QHT Şurasından narazı qalan millət vəkili şikayət edəcək
16 avqust 2008 16:20 (UTC +04:00)

QHT Şurasından narazı qalan millət vəkili şikayət edəcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHT DDŞ) 191 təşkilatın layihəsini maliyyələşdirəcək. Qeyd edək ki, Şuraya 361 təşkilat müraciət etmişdi. Qalib gələn QHT-lərə dövlət büdcəsindən 1 milyon 200 min manat qrant veriləcək.
Müsabiqədən kənarda qalan 170 təşkilatın arasında bir çox tanınmış qurumlar da var. Məsələn, millət vəkili Məlahət Həsənovanın yaratdığı “Lider Qadınlar” İctimai Birliyi, Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyi (Nizami Bəhmənov rəhbərlik edir), millət vəkili Aynur Camalqızının təsis etdiyi Qadın Konsensus Mərkəzi və hüquqşünas Aydın Kərimovun sədri olduğu Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi...

Müsabiqədən kənarda qalan təşkilatların bir neçəsindən bu proseslə bağlı mövqelərini öyrəndik. Aydın Kərimov bildirdi ki, o, QHT DDŞ-in layihələrin qiymətləndirilməsi ilə əlaqədar yaratdığı ekspertlər qrupuna daxil olduğu üçün öz layihəsinin kənara qoyulmasını istəyib. O, prosesdən narazı deyil və bu işi dövlətin apardığı faydalı iş hesab edir.
Millət vəkili Aynur Camalqızı isə prosesdən çox narazı qalıb: “Ümumiyyətlə, Şuranın keçirdiyi bu müsabiqə ilk olduğu üçün heç istəməzdim bunun üzərinə kölgə salım. Mən öz yazdığım layihəyə həddən artıq güvənirdim. Düşünürdüm ki, bu layihə müsabiqədən sözsüz keçəcək. Təəssüf ki, gözlədiyimin tam əksi oldu. Sonda onu müşahidə etdim ki, ənənəvi qrant alan təşkilatlar bu dəfə də qabağa çıxıblar. Buna görə də mənim ürəyimdə şübhələr var. Şikayət etməyə hazırlaşıram. Bildiyimə görə Şurada apelyasiya şöbəsi yaradılıb. Şöbədən bu məsələyə aydınlıq gətirilməsini istəyəcəm”.

Aynur Camalqızı bildirir ki, Şura rəhbərliyi həmişə prosesin obyektiv və şəffaf keçdiyini desə də, bu, yalnız söz olaraq qalmamalıdır. Onun fikrincə, qalib gələn layihələr Şuranın internet saytında yerləşdirilməlidir ki, camaat bu layihələrin digərlərində doğrudan da üstün olub-olmadığını görsün: “Bir baxaq görək, keçən layihələr doğrudan da buna layiqdirlərmi, şəffaflıq gözlənilibmi? Hesab edirəm ki, belə olsa, bir çox suallara cavab tapılar. Şəxsən bu gün mənim içimdə şübhələr var. Düşünürəm ki, axı mənim layihəm niyə keçmədi? Layihəsi keçən insanları yaxşı tanıyıram. Onların potensialına təkcə mən yox, bütün cəmiyyətə bələddir. Elə əvvəldən də bilmək olurdu ki, kim ortaya hansı məhsulu çıxara bilər”.

Millət vəkili onu da bildirdi ki, ümumiyyətlə, indiyə kimi iştirak etdiyi bütün müsabiqələrdə havadarları olanlar, müsabiqə elan edən təşkilatların rəhbərliyi ilə yaxın münasibət quranlar qalib gəlib.

Şura sədri Azay Quliyev isə deyir ki, qurum çox gərgin iş aparıb, müraciətlər hərtərəfli, ədalətli araşdırılıb və şəffaf qərarlar verilib. QHT-lər arasında ayrı-seçkiliyə gəldikdə isə Quliyev bu iddiaların əsassız olduğunu bildirdi: “Elə əvvəlcədən söz-söhbətlər var idi ki, Şura hakimiyyətə yaxın təşkilatlara qrant verəcək, digərləri isə kənarda qalacaq. Amma qərarımızla tanış olmaq kifayətdir ki, bu söz-söhbətlərin doğru olmadığı bilinsin. Biz tərəfsiz olduq”.

A.Quliyev bəzi güzəştlərin olduğunu da etiraf edir. Onun sözlərinə görə, Azərbaycanda QHT-lərin dövlət tərəfindən maliyyələşməsi ilk təcrübə olduğu üçün müəyyən çatışmazlıqları, boşluqları nəzərə alıb, gərgin prosedur qaydaları yaratmayıblar. Sədr eyni zamanda onu da bildirir ki, onlar heç də ideal bir iş ortaya qoyduqları iddiasında da deyillər: “Şübhəsiz, bəzi çatışmazlıqların olması mümkündür. Belə boşluqları əsaslandırılmış şəkildə bizə bildirsələr, gələcəkdə qarşısını alacağıq”.

Maraqlıdır, bəs qrant alan təşkilat həmin vəsaiti mənimsəsə, ona qarşı hansı addımlar atılacaq? Şura sədrinin sözlərinə görə, bu zaman sanksiya tətbiq ediləcək. Sanksiya isə ondan ibarətdir ki, qaydaları pozan təşkilat Şuranın elan etdiyi müsabiqələrdə iştirakdan iki illiyinə məhrum olacaq. Azay Quliyev onu da dedi ki, bu sanksiyanı çox güman ki, digər donor təşkilatlar da nəzərə alacaq.

Yeri gəlmişkən, yardım alanlar arasında mətbuat nümayəndələri də var. Jurnalistlərin təsis etdiyi təxminən 4 təşkilat qalib gəlib.

Azay Quliyevlə söhbətimizdə o da məlum oldu ki, müsabiqəyə müraciət edənlər arasında məsələyə həddən artıq qeyr-ciddi yanaşanlar olub. Hətta layihəni kompüter variantında deyil, əlyazma şəklində təqdim edənlərə də rast gəlinib. Təbii ki, bu cür səliqəsiz işlər baxılmadan kənara qoyulub. Sədr bu hərəkətləri ən azı hörmətsizlik kimi qiymətləndirdi. Azay Quliyev təşkilatları daha məsuliyyətli olmağa çağırdı: “Elə düşünməsinlər ki, onlar adi bir rəqəmi yazıb poçta atmaqla kimsə onların işini dəstəkləyəcək. Əksinə, biz belə məsələlərə çox prinsipiallıq nümayiş etdirəcəyik. Qərara gəlmişik ki, təlimlər təşkil edib, QHT-ləri maarifləndirmək lazımdır”.

Sonda onu da bildirək ki, hələ heç nə itirilməyib. Şura 3 aydan sonra növbəti müsabiqəni elan edəcək və bu dəfə büdcənin artırılacağı da gözlənilir. Gələn ildən isə müsabiqələr ildə ən azı iki dəfə keçiriləcək.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar