqda kirayədə yoldaş olduğum dostum bir gün qəfil böyrünü tutub sancıdan qovrulmağa başladı. Təcili həkimə götürüldü. Uzun müayinədən sonra həkimlər ona papirosu tamamilə qadağan etdilər, ciddi həyat təhlükəsi olduğunu dedilər (günə təxminən iki qutu çəkirdi). Düzdür, bütün qadağalara baxmayaraq müalicə olunduğu müddətdə belə o çəkməkdə davam etdi. Lakin ondan sonra cəmi dörd, ya beş ay yaşadı - ağ ciyəri sıradan çıxmışdı. Bu hadisə mənim tütünə münasibətimə daha bir təsiri göstərdi, əməllicə sarsılmışdım...

Ölümün cazibəsi…

Mən bu az ömrümdə tütünlə bağlı rastlaşdığım buna oxşar sarsıdıcı hadisələrdən çox danışa bilərəm. Amma məsələ bu deyil, yəqin ki məndən başqa bununla yüzlərlə insan rastlaşıb və hələ də rastlaşır.

Məsələ, bizi ölümə sürükləyən tütünün cazibəsindədir. Nədədir axı bu tütünün ölümcül “sehri”?!

Araşdırmalar göstərir ki, ümumiyyətlə, insan övladı tütünü və yaxud da papiros kağızını heç də çəkmək məqsədilə yaratmayıb. Məsələn, papiros kağızı ilk dəfə dünyada qədim Misir fironlarının dövründə yaranarkən ondan nəyisə büküb çəkmək üçün deyil, məişət vasitəsi kimi istifadə ediblər. Və tarixən xeyli müddət bu, digər xalqlarda da bu cür istifadə olunub.

Ta ki, orta əsrlərə qədər. Yeni arzuların axtarışı insanları xoşbəxtliklə bərabər gözlənilməyən bədbəxtliklərə də sürükləyir.

Tütünün papirosa bükülüb çəkilmə tarixi də 1492-ci ilə təsadüf edir. Belə ki, Avropanın dəniz səyyahlarının Amerikanı kəşf etmələri ilə tütün də kəşf olunur. Yerli əhali dəniz səyahətçisi Xristofor Kolumba bir dəstə qurudulmuş tütün yarpağı bağışlayırlar. Lakin Kolumb bu yarpaqların nəyə lazım ola biləcəyini başa düşməyib, tütün yarpağı dəstəsini gəmidən dənizə atdı. Bir ildən sonra, Kolumbun ekspedisiyasında iştirak etmiş monax Ramon Pane hindlilərin tütündən necə istifadə etmələrinin təfərrüatlı təsvirini yazdı. Bununla da, faktiki olaraq, Ramon Pane tütünçəkmə adətini Avropaya gətirən ilk adam oldu. Maraqlıdır ki, Kolumbun sayəsində dünya xəritələrində ilk “tütünlü” ad peyda olur - məşhur səyahətçi Tobaqo adasını xəritədə qeyd edir. “Tobaqo” sözü ilə hindular tütün çəkmək üçün istifadə olunan boruları adlandırırdılar.

O dövrün alimləri belə hətta iddia etməyə başlayırlar ki, tütündə əsasən zəhərli qurğuşun oksid, xərçəng yaradan maddələr, nikotin və qatran kimi - gəmirici və həşəratları məhv etməkdə istifadə olunan bəzi maddələr, alkoqol və sair var. Lakin qadağalara düşmən olan insan iddiası buna da hakim kəsilir. Tütünə maraq çoxalır...

Tarixçilər göstərir ki, XVII əsrin sonlarında siqar çəkmənin qaydalarının yaradılmasına ilk cəhdləri olur. O vaxt gələcəkdə ABŞ ştatlarından biri olacaq ispanların Massaçusets koloniyasında küçədə siqar çəkmək qadağan idi. Bu qadağanın pozulmasına görə alınan pul cərimələri yanğın əleyhinə vasitələrin alınmasına sərf olunurdu. Buna baxmayaraq, ilk cəhdlər bu əyalətdə olur və geniş yayılmağa başlayır.

