Alman həkim xərçəngin yeni müalicə üsulu və qiymətləri açıqladı
30 noyabr 2012 15:46 (UTC +04:00)

Alman həkim xərçəngin yeni müalicə üsulu və qiymətləri açıqladı

Lent.az-ın məlumatına görə, almaniyalı həkim Robert Qorter və türkiyəli mütəxəssis Yadigar Genc və yeni üsulla bu xəstəlikdə müalicə alan soydaşımız Vaqif Qasımov birgə mətbuat konfransı keçiriblər.

Tətbiq etdiyi metodun səhiyyə sahəsində bir yenilik olduğunu deyən almaniyalı həkim R. Qorter qeyd edib ki, bunu ilk dəfə 27 yaşı olarkən öz üzərində tətbiq edib. Onun sözlərinə görə, həmin zaman xərçəng xəstəliyinə yoluxan gənc klassik kimya-terapiya üsulundan vaz keçərək yeni terapiyadan istifadə edib: “Bundan sonra yeni üsul vasitəsilə bu xəstəliyə yoluxan insanların sağalmasına başladıq. Artıq 10 ildən çoxdur ki, Almaniyanın Köln şəhərində yerləşən özəl klinikada bu xəstəlik müalicə edilir. Hər il bu xəstəlikdən müalicə olunmaq üçün dünyanın müxtəlif ölkələrindən nümayəndələr gəlir. Bu vaxta kimi Azərbaycandan yalnız bir nəfər - Vaqif Qasımov bu xəstəlikdən müalicə edilib”.

Daha sonra həkim xəstəliklə müalicənin 4 mərhələdən ibarət olduğunu deyib. Onun sözlərinə görə, ilkin olaraq heç bir kənar müdaxilə olmadan xəstənin temperaturu yüksəldilir: “Bundan sonra onun immuniteti artırılır. Xəstədən qan götürülərək müəyyən laboratoriyada onun hüceyrələri saxlanılır və yenidən hazırlanır. 8-12 həftədən sonra hazırlanan hüceyrələr yenidən insan orqanizminə qaytarılır. Bu zaman yeni hüceyrələr insan orqanizmindəki xərçəng hüceyrələrini yeməyə başlayır. Belə olduqda isə xəstəliyin qarşısını almaq olur”.

Xəstəliyin müalicəsi üçün tələb olunan qiymətə gəlincə, həkim qeyd edib ki, bu klassik kimya-terapiya üsulundan daha ucuz qiymətə başa gəlir: “Belə ki, sağlam hüceyrələri yenidən hazırlamaq asan məsələ deyil. Bu həm zaman, həm də kifayət qədər pul tələb edir. Bunun üçün də xəstəliyin bir dəfə müayinəsi 6-8 min Avro, yeni hazırlanan hüceyrələrin orqanizmə vurulması üçün istifadə edilən 1 peyvənd isə 4 min avroya başa gəlir. Bir xəstənin normal müayinə olunması üçün 6 dəfə peyvənd olunması lazımdır”.

Türkiyəli həkim Yadiga Genc isə son 10 il ərzində bu müalicədən 6600 xəstənin müayinə olunduğunu deyib. O bildirib ki, dünya təcrübəsində beyin xərçənginə tutulan hər 100 nəfərdən 95-i həyatını itirir: “Amma biz yeni müalicə üsulu ilə bu rəqəmi 100-dən 45-48-ə endirə bilmişik. Xəstələr son mərhələdə deyil, ilkin mərhələlərdə müraciət etdikdə onun müayinəsi də daha rahat şəkildə aparılır. Hazırda yeni müayinə üsulu aparan klinikanın Nyu-Dehli və Qahirədə filialları fəaliyyət göstərir. Gələcəkdə ehtiyac olarsa, Bakıda da yeni müayinənin aparılması üçün mərkəz yaradıla bilər”.

Yeni üsulla bu xəstəlikdə müalicə alan azərbaycanlı nümayəndə V.Qasımov isə qeyd edib ki, onda ağciyər və boğazında xərçəng xəstəliyi aşkarlanıb: “Haraya müraciət etdimsə, hər kəs sağalmağımın mümkün olmadığını dedi. Lakin sonradan tanışların sayəsində tapdığım bu klinika ilə tanış oldum. Burada artıq 2 ilə yaxındır müalicə alıram. Artıq bəzi hissələrdə şişlər tamamilə yox olub, bəzi hissələrdə isə şişlərin ölçüsü 2-3 sm-ə kimi azalıb. Hazırda özümü çox yaxşı hiss edirəm”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4275

Oxşar yazılar