Ağır işgəncə ilə qətl, yoxsa infarktdan ölüm?
04 sentyabr 2008 18:17 (UTC +04:00)

Ağır işgəncə ilə qətl, yoxsa infarktdan ölüm?

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciət avqustun 30-da Goranboy rayonunda sahə polis məntəqəsində dünyasını dəyişən Səfikürd kənd sakini, 39 yaşlı Məhəmməd Rəhimovun işi ilə bağlıdır. Mərhumun qohumları E.Behbudova müraciət ediblər.

Hüquq müdafiəçisi deyir ki, ona verilən məlumata görə, M.Rəhimov avqustun 30-da toydan sərxoş vəziyyətində evə gəlib: “Evdə həyat yoldaşı ilə münaqişələri olub. Qadın ərinin müdirinə zəng edib deyib ki, polisə müraciət etsin. Sahə müvəkkili Cinayət Axtarışı şöbəsinin bir neçə əməkdaşı ilə birlikdə gəlib, onu evindən aparıblar. Bir neçə saat sonra Məhəmməd Rəhimovun meyiti sahə müvəkkilinin məntəqəsinin 20-30 metrliyində ağacın altından aparılıb. Mərhumun bacısı və qardaşı israr edirlər ki, meyitin bədənində işgəncə əlamətləri olub. İndi mənim əməkdaşlarım bu hadisəni araşdırır”.

Hadisəni araşdırmaq məqsədi ilə əvvəlcə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən faktla bağlı məlumatları olmadığını bildirdilər, eyni zamanda, ölüm hallarının prokurorluq tərəfindən araşdırıldığını qeyd etdilər.

Goranboy rayonun prokuroru Namizəd Əsədovla əlaqə saxladıq. Prokuror şikayətlərin əsassız olduğunu bildirdi: “Məhəmməd Rəhimov sərxoş olub və evdə həyat yoldaşını döyüb. Polisə şikayət daxil olub. Polis əməkdaşları Rəhimovu həyat yoldaşı ilə birlikdə şöbəyə aparıblar. Yolda Rəhimovun vəziyyəti pisləşib. Həm istinin, həm spirtli içkinin, həm də baş vermiş münaqişədən yaranan əsəbin təsirindən Məhəmməd Rəhimov infarkt keçirib. O, ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyünü məhkəmə-tibbi ekspert də təsdiqləyib. Axı polis nədən vətəndaşı vurub öldürməlidir ki? Sadəcə, həyat yoldaşı ilə savaşıb, hər hansı bir ağır cinayət hadisəsi də törətməyib”.

Mərhumun qohumlarının şikayətlərinə gəldikdə isə prokuror bildirdi ki, onlar bəlkə də hansısa qanunsuz istəklərinə nail olmaq istəyirlər və buna görə də hər söz danışa bilərlər.

Elçin Behbudov isə hesab edir ki, işdə xeyli müəmmalar var. Belə ki, Rəhimovun həyat yoldaşı nədən polisə özü yox, ərinin müdiri vasitəsilə müraciət edib? Gənc, sağlam adam birdən-birə necə infarkt keçirib? Bu sualların cavabını tapmaq üçün Komitə əməkdaşları araşdırma aparır.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2123
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar