“Bilgəhə zibil atanın...” – REPORTAJ -
20 avqust 2011 12:43 (UTC +04:00)

“Bilgəhə zibil atanın...” – REPORTAJ -

Xalqımız yaradıcı xalq olduğunu çoxdan sübut edib. Xalqımızın yaradıcılıq məhsulları arasında isə divar yazılarının xüsusi yeri var. Hələ Qobustanda yaşayan ilk həmyerlilərimizdən bu yana, divar yazarlığı ilə məşğul olmaq insanımızın ən maraqlı şakəri olub. Elə indi də divar yazıları yazmaq bütün Bakı kənd və qəsəbələrində xüsusi önəm verilən sahələrdəndir: “Bura zibil atan atan ölsün”, “Bura zibil atanın anası...” Bunlar, divar yazıları kolleksiyamızın ən geniş yayılan formalarından biridir. Hazırda divar yazarlığı əsasən sadə, zəhmətkeş vətəndaşlarımız arasında geniş yayılıb. Bu insanlarımız çox uzağa getməyərək, eləcə, evlərinin önündə, darvazaya, hasara yazmaqla öz üzərlərində işləyirlər.

Qərara gəldik ki, bu tip divar yazılarının ən geniş yayıldığı insan məskənlərindən birində olaq.

Bilgəh. Bakı qəsəbələrinin ən gözəllərindən biridir. Xəzərlə qucaqlaşıb, ecazkar cazibədarlıq nümayiş etdirir. Xəzərin çirkli suyu Bilgəhdə elə təmizdir ki, deyərsən, bura Xəzər deyil, Qara dənizdir. Xəzərin Bilgəh sahili çox təmiz olsa da, Bilgəhin öz sahili bu baxımdan “sinifdə qalır”.

Araşdırdıq, öyrəndik ki, qəsəbə sakinləri arasında geniş yayılan divar yazarlığına həvəsin böyük olmasının əsl kəraməti də elə, bu natəmizlikdə gizlidir. Necə? İzah edək.

...Şəhərin mərkəzindən maşınla Bilgəhə gedirik. Yol boyu bir neçə qəsəbədən keçib, Bilgəhə çatmalıyıq. Şikayət ediblər ki, Bilgəhdə zibil xirtdəyə çıxır, gəlib yığışdıran yoxdur, belə getsə, qəsəbə bir azdan Bakının ümumi zibilxanasına çevriləcək. Dedik, gedək Bilgəhdəki zibillərin vəziyyəti ilə yerində tanış olaq.

...“Burda qonşuların hamısı bir-birini güdür. Kimin qapısının ağzında adam yoxdursa, o birisi əlindəki zibil torbasını həmən qapıya tullayıb aradan çıxır”. Bunu Bilgəhin Bağlar massivində yaşayan sakinlərdən ilki ilə söhbətimizdə eşidirik. Bura qəsəbənin ən bahalı yeri sayılır. Dənizin tam kənarında bahalı villaların yerləşdiyi ərazi, sözün həqiqi mənasında Qobustan qayalarından seçilmir. Hasarları yol boyu divar yazıları bəzəyib. “Bura zibil atma”, “Musor ne brosat”, “Bura zibil atanın...”, “Zibil atmayın”, “Ay eşşək, bura zibil atma” və s. Qəsəbə sakinləri yaradıcılıqlarının zirvəsindədir. Misalçün, qonşusunu hasarının küncünə zibil atmaqdan çəkindirmək istəyən yaradıcı və naəlac bir qəsəbə sakini görün nə yazıb?: “Bura zibil atanın var yoxu ermənidir”. Erməni olmaq bizdə ta qədimdən söyüş kimi səslənib onsuzda. İndi oğul lazımdı ki, bu “söyüş”ü üstünə götürüb, həmin hasarın küncünə zibil atsın. Hasarın ətrafı isə bütöv zibillikdir. Ya, erməni olmaq artıq bizdə matah şey olub, ya da əlacsızlıq Bilgəh camaatını bu qədər ağır “söyüş”ü götürməyə məcbur qoyub.

