İmtahansız tələbə olmaq istəyənlərin qeydiyyatı başlayıb
02 iyun 2010 14:15 (UTC +04:00)

İmtahansız tələbə olmaq istəyənlərin qeydiyyatı başlayıb

Ali məktəblərə imtahansız qəbul olunacaq abituriyentlərin qeydiyyatı başlanıb. Bu hüquqa dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri malikdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a bildiriblər ki, həmin abituriyentlər dünəndən etibarən sənədlərini komissiyanın mərkəzi və regional bölmələrinə təqdim etməlidirlər. Ali məktəblərə müvafiq ixtisaslar üzrə müsabiqədənkənar qəbul olunmaq hüququna malik şəxslər idman sahəsində Olimpiya, Dünya və Avropa çempionatlarının (gənclər və yaşlılar arasında) qalibləri, təhsil sahəsində dünya fənn olimpiadalarının qalibləri, musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, həmin abituriyentlərə sənədlərini təqdim etməsi üçün konkret vaxt limiti qoyulmayıb. Belə ki, ali məktəblərə imtahansız qəbul olunmaq hüququ olan şəxslər qəbul kampaniyası ərzində qeydiyyatdan keçə bilər.

Elxan SALAHOV
# 318

Oxşar yazılar