Azərbaycan Respublikası Milli Məclisi payız sessiyasının ilk iclasında 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Lent.az bəyanatın tam mətnini təqdim edir:
“2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan Silahlı Qüvvələrinin parlaq Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla və dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etməklə Azərbaycan Respublikası bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, dövlətlərə münasibətdə ikili standartların hökm sürdüyü bir şəraitdə də uzaqgörən və müdrik dövlətçilik strategiyası, öz lideri ətrafında sıx birləşən xalqın qanuni maraqlarını müdafiə etmək naminə fədakarlığı ədaləti bərpa etməyə və tarixin gedişini dəyişdirməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin əldə olunmasında həlledici rol oynamışdır. Onun irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji baxışı, cəsarəti, qətiyyəti və əzmkarlığı, sərkərdəlik məharəti döyüş meydanında uğurların təməlində dayanmışdır. Vətən müharibəsi Azərbaycan əsgərlərinin və zabitlərinin kütləvi qəhrəmanlığına və fədakarlığına səhnə olmuşdur. Hərbi qulluqçular ən yüksək peşəkarlıq, mərdlik və Vətənə sədaqət nümayiş etdirmiş, öz borclarını şərəflə yerinə yetirərək doğma torpaqlarımızı işğaldan azad etmişlər. Onların bir çoxu “Vətən Müharibəsi Qəhrəmanı” adına və yüksək dövlət mükafatlarına layiq görülmüşdür.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.
Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.
Bu qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi tarixə həkk olunmuşdur.
İşğalçılara qarşı döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların, Ermənistanın dövlət terrorizmi aktları nəticəsində şəhər və kəndlərdə qətlə yetirilmiş dinc insanların xatirəsinə ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də ölkəmizdə “Anım Günü” beşinci dəfə qeyd edilmişdir. Vətən yolunda canından keçmiş şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.
Bu gün Azərbaycan hökuməti azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpasına dair geniş miqyaslı proqramlar həyata keçirir. Ərazilər minalardan təmizlənir, işğal dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlər yenidən yaradılır, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik və su xətləri çəkilir. Bölgədə üç beynəlxalq hava limanı tikilib istifadəyə verilmişdir. “Yaşıl” energetikanın, innovativ infrastrukturun genişləndirilməsinə və ərazilərin dayanıqlı inkişafına xüsusi diqqət yetirilir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox soydaşımız doğma torpaqlarında yenidən dinc həyata başlamışdır.
44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlər qurulmasına hazır olduğunu bəyan etmiş, sülhün bərqərar edilməsi üçün beynəlxalq hüquqa əsaslanan 5 təməl prinsip irəli sürmüşdür. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən təqdim edilmişdir.
Bu il avqustun 8-də Vaşinqtonda, Ağ evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması iki ölkə arasında münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaradır. Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilmək potensialına malikdir.
Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərt təsbit edilmişdir. İlk nəticə kimi, Azərbaycan və Ermənistanın müraciətinə əsasən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturları ATƏT-in Nazirlər Şurasının qərarı ilə ləğv edilmişdir. Digər şərt olan Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq dəyişikliklər edildikdən sonra isə iki ölkə arasında sülh sazişinin imzalanması yolunda heç bir maneə qalmayacaqdır.
Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, şəhidlərimizin qanı və canı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin nailiyyətləri Azərbaycan xalqının bugünkü və gələcək nəsilləri üçün daim güc və ilham mənbəyi olacaq, xalqımız öz liderinin ətrafında sıx birləşərək bölgədə güvənlik və inkişafın dayağı olan güclü, ləyaqətli və ədalətli dövlətini möhkəmləndirmək yolunda yeni-yeni uğurlar qazanacaqdır”.