İyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nı imzaladı. Ölkə mətbuatı bu sənədi çoxdan gözləsə də, ona hazırlığı, deyəsən, gözlənilən səviyyədə deyilmiş. Sənədin təsdiqlənməsindən 1 aya yaxın vaxt keçir, lakin mətbuat ictimaiyyətinin bu konsepsiyadan yararlanmaq üçün hansısa addım atdığı müşahidə edilmir. Konsepsiyadan yararlanmaq, onu işə salmaq, mətbuata faktiki dövlət dəstəyini təmin etməyin mexanizmi hələ ortaya qoyulmayıb. Mətbu camiədə, necə deyərlər, hamı bir-birinin üzünə baxır, nəyi necə etməyi fikirləşirlər.
Yeri gəlmişkən, bu il ölkədə analoji olaraq Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ilə bağlı da rəsmi qərarlar verildi. Artıq QHT-lər bu dəstəkdən real olaraq istifadə etməyə başlayıblar. Ölkənin 191 QHT-si 1 milyon 200 min manat yardım alıb. 3 ay sonra isə bu sahəyə daha böyük miqdarda maliyyə ayrılacağı gözlənilir. Belə görünür, QHT sektorunun təcrübəli kadr kontingenti bu işlərin yolunu mətbuatdan daha yaxşı bilir. Bunlar öz yerində, bəs mətbuat işçiləri maliyyəni hələ real şəkildə əldə edə bilmədiyi üçün kimi qınamalıdırlar?
YARDIM, YOXSA İSLAHAT?
Mətbuat ictimaiyyəti arasında uğurlu layihələrin müəllifi kimi tanınan “Yenil Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev hesab edir ki, əslində, sözügedən sənəd heç də yardım proqramı kimi başa düşülməməlidir. Adın uğurlu seçilmədiyini vurğulayan təşkilat rəhbəri bildirir ki, bu konsepsiya KİV və media sahəsində islahatlar proqramıdır. Həmsöhbətimin fikrincə, burada reklam bazarının necə qurulması, KİV-in ideoloji təsirlərdən uzaq tutulması, sosial reklamın bərabər şəkildə bölünməsi, ehtiyacı olan KİV-ə hansı metodiki yardım göstərilməsi, yayım bazarının yenidən necə qurulması və s. nəzərdə tutulub. Arif Əliyev bildirir ki, kredit və qrant məsələsi bu sənəddə çox kiçik bir hissədir və bunu hətta mərkəzi ideya da hesab etmək olmaz.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu məqamı vurğulayır ki, sənəddə söhbət yalnız qrantlardan, kreditərdən getmir. Amma Şura sədri hesab edir ki, bu konsepsiya Azərbaycan mətbuatında önəmli rol oynaya biləcək bir sənəddir: “KİV-in iqtisadi bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial problemlərini müəyyən mənada həll etmək və sair işlərin nəzərdə tutulduğu bir sənəddən söhbət gedir. Yardımlar büdcədən olan köçürmələrlə həyata keçiriləcək. Bundan başqa, rəsmi qurumların rəsmi sənədləri çap edilən zaman da redaksiyalara maliyyə ayrılacaq. Özü də bu dediklərim müsabiqəsiz ediləcək. Yalnız əsaslandırılmış şəkildə müraciət etmək lazımdır”.
MEXANİZMİ KİM TAPSIN?
Həmsöhbətlərimin hər ikisi sənəddə qrant və kreditlərin ayrılmasını əsas hissə kimi qiymətləndirməsələr də, bu ideya sənəddə nəzərdə tutulur. Üstəlik, belə yardım növünə ehtiyac duyan xeyli mətbuat orqanı da sadalamaq olar. A.Əliyevin sözlərinə görə, bu maliyyənin alınması mexanizmini mətbuat yox, Nazirlər Kabineti hazırlamalıdır: “Fərmanda göstəriş verilib ki, Nazirlər Kabineti müvafiq sənədlər, mexanizmlər hazırlasın. Bu mexanizmi hazırlamaq KİV-in səlahiyyətlərinə aid deyil”.
