Geologiya sahəsində ukraynalılarla əməkdaşlıq edəcəyik
01 noyabr 2012 14:55 (UTC +04:00)

Geologiya sahəsində ukraynalılarla əməkdaşlıq edəcəyik

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənəddə palçıq vulkanizmi, neft-qazlılıq, petrologiya, geodinamika, hidrogeologiya və digər sahələrdə birgə tədqiqatlar aparmaq, təcrübə mübadiləsi nəzərdə tutulur.

Müqavilə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə ilə Ukraynadakı qurumun rəhbəri akademik Yevgeniy Şnyukov tərəfindən imzalanıb. Müqavilədə 2013-cü ildə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı alimlər qarşı tərəfin elmi nailiyyətləri ilə tanış olacaq və şərikli elmi ekspedisiyalarda iştirak edəcəklər. Akif Əlizadə qeyd edir ki, bu sənəd 2011-ci ildə Rusiya Elmlər Akademiyası Geologiya İnstitutu ilə əldə olunmuş razılaşmadan sonra institutun MDB çərçivəsində imzaladığı ikinci müqavilədir.

Qeyd edək ki, Ukraynanın bu elmi-tədqiqat bölməsində Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev “Azərbaycanın palçıq vulkanları: paylanma qanunauyğunluqları, tektonika və zəlzələlərlə əlaqə” mövzusunda məruzə ilə çıxış edib. Məruzə böyük maraqla qarşılanıb. Adil Əliyev UMEA-nın Yer Elmləri Bölməsi, həmçinin Geofizika və Geologiya institutlarının rəhbərləri ilə də görüşüb. Görüşlərdə həmin qurumlarla AMEA Geologiya İnstitutu arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib, müəyyən istiqamətlərdə müştərək tədqiqatlar aparmaq barədə şifahi razılıqlar əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar