Qarpız kəsdim yeyən yox...” – “REPORTAJ - “FOTOLENT
20 avqust 2011 17:04 (UTC +04:00)

Qarpız kəsdim yeyən yox...” – “REPORTAJ - “FOTOLENT

Yayın “simvol”larından olan qarpızın vətəni Cənubi Afrika hesab olunur. Bu günə kimi də qarpız orda yabanı şəkildə yetişir. Hələ qədim Misirdə insanlar qarpızın bir “mədəniyyət” olduğunu bilib onu yüksək qiymətləndirirdilər. Maraqlıdır ki, qarpızı fironların sərdabələrinə qəbirdən sonrakı həyatda qida mənbəyi olsun deyə yerləşdirilirmiş. Qərbi Avropaya isə qarpız xristian yürüşləri zamanı gətirilib. Rusiyaya gəldikdə, bu məhsul orada yalnız 17-ci əsrdə peyda olub.

Qarpız mövsümi bostan bitkisi olaraq bizim süfrələrin əvəzedilməz giləmeyvəsi sayılır. Ramazan ayının əvvəlindən mütəxəssislər iftarda qarpızdan çox istifadə etməyi məsləhət görürlər. Mütəxəssislər bununla gün ərzində susuzluğun aradan qaldırmağın mümkün olduğunu deyirlər. Qarpız yayın sevimli və çox yeyilən qida məhsulu olaraq da tanınır. Xüsusilə bu yay qarpızın qiymətində müşahidə olunan enmə hər kəsin ondan gündəlik dadmaq, maksimum istifadə edə bilmək şanslarını artırıb. Maraqlıdır, qarpızın əhalinin qida rasionunda yeri necədir? Necə becərilməlidir? Bu gün bazarlarımızda satılan qarpızların orqanizm üçün tam təhlükəsiz olduğuna inanmaq olarmı? İnsan orqanizminə qarpızın təsiri nədir? Azərbaycan insanının məişət həyatında qarpız hansı yer tutur?

Bütün bu suallara cavab tapmaq üçün mükəmməl məkan sözsüz ki, bazarlardır. Burada həm satıcıları, həm də Bakı sakinlərini danışdırıb maraqlı hekayələri qələmə almaq istədik.

Qısa bir araşdırma üçün Bakının səs-küylü, böyük bazarlarından biri - Yaşıl bazara yollandıq. İçəriyə - qarpız-yemişin topdan satıldığı istiqamətə doğru yollandıq. El arasında “axşam bazarı” deyilən bir ifadə var. Bizim də gəlişimiz həmin zamana təsadüf etmişdi.

Bazarda alıcıların sayı çox olmasa da, sakinlərin fikirləriylə tanış olduq. Amma bu barədə bir az sonra. Əvvəlcə qarpız satanlarla apardığımız söhbətlərdən ...

Yaxınlaşdığımız ilk satıcı Ceyhun Ağdaşdan gəlib burada alver edir. Hər gün saat səhər 5-də iş başında olur: “Mən Ağdaşdanam. Ancaq torpağımız qarpız yetişdirilməsi üçün uyğun deyil. 5 ildir ki, tanıdığım adamlar var. Onlardan alıb, gətirib burda satıram”. Bəs görəsən, qarpız satmaqla dolanmaq mümkündürmü?

Ceyhun dolanışığından narazılıq etməsə də, satışın zəiflədiyini vurğuladı: “Daha çox səhər və axşam vaxt satış yaxşı olur. Gündə bir maşın satan vaxtlarımız olurdu. Amma indi satış zəifləyib. O da məhsulun bolluğundandır. Bu il qarpızdan çox becərilən bostan bitkisi olmadı”.

Ceyhunun qonşusu Sadiq şəhərdə qarpızın maya qiymətinin 2-3 qəpik olması ilə bağlı şayiələrin dolaşdığını dedi: “Bu, doğru deyil. Biz kilosunu 7 qəpikdən alıb, 10 qəpiyə satırıq. Bazarda uzağı bundan 2 qəpik artıq qiymətə qarpız satanlar var”.