...“Bura qəsəbənin kənarıdır, ona görə zibil qabı və ya ümumi zibilxana yoxdur”, düşündük. Ancaq dərd burasıdır ki, qəsəbəyə gələrkən də, yol boyunca gözümüzə bir dənə də olsun zibil qabı dəymədi.

Qəsəbənin Bağlar massivində zibil əlindən tərpənmək olmur desək, çox da yanılmış olmarıq. Hasarların kənarları zibil qalaqları ilə dolub daşır. Hər 5 metrdən bir yandırılmış zibil qalıqları gözə çarpır. Hasarlar daş rəngini itirib, qara kömür halına gəlib. Yanmış divarlardakı xəbərdarlıq şüarları artıq görünməz olub. Maraqlı burasıdır ki, bayaq yada saldığımız dənizkənarı boyu uzanan bahalı villalarda yaşayanlar da qəsəbənin bu zibillik probleminə bir əncam çəkmək niyyətindən uzaqdırlar. Söhbətləşdiyimiz sakinlər də elə onlardan giley edir ki, yaydan-yaya gəlib, dincəlib gedirlər, ancaq qəsəbənin zibil içində üzdüyünü görmək istəmirlər.

Bağlar massivində orta hallı bir mağaza işlədən adının çəkilməsindən ehtiyat etdiyi üçün adını çəkməyən qəsəbə sakini isə deyir ki, o, zibil problemini yoluna qoymaq üçün unikal variant tapıb. Sakin həyətində dərin çala qazıb və bir neçə ildir evdən çıxan zibili, elə həyətin bir küncünə doldurur. Deyir, yəqin ki, bu il həyətdə yeni çala qazmalı olacaq. Çünki artıq 4 ildir zibillə doldurduğu çala dolmaq üzrədir.

“Bu boyda qəsəbədə 1-2 zibil maşını yoxdur ki, gəlib camaatın qapısından zibilləri yığsınlar. Vallah, biz də 1-2 manat verərik o maşınlara. 48 yaşım var, hələ bir dəfə görməmişəm ki, bir zibil maşını gəlib, camaatın qapısından zibili yığışdırsın. Yadımdadı, sovetin vaxtında maşınlarla gəlib, camaatdan zibili yığırdılar, camaat da gücü çatan qədər, 1-2 manat hörmət edirdi. Maşın cəhənnəm, heç olmasa bir zibil qabı da qoymurlar ki, zibili aparaq tullayaq ora. Çox gəzmə, onsuzda bu zonada bir dənə də olsun zibil qabı yoxdur. Kim hara gəldi, atır əlindəki zibil torbasını”. Bunu da elə, həyətində zibil çalası qazan qəsəbə sakini deyir. Onun sözlərinə görə, bağ sahibləri zibil torbalarını şəhərə qayıdan zaman yolda-rizdə bir yerə tullayırlar, yerli camaat isə öz başına çarə qılır: “Qəsəbənin o başında qaçqınlar qalan bir sanatoriya var. Onun həyətində geniş bir zibillik var. Qəsəbə sakinləri aparıb ora tökür zibilini. Ayda bir dəfə, ya 2-3 aydan bir də elə həmin camaat öz pulları hesabına maşın gətizdirib, zibilləri yığdırır”.

Bilgəhin varlılarının bir hissəsi isə xüsusi zibilyığan maşını “zakaz eləyiblər”. Zibilyığan maşının qəsəbəyə bir “səfəri” hər evə 10 manata başa gəlir. Bu “xidmətdən” isə yalnız imkanlılar yararlana bilir.


...Zibil qabı tapmaq ümidi ilə payi-piyadə yola çıxırıq qəsəbədə. Az gedirik, üz gedirik, dərə-təpə düz gedirik, ancaq qarşımıza bir zibil qabı çıxmır ki, çıxmır. Əvəzində isə kənarları zibillə dolu hasarlar, yanmış zibillərin qalıqları, qaralmış divarlar və yerli sakinlərin əl işləri – divar yazıları ilə rastlaşırıq: “İt oğlu, zibil atma”.

