TQDK orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydalarını açıqladı
19 avqust 2011 17:21 (UTC +04:00)

TQDK orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydalarını açıqladı

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər test imtahanından əvvəl yaradıcılıq qabiliyyətlərinin yoxlanılması üçün seçmə turda iştirak etməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq 2-ci ildir ki, seçmə tur TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.


“Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turun keçirilmə qaydaları”, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat “Abituriyent” jurnalının 4-cü sayında dərc olunmuş, seçmə turun proqramları, qiymətləndirmə meyarları və digər köməkçi materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Bədən tərbiyəsi və idman” vəsaitlərdə dərc edilmiş, həmçinin TQDK-nın İnternet səhifəsində istiqamətlər üzrə audio və video materiallar yerləşdirilib.

2011/2012-ci tədris ili üçün respublikamızın 34 ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisəsinə 23 xüsusi qabiliyyət tələb edən ixtisas üzrə tələbə qəbulu aparılır. Bu ixtisaslar 5 istiqamətə daxildir:

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq və dizayn

4. Teatr, kino və xoreoqrafiya sənətləri

5. Bədən tərbiyəsi və idman

Keçən ildən fərqli olaraq seçmə turun keçirilmə qaydalarında bəzi dəyişikliklər edilib. Bu dəyişikliklər aşağıdakılardır:

- İlk dəfə olaraq seçmə turda iştirak etmək istəyən abituriyentlər (iyulun 5-dən iyulun 20-dək) TQDK-nın təşkil etdiyi Seçmə Tura Qeydiyyat Komissiyaları tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyata alınıb;

- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və Azərbaycan Dövət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin ixtisasları üçün fərdi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları təşkil edilib;

- Musiqi sənəti istiqaməti üzrə seçmə turda “Musiqi nəzəriyyəsi və solfecio”dan abituriyentlərin biliklərinin qiymətləndirilməsi üçün biletlərdən istifadə edilib;

- Təsviri sənət, memarlıq və dizayn istiqamətləri üzrə bütün abituriyentlər seçmə turda verilmiş tapşırığı yerinə yetirərək rəsm çəkmək (heykəltəraşlıq ixtisası üzrə heykəl yapma) qabiliyyətlərini nümayiş etdirmiş və onların yerinə yetirdiyi tapşırıqlar seçmə tura təqdim etdikləri işlərlə birgə qiymətləndirilib;

- “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə abituriyentlərin yerinə yetirəcəkləri normativlərə 3-cü hərəkət (qaçış) əlavə edilib.

Seçmə turu keçirmək üçün TQDK tərəfindən Yaradıcılıq Qabiliyyətini Yoxlama Komissyiavsı (YQYK) təşkil olunub, onlar 30 iyul 2011-ci il tarixindən 5 avqust 2011-ci il tarixinə qədər fəaliyyət göstərib, YQYK-lərin tərkibinə hər istiqamət üzrə müstəqil ekspertlər cəlb olunub. Seçmə turlar Bakı şəhərində “təsviri sənət”, “musiqi sənəti”, “memarıq və dizayn”, “teatr, kino və xoreoqrafiya sənətləri” və “bədən tərbiyəsi və idman” istiqamətləri üzrə, Naxçıvan şəhərində “musiqi sənəti” və “teatr, kino və xoreoqrafiya sənətləri” istiqamətləri üzrə, Gəncə şəhərində “təsviri sənət”, “musiqi sənəti”, “memarıq və dizayn”, “bədən tərbiyəsi və idman” istiqamətləri üzrə, Şəki şəhərində “təsviri sənət”, “musiqi sənəti” və “bədən tərbiyəsi və idman” istiqamətləri üzrə, Lənkəran şəhərində “təsviri sənət”, “musiqi sənəti”, və “bədən tərbiyəsi və idman” istiqamətləri üzrə, Quba şəhərində “bədən tərbiyəsi və idman” istiqaməti üzrə, Ağdam rayonu Quzanlı qəsəbəsində “təsviri sənət”, “musiqi sənəti” və “bədən tərbiyəsi və idman” istiqamətləri üzrə keçirilib.

Seçmə turun nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilib. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız seçmə turdan “məqbul” qiymət alan abituriyentlər seçə bilərlər. Qəbul qaydalarına əsasən, abituriyentlərə qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215

Oxşar yazılar