Sadiq qarpızın gübrəli olub-olmaması ilə bağlı suala isə qarşılıqlı sualla cavab verdi: “Hansı qarpız gübrəsiz yetişir? İyul ayının əvvəlində qarpızın kilosunu 70 qəpiyə satırdıq. Amma 3 günün içində qiymət 20 qəpiyə düşdü. Bu gün Azərbaycanın hər tərəfindən qarpız yetişdirib gətirirlər. İyuldan sonra bu məhsuldan yüksək gəlir götürdüyümüzü deyə bilmərəm. Ancaq çarə nədir? İş yoxdur, alver edirik”.

Bəs görəsən illərdir qarpız satanların özləri heç ondan zəhərləniblərmi? Satıcılar qəti şəkildə iddia etdilər ki, son illər zəhərlənmə haqqında heç eşitməyiblər. Sadiq deyir: “El arasında qarpızı qatıqla yeməyin zəhərlənmə verdiyini deyirlər. Mən də bir dəfə bu səbəbdən zəhərləndim. Amma bu illər öncə olub. Heç xatırlmağa dəyməz”.

Satıcılar Zaminlə Ağa da illərdir Yaşıl bazarda qarpız satırlar. Onlar orucluq vaxtı satışın aşağı düşdüyünü dedilər: “Bir maşın qarpızı 2 günə zorla satıb bitiririk. Amma qarpızı 4 gündən çox saxlamaq olmaz”.

Satıcı Ağa illər öncə özü qarpız becərdiyini yada saldı: “Amma Bakı bazarlarında kəndçinin çəkdiyi zəhməti qarşılığını götürə bilmir. Qarpız zəhmət tələb edir. Alverçi olanda heç olmasa mayasını çıxarda bilirsən. Amma özün becərəndə mayasından belə ziyana düşürsən”.

Bir qədər irəlidə qarpız satan Zamin isə gübrəli qarpızların bazarda satılıb-satılmaması ilə bağlı özünə məxsus cavab verdi: “Mən qarpızıma zəmanət verirəm. Bütün günü yeyirəm. Zəhərlənmə olsaydı, özüm hamıdan əvvəl zəhərlənərdim”.

Ağadan qarpızın becərilməsi ilə bağlı ətraflı danışmasını istədik. O da alıcılardan imkan olduqca yavaş-yavaş danışmağa başladı: “İyulun əvvəlində “sellofan altı” deyilən qarpız becərilir. Bu əsasən Sabirabadda əkilir. Yəni nübar qarpıza tez yetişməsi üçün gübrələr verilir. 40 gün ərzində yetişdikdən sonra bazarlara çıxanda qiymət yüksək olur. Qarpız isti və işığı sevən giləmeyvədir. 15-17 dərəcə temperaturda qarpız toxumları yetişir. Quru küləklərin əsməsi torpağa təsir edir. Xüsusilə həddindən artıq yağışlı havalarda qarpızın yarpaqları kifayət qədər böyüyə bilmir. Bu da çox vacib amildir. Çünki qarpız yer bitkisidir”.

Mütəxəssislərin hesablamalarına və rəsmi statistikaya görə, son illər qarpızdan zəhərlənmələrin sayı azalıb. Bunu gübrələrin qiymətində müşahidə olunan artımla əlaqələndirənlər var. Digər tərəfdən, son illərdə becərilən “40 günlük” sort - geni dəyişdirilmiş qarpız toxumlarının tərkibində artıq, belə demək mümkünsə, gübrə olur. Mütəxəssislər bazarlarda satışa çıxarılan qarpızların çəyirdəklərinin məhz bu səbəbdən kiçik olduğunu qeyd edirlər. Çünki kəndli iri tumlu – “dədə-babadan” becərilən qarpızı indi yalnız özü yemək üçün əkir. Çünki ənənəvi sort qarpızlar minimum iki aya yetişir, həm də onu ərsəyə gətirmək çətindir. Baxmayaraq ki, o çox dadlı olur, amma təsərrüfatçıya satmaq üçün “40 günlük” sort daha sərfəlidir. Eyni zamanda onun çatlama, xarab olma ehtimalı da azdır. Bununla belə, bu gün bazarlarda satılan qarpızların əhəmiyyətli hissəsinin gübrələnmədən, öz-özünə boy atdığını deyənlər də var.

