Pullu təhsil bazarı: kim qazanır, kim itirir? - ARAŞDIRMA
20 avqust 2009 16:00 (UTC +04:00)

Pullu təhsil bazarı: kim qazanır, kim itirir? - ARAŞDIRMA

Azərbaycanda ödənişli təhsil dövlət hesabına təhsili sıxışdırır

“Mən universitetə daxil olanda ödənişli və ödənişsiz təhsil yarı-yarıya idi. Qrupumuzda 28 tələbə var idi, 14-ü ödənişli, 14-ü isə ödənişsiz əsaslarla təhsil alırdı”.

Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Mikayıl Həsənovun söylədiyi çox da uzağın söhbəti deyil. Müsahibimiz özünün təhsil aldığı 1997-2001-ci illərdən danışır. Amma son illər dövlət ali məktəblərində ödənişli və ödənişsiz təhsil nisbəti birincinin xeyrinə dəyişib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hesabatına əsasən, ötən il dövlət ali məktəblərinə ödənişsiz əsaslarla qəbul planı 10856, ödənişli yerlərin sayı isə 13355 olub. Ümumilikdə ötən il dövlət ali məktəbləri üçün ayrılmış yerlərin 44,84 faizi ödənişsiz, 55,16 faizi ödənişli təhsil forması üçün nəzərdə tutulmuşdu.

Bu il isə bu ödənişli və ödənişsiz təhsil üçün ayrılmış plan yerləri arasındakı fərq bir qədər də artıb. Yenə də TQDK-nın məlumatına əsasən, 2009/2010-cu dərs ilində dövlət ali məktəblərinə qəbul olunmuş tələbələrin 16799-u ödənişli, 9790-ı isə ödənişsiz əsaslarla təhsil alacaq.

Bu il ödənişli ixtisaslara qəbul olunmuş tələbə-abituriyentlərin qarşısında daha bir şərt qoyulub. Birinci kursa qəbul olunmuş tələbələrə deyirlər ki, onlar təhsilhaqqının hamısını bəri başdan ödəməlidir. Əks halda, imtahan verib tələbə adını qazanmış abituriyentin nəticələri ləğv olunacaq.

Acı xatırlatma

Yeri gəlmişkən, ötən il ali məktəblərə qəbul imtahanları üzrə keçid balları açıqlandıqdan sonra Salyan rayonundan olan 17 yaşlı abituriyent Şəhla Arifcan qızı Hümbətova özünü asmışdı. Çünki onun topladığı 300 balla yalnız pullu fakültələrdə təhsil almaq olardı. Valideynləri isə buna maddi imkanlarının çatmayacağı barədə övladına xəbərdarlıq etmişdilər. Bu xəbərdarlıq pis nəticələnmişdi, Lent.az bu xəbəri "Salyanda test faciəsi" başlığı altında oxuculara təqdim etmişdi.

Statistik məlumatlardan da görünür ki, Azərbaycanda ödənişli təhsil dövlət hesabına təhsili sıxışdırır. Bu azmış kimi, özəl universitetlərlə yanaşı, dövlət ali məktəblərində də təhsilhaqqı ildən-ilə artırılır. Bütün ixtisaslar üzrə pullu təhsil verən özəl ali məktəblərdə isə qiymətlər hətta dövlətin nümunəvi təhsil müəssisələrindən də yüksəkdir. Məsələn, reytinq cədvəlində özəl ali məktəblər arasında orta yerləri tutan Qərb Universitetinin ingilis dili və tərcümə ixtisaslarında təhsilhaqqı 3855 manatdır. “Azərbaycan” Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbə isə ildə 3800 manat ödəməlidir.

Nazirin hədəsi

Maraqlıdır ki, bu il ödənişli ixtisaslarda təhsilhaqqını artıran universitetlər arasında dövlət ali məktəbləri də var. Məsələn, bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilhaqqı əvvəlki illə müqayisədə iki dəfə artırılıb. İndiyədək həmin ixtisasda oxuyanlar ildə 450 manat ödəyirdisə, indi bu məbləğ 900 manatdır.

Elə bu yerdə təhsil naziri Misir Mərdanovun bir neçə ay əvvəl jurnalistlərə açıqladığı bəyanatı xatırlatmağa dəyər. Hələ 2009/2010-cu dərs ilində dövlət ali məktəblərinə tələbə qəbulu planı təsdiqlənməmişdən qabaq Misir Mərdanov “Universitetlərin özbaşına qiymətləri qaldırmağa ixtiyarı yoxdur” söyləmişdi. Nazir həmçinin bütün ali məktəblərdə təhsilhaqqının İqtisadi İnkişaf Nazirliyinin Tarif Şurasının qərarı ilə tənzimləndiyini demişdi.

“Heç bir müəssisənin, onun rəhbərinin təhsil haqlarında bu və ya digər dərəcədə dəyişiklik etməyə, özbaşına qiymətləri qaldırmağa ixtiyarı yoxdur. Təhsilhaqqının qaldırılması, yaxud da ona hansısa dəyişikliklərin edilməsi Tarif Şurası tərəfindən həyata keçirilə bilər. Bizim də Tarif Şurasında nümayəndəmiz var. Kim öz qərarı ilə təhsilhaqqını atırırsa, səhv qərardır. Biz onu ləğv etməyə hazırıq” – deyə, Misir Mərdanov söyləmişdi.