Şura sədri Ə.Amaşov isə deyir ki, qrantların necə verilməsi məsələsi hələ bir qədər açıq qalır. Belə ki, onların mətbuat orqanına, joxsa konkret jurnalistlərə veriləcəyi də məlum deyil.
QHT-lərlə BAĞLI TƏCRÜBƏNİN FAYDASI
“Yeni Nəsil”-in sədri də QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması təcrübəsinə toxunur. O, bildirir ki, həmin qaydada, bir əsasnamə hazırlanmalıdır. A.Əliyev deyir ki, bu sənədlərin hazırlanmasında KİV nümayəndələri yalnız təkliflər verməklə, müzakirələrə qoşulmaqla iştirak edə bilərlər, amma istənilən halda əsasnaməni hazırlayıb Prezident Aparatına təqdim etmək Nazirlər Kabinetinin şəxsində dövlətin işidir.
Amaşovla söhbətimizdən isə məlum olur ki, mətbuat sahəsində də QHT-lərdə olduğu kimi, Dəstək Fondu yaradılması gözlənilir. Bütün müraciətlər də bu Dəstək Fonduna ediləcək. Fondun məqsədi konsepsiyadan irəli gələn məsələləri icra etməkdir. Maraqlıdır, bu fond necə yaradılacaq? QHT-lər üçün yaradılan icra strukturu ilə bağlı seçkilər keçirilmişdi. Bəs mətbuat nümayəndələri nə edəcəklər? Ə.Amaşov deyir ki, bu məsələ də hələ açıq qalır. Avropa ölkələrinin bir çoxunda dövlət mətbuata vasitəçisiz yardım edir. Amma fondların fəaliyyət göstərdiyi ölkələr də var. Ə.Amaşov deyir ki, bu sahədə dünya təcrübəsini öyrənməyə davam edirlər. Amma planlar var ki, işçi qrupu yaradılsın. Bu qrupda əsasən mətbuat nümayəndələri olacaq və rəsmi orqanlardan da mütəxəssislər dəvət ediləcək. Toplanmış təcrübə əsasında fondun sənədləri hazırlanaraq, Prezident Aparatına təqdim ediləcək. Yeri gəlmişkən, sentyabrın sonundan artıq fondun sənədlərinin hazırlanmasına başlanacaq.
İŞİ NECƏ SÜRƏTLƏNDİRMƏK OLAR?
Prosesin ləng getməsində dövlətin və ya mətbuat nümayəndələrinin nə qədər rolunun olduğunu demək çətindir. Bu halda, hazırda dövlətlə mətbuat arasında vasitəçi funksiyasını yerinə yetirən Mətbuat Şurasını qınamaq olarmı? Arif Əliyev deyir ki, bu məsələdə bir çox təşkilatları, o cümlədən, Mətbuat Şurasını da qınamaq olar: “Mənim təcrübəmə görə, Azərbaycan yeganə ölkədir ki, burada Mətbuat Şurası kömək kimi bu tip işlərlə məşğul olur. Bu iş Şuranın səlahiyyətlərindən kənardır. Amma burada göstərə bilərik ki, jurnalist təşkilatları bütövlükdə işə nəzarət etmirlər, bu prosesləri sürətləndirmək üçün dövlət orqanlarına təsir göstərmirlər. Başqa tərəfdən, normal məmur, dövlət quruculuğu məntiqi də onu deyir ki, əgər Prezident sərəncam imzalayırsa və orada müəyyən göstərişlər verilirsə, bu göstərişlər nəzərdə tutulan müddətdə yerinə yetirilməlidir. Hələ ki, müddət keçməyib. Amma istənilən halda, KİV prosesin sürətləndirilməsinə təsir göstərə bilər”.