1730-cu ildə ABŞ-ın Virciniya ştatında dünyada ilk dəfə olaraq, tütünün standartlaşdırılması qaydalarını müəyyən edən qanun qəbul edilir. Bu addım, Virciniya plantatorlarının və ticarətçilərinin reputasiyasına mənfi təsir edən “zibil tütünün” gizli idxalına qarşı mübarizə aparmaq niyyətilə atılmışdı.

Beləcə, demokratiyanın yeni adasında doğulan bəla bütün dünyaya yayılmağa başlayır.

İslam ölkələrində isə tütün XVI əsrdə peyda olur, bu da əsasən tacirlər arasında geniş yayılsa da sonra müsəlman ölkələrində şahların sevimli “vərdişi”nə çevrilir.

Bu gün bütün dünyada tütün artıq “ölüm mələyi”nə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

…Azərbaycanda

Araşdırmalara görə, tütün Azərbaycanda əsasən Səfəvilər dövründə - XVII əsrin əvvəllərində daha geniş yayılmağa başlayır. O dövrə qədər bundan ancaq şahlar və yaxud da iri feodal ailələri istifadə edirdisə, artıq həmin dövrdən sonra bu, daha aşağı təbəqələrə də sirayət etməyə başlayır. Bir müddət sonra xırda tənbəki formasında hətta kasıb kəndlilər də tütünlə başlarını qatmağa başlayırlar. Xanlıqlar dövründə tütün Azərbaycanda diqqət cəlb edən ticarət vasitəsi də olur. Məsələn, Şəki xanlığı dövründə tütün ticarəti ilə məşğul olan və kifayət qədər sərmayədara çevrilən onlarla bəylər olub.
Çar İmperiyası dövründə iqtisadi və ideoloji (məsələn, tütünün müstəmləkə əhalisi arasında geniş yayılaraq vərdişə çevrilməsi çarizm üçün maraqlı olub) maraqlar əsasında tütün demək olar ki, Azərbaycanda bütün təbəqələr arasında kütləviləşir. Qəlyan və tənbəki o dövrün simvoluna çevrilir.

Sovet İttifaqı dövründə isə tütün nəinki geniş yayılır, ümumiyyətlə, nədənsə sovet xalqının sevimli “vərdişi”nə çevrilir (yəqin burada da ümumi bir maraq olub). Xüsusən də o dövrün tanınmış yazıçılarını, alimlərini, ictimai xadimlərini və sair indi də xatırlayarkən qəlyansız, siqaretsiz təsəvvür etmək olmur. Xüsusən də papiros məhz Sovet İttifaqı dövründə Azərbaycanda çox geniş yayılır.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda baxışlar dəyişsə də bir çox vərdişlər hələ də dəyişməyib. Tütündən istifadə də bu vərdişlərin önündə gedən nümunələrdən biridir...

Son açıqlamalara görə, hazırda Azərbaycanda təxminən 4 milyona qədər tütün çəkən insan var. 1999-cu ilin statistikasına görə ölkəmizdə kişilərin arasında tütündən istifadə 30,2 faiz olmuşdursa 2006-cı ildə Azərbaycanda keçirilmiş demoqrafiya və sağlamlıq sorğusunun nəticələrinə görə 15-49 yaş arasında bu zərərli vərdişin aludələri 49 faizə qalxıb. Hətta bizim qadınların tütündən istifadəsi də istisna deyil. 1999-cu ilin məlumatına görə qadınların 1,1 faizi tütündən istifadə edirdisə, hazırda bu rəqəm 10 dəfə artıb. İldən-ilə də ölkəmizdə tütünün “qurbanları” azalmaq bilmir. Onu da deyək ki, Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.

Bu, artıq ölkəmizdə dövlət səviyyəsində narahatlıqlar yaratmağa başlayıb. Yaxın vaxtlarda artıq Azərbaycanda tütündən istifadə məhdudlaşdırılacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyir ki, bununla bağlı qanun layihəsinin parlamentin payız sessiyasında qəbul olunması gözlənilir. Artıq “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi hazırdır və parlamentin növbəti sessiyasının ilk iclasında müzakirəyə çıxarılacaq: “Qanun hazırlanarkən beynəlxalq təcrübə də kifayət qədər öyrənilib. Öyrənilən bu təcrübələr təkcə qanunun hazırlanması ilə bağlı deyil, həm də onun işlənməsi mexanizmi ilə bağlıdır. Layihənin hazırlanması ilə əlaqədar yaradılan İşçi Qrupu da öz işini artıq tamamlayıb və qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarmaq üçün təqdim edilib”.