Bazardakı adamlar arasında qarpızın məişətdəki yeriylə bağlı qısa sorğu keçirdik.

Təqaüdçü Firdovsi Ələkbərov yay günlərində qarpızı sərinləşdirici giləmeyvə kimi masadan əskik etmədiyini dedi: “Mən illərdir qarpız yeyirəm. Xüsusilə bu qızmar yay günlərində su əvəzinə çox istifadə olunur”.

Müəllimə Fatma Gülərova şəkər xəstəsi olduğuna görə, qarpızdan gün ərzində çox az istifadə etdiyini bildirdi: “Həkimlər 1 dilimdən çox yeməyi məsləhət görmürlər. Mən də günorta və axşam yeməkləri arasında payıma düşən qədər yeyirəm”.

Tələbə Ülvi Səfərov isə qarpıza qida məhsulu kimi baxdığını deyir: “Yayda qarpız yeməklə həm sərinləyirik, həm də pendir və təndir çörəklə birgə tələbəlik həyatımızı yola veririk. Bu il xüsusilə gündə kilolarla qarpız yemək imkanımız oldu”.

Evdar qadın Gülarə Əliyeva isə qarpızdan təkcə giləmeyvə kimi deyil, həm də mürəbbə üçün istifadə etdiyini deyir: “Qarpızın çox şirin mürəbbəsi çıxır. Ona görə yayda içini yediyimiz qarpızların içərisində qalın qabıqlılarını seçib mürəbbə bişirirəm. Yəni qarpız həm qış, həm də yay süfrələrimizin əvəzedilməzidir”.

Bax belə. Sonda qarpızın insan orqanizminə necə təsir etdiyini öyrənmək üçün həkim Tofiq Hacıyevdən rəy aldıq: “Qarpızın konkret hansısa vitamin mənbəyi olduğunu deyə bilmərik. Amma bütün giləmeyvələrdə olduğu kimi C və B vitaminlərinin kompleksi müşahidə olunur. Qarpız təmizləyici, antioksidant xüsusiyyətə malikdir. İnsan orqanizmini “şlaklardan” xilas edir”.

Bəs, görəsən, qarpız kimlərə ziyan edə bilər? Həkim ilk növbədə şəkər xəstələrinin qarpızdan minimum miqdarda istifadə etdiklərini dedi: “Dietoloqlar xüsusi cədvəl müəyyənləşdirərkən məhsulları sorulma faizlərinə görə hesablayırlar. Qarpız şəkər xəstələrinə ziyandır. Çünki onun orqanizmə tez sorulmə xüsusiyyəti var ki, nəticədə qanda şəkərin səviyyəsi artır. Bəzi həkimlər 1 dilim yeməyi məsləhət görürlər, amma bu xəstənin qanındakı şəkərin miqdarından asılıdır”.

Onda qarpız hansı məhsullarla tərs mütənasibdir? T.Hacıyev deyir ki, təbabətdə belə bir şey yoxdur: “Düzdür, el arasında deyirlər ki, ətlə qarpız tutmaz. Amma təbabətdə belə bir şey yoxdur. Qarpızın tərkibində də nitratın çox olması insan orqanizminə ziyandır. Torpağından asılı olaraq kəndli qarpızın genetik baxımdan 5 kiloqrama qədər böyüyəcəyi halda, nitrat tərkibli gübrələr verməklə onun ölçüsünü, çəkisini artırırlar”.

Nailə Rövşənqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668

Oxşar yazılar