Mətbuat Şurası isə səlahiyyətli olub-olmadığı haqda fikirləşməyi qoyub bir kənara, qızğın iş aparır. Sədr Amaşov deyir ki, onlar hazırda mətbuata dövlət dəstəyinin dünya ölkələrindəki formalarını öyrənirlər: “Bu işi artıq yekunlaşdırırıq. Bu ayın 25-də biz təcrübə toplamaq üçün Türkiyəyə gedəcəyik. Sənəddə ən vacib məqamlardan biri reklam bazarının genişləndirilməsidir. Bu sahədə Türkiyə təcrübəsi çox faydalı ola bilər. Orada sosial reklam və elanlar başqa müstəqil bir qurum tərəfindən balanslı şəkildə, siyasi yönündən asılı olmayaraq, KİV-lər arasında paylayır. Təsəvvür edin ki, bu reklamlar Türkiyədə, ümumiyyətlə KİV-ə verilən reklamın 25 faizini təşkil edir. Avqustun 25-də mən, Mehman Əliyev və Vüqar Səfərli Türkiyədə bu təcrübəni öyrənməyə başlayacağıq. Yəqin ki, hazırlanacaq son sənəddə bu məsələ də gündəmə gələcək”.
HAMI HAZIR. BƏS ÖZÜMÜZ?
Bəs KİV-in özü bu prosesdən yararlanmaq üçün hazırdırmı? Bizim mətbuat nümayəndələrinin imkanları müxtəlif layihələrlə çıxış etmək üçün nə qədər yetərlidir? A.Əliyev deyir ki, əsasnamə qəbul olunduqdan sonra bu imkandan yararlanmaq istəyən KİV nümayəndələri üçün treninqlər keçirmək olar: “Heç də hər bir təşkilat qrant, biznes layihələri yazmaq üçün öz mütəxəssisinə malik deyil. Bu halda, kiçik qonorar müqabilində kənardan mütəxəssis dəvət edə bilərlər. Jurnalist təşkilatlarından başqa, digər kommersiya xarakterli təşkilatlar da bu sahədə treninq keçirmək fikrinə düşə bilərlər. Amma məncə, belə treninqləri məhz jurnalist təşkilatları keçirsələr, daha yaxşı olar”.
“Yeni Nəsil”-in belə treninqlər keçirməsi istisna deyil. Amma təşkilat rəhbəri deyir ki, hələ ki, əsasnamə qəbul olunmadığından konkret planlar qurmaq olmaz. Deyəsən, heç buna ehtiyac da qalmayacaq. Belə ki, Ə.Amaşovla söhbətimizdən məlum oldu ki, bu cür treninqlərin keçirilməsini də yaradılacaq Fond öz üzərinə götürəcək.
Prosesin necə getməsi ilə əlaqədar heç bir təşkilat monitorinq aparmır. A.Əliyev deyir ki, indiki məqamda istənilən müraciətə “hələ iş gedir” kimi cavabların alınması mümkündür. Təşkilat rəhbəri deyir ki, indiki məqamda prosesin konfedensiallığını qorumaq üçün müraciət ediləcək ünvanın heç nə deməmək hüququ da var.
Biz mətbuat nümayəndələrini yəqin ki, heç kim tələskənlikdə qınamaz. Belə ki, hazırkı şəraitdə mətbuatın sosial vəziyyəti heç də ürək açan deyil. Bunu söhbət əsasında Ə.Amaşov da etiraf etdi: “İndiki şəraitdə mətbuatın vəziyyəti iqtisadi baxımdan ağırdır. Jurnalistlərin xeyli sosial problemləri var. Azərbaycanda müstəqil mətbuat nümayəndələri azalıb. Mətbuat xeyli siyasiləşib, müəyyən qüvvələrə xidmət göstərir. İndi məqsəd odur ki, Azərbaycanda müstəqil mətbuatın çevrəsini genişləndirib, bazasını möhkəmləndirək”.
Səbinə Əvəzqızı
KİV, dövlətin ona ayirdiği dəstəyi niyə ala bilmir?
1914