M.İbrahimqızı deyir ki, qanun qüvvəyə mindikdən sonra Azərbaycanda ictimai yerlərdə, istər dövlət, istərsə də qeyri-dövlət tədbirlərində, xüsusilə də efir məkanlarında siqaretin, eləcə də digər tütün məhsullarının nümayişi və istifadəsi qadağan olunacaq. “Qanunda bununla bağlı müxtəlif cəza və cərimə növləri də nəzərdə tutulub ki, bu da qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra tam bəlli olacaq”. Ümumiyyətlə, millət vəkili bu məsələdə Türkiyə təcrübəsinə böyük üstünlük verir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bildirir ki, qeyd olunan qanun layihəsinin üzərində işlənərkən adında da dəyişikliklər edilib. “Müxtəlif dəyişikliklərdən sonra məhz “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin üzərində dayandıq. Çünki bu variant daha çox qarşıya qoyulan məqsədə çatmaq üçün şərait yaradır”.

“Bu, Qorbaçovun kampaniyasına bənzəməyəcək...”

İlk baxışda çox adam razılaşar ki, vərdişlər qadağalarla tərgidilmir. İstənilən sahədə insan övladını kortəbii olaraq nədənsə məhrum etmək onda o məhrumiyyətə qarşı ciddi psixoloji mübarizə istəyi formalaşdırır. Deməli, bu qanunun tətbiqi ölkəmizdə o qədər də asan olmayacaq.

Mövzu ilə yaxından tanış olan AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru, sosioloq Mətləb Mahmudov bir qədər fərqli düşünür. O hesab edir ki, tütün məmulatlarının satışına və istifadəsinə qarşı hər hansı bir sərt tədbirin keçirilməsi cəmiyyətdə bir o qədərdə böyük rezonans doğurmayacaq. Sosioloq qeyd edir ki, götürdükdə Azərbaycan əhalisinin çox cüzi bir qismi tütün məmulatlarından istifadə edir - haradasa əhalinin 7-8 faizi: “Nəzərə almaq lazımdır ki, siqaret aludələri özləri də dərk edirlər ki, onlar siqaretdən istifadə etməklə öz səhhətlərinə xələl yetirirlər. Odur ki, sərt cəzalara qarşı tütün məmulatlarının istifadəsi və satışı ilə məşğul olanların hər hansı bir formada etiraz aksiyaları keçirməsi və cəmiyyət tərəfindən hər hansı bir formada dəstək almaları ağlabatan deyil. Düzdür, onlar digər, daha qabarıq formada özünü büruzə verən sosial problemlər pərdəsi altında fəallıqlarını gücləndirə bilərlər. Məsələn, korrupsiya ilə mübarizə mövzusu bu mənada daha münasib bəhanə ola bilər” - deyə, Mahmudov vurğulayır.

Mətləb müəllim deyir ki, bir çoxları tütün məmulatlarından istifadə və satışı məsələsini bəzən sovet dövründə Mixail Qorbaçev tərəfindən aparılan antialkoqol kompaniyasının aqibəti ilə əlaqələndirərək, sonda bu kompaniyanın sovetlər birliyinin çökməsi faktına paralel tuturlar, lakin bu, yanlış bir mövqedir: “Ola bilsin, antialkoqol kampaniyası Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Pribaltika respublikalarında müəyyən rezonanslar yaradıb və sonda sovetlər birliyinin dağılması prosesinə təkan vurub. Amma bunun əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olan respublikalarda təsiri çox az olub. Tütünlə mübarizə də təxminən eyni situasiyadır. Tütün məmulatlarından istifadə və satışına qarşı aparılacaq hər hansı bir sərt tədbir, çox güman ki, dövlətin birinci şəxslərinin təşəbbüsü ilə aparılacaq. Aydın məsələdir ki, tütün məmulatından istifadə etməyən birincilər, hər bir halda bu aksiyanın tərəfdarı olacaqlar. Və yaddan çıxarmaq lazım deyil ki, tütün məmulatlarının satışından dövlət büdcəsinə kifayət qədər gəlir gətirilir. Lakin son dövrlər, dövlət başçısının dövlətimizin milli maraqlarına xidmət edən addımları hər kəsdə məmnunluq yaradır. Yəni, “bizə bu biznesdən gələn gəlir lazım deyil” mövqeyini görmək mümkündür. Həm də yaddan çıxarmayaq ki, əhalinin sağlamlığının yüksəldilməsi istiqamətində həyata keçirilən “milli idmanımızın inkişafı” konsepsiyası bu hədəfdən yan keçə bilməz. Odur ki, mənə elə gəlir ki, sərt tədbirlərdən sonra bəzi latent mübarizələri çıxmaq şərti ilə, yarana biləcək hər hansı bir böyük etiraz dalğasının olması mümkün deyil”.

