Qazaxıstanda nə baş verir? - GÜNÜN ŞƏRHİ
05 yanvar 2022 18:43 (UTC +04:00)

Qazaxıstanda nə baş verir? - GÜNÜN ŞƏRHİ

Qazaxıstanda baş verən son olaylar təkcə region ölkələrinin yox, dünyanın diqqətini bu respublikaya yönəldib. Qazın qiyməti ilə bağlı başlayan etirazlardan sonra digər tələblər də irəli sürüldü və onların hər biri demək olar ki, hökumət tərəfindən yerinə yetirildi. Dünən isə prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərdi. O, yəni vəziyyətin normallaşdırılması istiqamətində atılacaq bəzi addımlar da etirazçılara açıqlandı. Amma etirazlar səngimir.

Bu gün Qazaxıstan ərazisində internet kəsilib. Ölkədə mobil internetin fəaliyyətində də ciddi kəsintilərin olduğu müşahidə edilib. Ölkənin ən böyük şəhəri olan Almatıda dövlət binaları ələ keçirilib. Aksiyalar ölkənin bir neçə vilayət mərkəzinə yayılıb. Maye qazın qiymət artımı ilə başlanan etiraz siyasi mərhələyə keçib, ölkə xaosun astanasındadır. Artıq qonşu dövlətlər də Qazaxıstanda baş verənlərə münasibət bildirməkdədir. Maraqlıdır ki, ilk reaksiya Rusiyadan gəlib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edir. “Qardaş qonşu ölkədə baş verənləri diqqətlə izləyirik. Biz bütün problemlərin küçə iğtişaşları və qanunların pozulması ilə deyil, konstitusiya-hüquqi və dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Rusiyanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, qardaşlıq, insani təmaslarla bağlı olduğu ölkədə vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edirik”, - Rusiya XİN-in məlumatında vurğulanıb.

Qeyd olunub ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkədə vəziyyətin sabitləşməsi üçün atdığı addımları daxili problemlərin dinc yolla həllinə yönəlib. Maraqlısı odur ki, Rusiya neytral mövqe tutub. Politoloqların fikrincə, hərçənd, Rusiyanın bölgədə əsas müttəfiqinə ruslardan xəbərsiz kənar müdaxilə olsaydı, Moskvanın reaksiyası daha sərt olacaqdı. Amma heç kimə sirr deyil ki, bu və ya digər xarici faktorlara rəğmən, baş verənlərdə əsas faktor Qazaxıstan xalqıdır. Xalq səbirli olmalı, öz dövlətlərinə sahib çıxıb xaosa getməməlidir. Çünki hadisələr hətta ərazi itkisinə qədər mənfi ssenari üzrə inkişaf edə bilər. Qazaxıstan xaosa sürüklənsə, ölkənin iqtisadiyyatı da çökəcək. Ölkədə siyasi böhran yaranacaq. Sivil  Qazaxıstan dövləti elə bir uçuruma yuvarlanacaq ki, oradan qurtulmaq on illər aparacaq. Bu region çox həssasdır, bir çox xarici qüvvələrin kirli maraqlarının olması heç kimə sirr deyil. Qərb, Şimal, Şərq, bir sözlə bu və ya digər güclər Qazaxıstanda öz siyasi maraqlarını təmin etmək üçün ən çirkin oyunlara belə hazırdırlar. Belə oyunların qarşısını almaq üçün isə yalnız və yalnız müdriklikdən istifadə olunmalıdır. Qazax xalıq isə müdrik xalqdır.

# 7752
avatar

Oxşar yazılar