...Aha, günün altından çılpaq velosiped sürməkdən dərisini üç dəfə dəyişmiş Bilgəh cocuğu... Bu, velosipedi ilə bütün qəsəbəni gəzmiş olar. Əgər burda zibil qabı və ya ümumi zibilxana varsa, ondan başqası bilməz. Əsl bizə lazım olan adamdır.

“Qaqaş, burda zibil qabı axtarma. Tapa bilmiyiceysən. Elə şey olmur burda. Zibil atıceysən? O de, qabağdakı bağı görüsən? Bax, onun həyətinə apar tolla?”. Burda deyəsən, hamının beyni unikal formada işləyir. Uşağın dediyi bağın həyətinə baxıram. Gerçəkdən zibilxanadır. Yazıq bağ sahibi. Uşaq deyir ki, bu tərəflərdə adamların çoxu zibilini elə bu bağın həyətinə tökür, sonra da yandırırlar. Bağ sahibinin kimliyini soruşuram. Deyir, bağı təzə alıblar, əvvəl boş olub: “Yiyəsi gələnnən sora vericey buldozerin qabağına, təmizlətdiricey dəə”.

Beləcə, qara hasarların kənarlarındakı zibilliklər içindən boylanan divar yazılarını oxuya-oxuya qəsəbədən uzaqlaşırıq. Ki, öyrənək görək, qəsəbə bələdiyyəsi niyə bu məsələyə əncam çəkmir?

Bilgəh Bələdiyyəsinin keçmiş sədri, hazırda isə Sabunçu rayonunun deputatı olan Hacı Qalib Salahzadə isə deyir ki, onlar Bilgəhi hər gün təmizləyirlər: “Bizə kiminsə nəsə deməyinə ehtiyac yoxdu, biz, öz qəsəbəmizi həmişə təmiz saxlayırıq. Bilgəh Bakının ən təmiz qəsəbəsidir”.

Keçmiş sədr deyir ki, onların bələdiyyəsində zibil yığmaq üçün 4 texnika var: 1 Kamaz, 1 Zil, bir zibil yığan maşın və bir lapetli traktor. Qalib Salahzadə Bilgəhdə zibillə bağlı problem yaranmasında camaatı günahlandırır. Deputatın sözlərinə görə, camaat istəyir ki, hərənin qapısına bir zibil qabı qoyulsun. Bu isə mümkün deyil: “Biz zibil qabları da qoymuşduq. Bələdiyyə qəsəbədə 20 zibil qabı qoymuşdu. Bağlarda yaşayanlar bunların hamısını oğurladı. Gedib həyətlərdə zibil qablarımızı axtara da bilmirik. Bir küçədən oğurlayıb, aparıb başqa küçədəki bağa qoyurlar. Darvazaları da bağlayırlar, girib həyətlərdə axtara bilmirik”.

Q. Salahzadə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bu yaxınlarda qəsəbə üçün daha 20 yeni zibil qabı göndərdiyini də qeyd etdi: “Ancaq biz bilmirik ki, yeni zibil qablarını hara qoyaq, necə edək ki, camaat yenə oğurlamasın bunları”.

Keçmiş bələdiyyə sədri deyir ki, camaat istəyir bir maşın zibili töksün küçəyə, bələdiyyə də gəlsin onu təmizləsin. O, bu günə qədər bələdiyyənin heç bir sakindən zibil toplamaq üçün pul almadığını da bəyan etdi: “Bələdiyyəyə ildə 3 manat 60 qəpik pul ödəyirlər, amma deyirlər, elə biz hara gəldi bir maşın zibil tökək, bələdiyyə gəlib, yığsın”.

Onu da qeyd edək ki, biz Bilgəhin keçmiş Bələdiyyə sədri, Sabunçunun yeni deputatı Hacı Qalib Salahzadə ilə danışarkən, bələdiyyənin yeni sədri Fazil Rüstəmov da Hacının yanında onu və bizi dinləyirdi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2591

Oxşar yazılar