“Bundan cəmiyyət qazanacaq”

Azərbaycanda tütün əleyhinə mübarizənin təşəbbüskarı olan millət vəkili Qənirə Paşayeva deyir ki, qanunun tətbiqi o demək deyil ki, Azərbaycanda, ümumiyyətlə, siqaretin çəkilməsi qadağan olacaq: “Söhbət iri iaşə obyektlərində - restoranlarda, kafelərdə, sosial obyektlərdə, nəqliyyat vasitələrində, müəssisələrdə və sair ictimai yerlərdə siqaretin və digər tütün məmulatlarının istifadəsinin qadağan olunmasından gedir. Bu sivil ölkələrin əksəriyyətində belə bir qanun artıq tətbiq olunmağa başlayıb və onların da əksəriyyəti artıq müsbət nəticələr əldə ediblər. Ona görə də “bu alınarmı, alınmazmı” - düşünənlər elə internet vasitəsilə Avropa ölkələrinin bununla bağlı qəbul etdikləri sənədlərlə tanış olub onun həmin ölkələr üçün verdiyi müsbət nəticələrlə tanış ola bilərlər. Bilirsiniz, məsələn, hansısa şəxs fərdi olaraq siqaret çəkməməklə öz ailəsini bu zərərli maddədən qorumuş olur. Amma sadaladığım ictimai yerlərdə ailəvi olaraq özündən asılı olmayaraq hansısa çəkən adamla bir mühitə düşdükdə bu zərərdən sığortalanmaq olmur. Mexaniki olaraq zərərçəkənin hüquqları da burada pozulur. Ona görə də burada əsas məsələ ondan ibarətdir ki, cəmiyyət nəsə qazanmış olur, yəni uşaqların, ailələrin, ümumiyyətlə Azərbaycan genefondunun gələcək sağlamlığına etibar çoxalır. Bir sözlə, bu qanunda insanların çoxluq təşkil etdiyi yerlərdə tütünün qadağan olunmasından söhbət gedir. Amma ayrı-ayrı, nəzərdə tutulmuş yerlərdə kim istəsə gedib çəkə bilər”.

Millət vəkili onu da deyir ki, bu mübarizənin cəmiyyətdə ikili münasibət yaratmaması üçün onu insanlara doğru şəkildə çatdırmaq lazımdır. Paşayeva bunun üçün maarifləndirici layihələri gücləndirməyi təklif edir. O, bunun üçün müvafiq xarici ölkələrin təcrübəsindən istifadəni vacib sayır.

Xanım deputat həmçinin bildirir ki, qanun hazırlanarkən ölkə ərazisində tütün vasitələrinin aşkar satışının məhdudlaşdırılması da nəzərdə tutulub. “İstənilən sivil ölkədə ictimai yerlərdə, o cümlədən də azyaşlı uşaqlara tütün vasitələrinin satılması düzgün sayılmır. Təbii ki, bizdə də “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun qəbul olunduqdan sonra artıq tütün vasitələrin aşkar satışı, xüsusilə də orta məktəbi bitirməmiş uşaqlara satışı qadağan olunacaq”. Q.Paşayeva deyir ki, qanunda bu qadağalara görə elə cəza tədbirləri seçilməlidir ki, insanlar özlərində ciddi məsuliyyət hiss etmiş olsun: “Buna baxmayaraq, qanun qəbul olunarkən mütləq vətəndaşları bu məsələdə maarifləndirmək lazımdır”.