Təhsil naziri belə halların qanunsuz olduğunu vurğulamaqla yanaşı, bu məsələnin mütləq araşdırılacağını bildirmişdi. Amma görünür, nazirlik bu məsələyə ya müdaxilə edə bilməyib, ya da sadəcə, gecikib.

Təhsilin ödənişli və ödənişsiz bölgüsünü kim və necə müəyyənləşdirir?

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bildirir ki, ödənişli və ödənişsiz təhsil üzrə plan yerlərini Nazirlər Kabineti ali məktəblərin təqdimatı əsasında təsdiq edir. İxtisaslar üzrə illik qiymətləri isə Tarif Şurası müəyyən edir.

O ki qaldı özəl ali məktəblərə, İlham Pirməmmədov deyir ki, bu universitetlər təhsilhaqqını müəyyənləşdirməkdə sərbəstdirlər. Onun sözlərinə görə, nə Tarif Şurası, nə də başqa rəsmi qurumlar özəl universitetlərin bu işinə qarışmır.

“Əvvəllər özəl ali məktəblərdə dərs deyən müəllimlər dövlət məktəblərində çalışanlardan daha çox maaş alırdılar. İndi isə əksinədir və müəllimlər özəl ali məktəblərdə işləməyi o qədər də arzulamırlar. Belə olan halda, özəl ali məktəbin təhsilhaqqını artırmaqdan başqa yolu qalmır. Təəssüf ki, nə Təhsil Nazirliyi, nə də Tarif Şurası bu məsələyə müdaxilə edə bilmir. Amma əgər valideynlər və tələbələr təhsilhaqqının yüksək olmasından narazıdırlarsa, özəl ali məktəbləri, yaxud da dövlətin pullu ixtisaslarını seçməsinlər” - deyə, nazirlik rəsmisi bildirib.

İlham Pirməmmədov onu da deyib ki, təhsilhaqqının artırılması zamanı əsas meyar təhsilin səviyyəsinin qaldırılmasına nail olmaqdır. Onun sözlərin görə, universitetlər bu yolla özlərinin maddi-texniki bazasını, tədrisin keyfiyyətini yüksəltmək istəyir. Bu isə bazar iqtisadiyyatının qanunlarına zidd sayılmır.

ABŞ-da təsilhaqqını necə ödəyirlər?

Xatırladaq ki, ödənişli təhsil və qiymətlər dünyanın bir çox ölkələrində də sürətlə artır. Məsələn, Amerikada son 30 ildə digər sahələrlə müqayisədə ali təhsil müəssisələrində təhsilhaqqı daha çox yüksəlib. Hazırda 80-dən çox ölkədən 1200-dək xarici tələbənin təhsil aldığı Kolorado Universitetində illik təhsilhaqqı 4200 dollardır. Ancaq Kolorado Universiteti xarici tələbələrə bəzi yardımlar təklif edir. Məsələn, universitet 4 il ərzində təhsilhaqqının dəyişməyəcəyinə təminat verir. Həmçinin burada hər il qeyri-adi bacarığa və qabiliyyətə malik 4 xarici tələbəyə təqaüd ayrılır. Yerli tələbələrə gəlincə, bu təhsil müəssisəsində Amerika vətəndaşı olan tələbələrə hər il federal və ya dövlət maliyyə yardımı nəzərdə tutulur.

Bundan başqa, ABŞ-dakı əksər kollec və universitetlərdə təhsilhaqqının hansı qayda ilə ödəniləcəyinə dair əvvəlcədən qrafik müəyyənləşdirilir. Tələbə təhsil müəssisəsinə daxil olarkən təhsilhaqqını necə ödəyəcəyi barədə universitet rəhbərliyinə məlumat verir və tərəflər arasında müqavilə imzalanır. Belə müqavilələr adətən, bank hesablarında ən azı iki aylıq xərclərini ödəyə biləcək qədər pulu olan tələbələrlə bağlanır. Təhsilhaqqından əlavə tələbənin yemək, kitablar və ictimai fəaliyyətlər daxil olmaqla bir çox başqa sahələr üçün də yetərli pulu olmalıdır.

Azərbaycanda isə vəziyyət və qaydalar başqa cürdür - nə tələbə ilə müqavilə bağlayan var, nə də onun 4 il ərzində pullu təhsil almaq imkanını yoxlayan. İndi dövlətin müəyyən etdiyi, Tarif Şurasının qərarı ilə təsdiqlənmiş tarifləri dəyşmək istəyən ali məktəblər bunun üçün rəsmi qurumlara müraciət etməyə belə lüzum görmür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti qəbul prosesini də başa vurdu. Tələbə adını qazanan abituriyentlərə daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmələri üçün verilən möhlət dünən bitdi. İndi hamı, adəti üzrə gərgin keçən və ölkə ictimaiyyətinin böyük bir hissəsinin davamlı olaraq izlədiyi bu prosesdən sonra sanki rahatlaşmış kimi görünür. Amma çoxlarının çöhrəsində yeni bir qayğı, nigarançılıq sezilməkdədir: indiki sosial durumda yüksək məbləğli təhsilhaqqını necə ödəməli?

Sonda bir məqamı da qeyd etməyi vacib sayırıq. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Odur ki, düşünməyə və daha ciddi yanaşmağa dəyər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522

Oxşar yazılar

© 2007 - 2024 Bütün müəllif hüquqları qorunur.