“İlk dəfə efirdə yazıçı Anarın papiros çəkməyini görmüşəm”

Ölkədə tütünə qarşı mübarizənin gücləndiyini eşidən və 13 ildir ki, papiros çəkən 35 yaşlı Nadir Məhərrəmov özü də etiraf edir ki, tütündən istifadə ağ ciyər xərçənginə, ağır dəri xəstəliyinə və sair gətirib çıxarır. Sadəcə vərdiş olaraq çəkdiyini deyən Nadir tütünün tərgitmək üçün elə də “polad iradə” lazım olması ilə razılaşmır: “Məsələn, mən arada bir il çəkmədim. Çox sadə: bir gün evdən çıxarkən öz-özümə qərar verdim ki, papiros çəkməyəcəm və bu qərarla düz bir il çəkmədim. Lakın sonra yenə eyni sadə qərarla necə oldusa yenə çəkməyə başladım”. Həmsöhbətimiz deyir ki, tütünün fəsadları ilə bağlı Səhiyyə Nazirliyi siqaret qutusu üzərində xəbərdarlıq etsə də bu kifayət dərəcədə deyil. Onun sözlərinə görə, bizdə də xarici ölkələrdə olduğu kimi qutu üzərində “ölüm işarəsi” kimi emblemlər olsa daha çox tütün aludəsi olan cavanlar nisbətən bundan çəkinər.

Azərbaycanda hələ Sovet İttifaqı dövründən siqaretin tanınmış şəxslərin simvolu olduğunu deyən Nadir bunun Azərbaycan xalqı üçün kortəbii vərdiş olması qənaətindədir: “Uşaqlıqdan gözümüzü açıb Sovet dövründə həmin tanınmışların hətta televiziyada belə tütün çəkdiyini görürdük. Məsələn, mən ilk dəfə efirdə yazıçı Anarın papiros və yaxud da qəlyan çəkməsini görmüşəm. Məncə, bu düzgün hal deyil, çünki elə o vaxtdan əksər insanlar da dadına görə yox, görüntü üçün papirosa dadanıblar. Amma indi baxışlar tamam dəyişib, bunu insanlardan tərgitmək üçün daha əlverişli zaman var”. O, hesab edir ki, Azərbaycanda tütün əleyhinə belə bir qanun qəbul olunarsa və bu qanun kortəbii tətbiq olunarsa, heç nə dəyişməyəcək: “Vaxt var idi, Sovet dövrünün sonlarında da alkoqollu içkini rəsmi qadağan etdilər, əvəzində “samoqon” içkilərin sayı çoxaldı. Hətta içənlər əvvəlkindən də çox oldu. Ona görə indi də bunu kortəbii qadağan eləmək alınmayacaq. Mən fikirləşirəm ki, siqareti çəkilməyi qadağan eləməkdən çox onun çəkilməsinin təbliği qadağan olunmalıdır. Məsələn, Türkiyədə olduğu kimi, televiziyalarda siqaretin acı nəticələri konkret şəkildə reklam çarxları formasında tez-tez göstərilsə, yaxşı olar. Adamlar bilər hər gün nə çəkirlər. Hökumətimiz də bu işə başlayırsa, bu barədə sosial layihələrə daha çox üstünlük versə, yaxşı olar. Məsələn, papirosun tərgidilməsi üçün lazım olan preparatlar var ki, onlar kifayət qədər bahadır və bu pulsuz əhaliyə paylansa, o zaman nəticəsi olar”.

P.S. “Əgər son vaxtlar uzaq məsafəli yolların kənarında avtomobili sürətlə sürən sürücülər üçün “Ata yolunu gözləyirik” şüarlarına tez-tez rast gəliriksə, papiros üçün də belə bir şey fikirləşmək olar” - bunu da yazını hazırladığım ərəfədə uzun zamandır papiros çəkdiyinə görə nəfəs yollarından müalicə olunan bir dostum öz-özünə danışarkən dedi.

Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar