Talassemiya xəstəsini  yararlı yazıb əsgərliyə göndərən  həkimlər CƏZALANDIRILDI
15 noyabr 2025 19:32 (UTC +04:00)

Talassemiya xəstəsini yararlı yazıb əsgərliyə göndərən həkimlər CƏZALANDIRILDI

0

Ağdaşda talassemiya xəstəliyinin əlamətləri və ödündə poliplər olan çağırışçıya yararlı yazan həkimlərə cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü rayon sakini Tural Quliyev (ad və soyad şərtidir) 2021-ci ildə qarnındakı ağrılar səbəbilə Ağdaş rayon Mərkəzi Xəstəxanasında müayinə olunub. Sonra o, Bakıdakı Talassemiya Mərkəzində də müayinə olunub və onda talassemiya əlamətləri aşkarlanıb. Həmçinin Ağdaş və Mingəçevir xəstəxanalarında aparılan ultrasəs müayinələri zamanı da onun ödündə poliplərin olduğu üzə çıxıb.

Lakin valideynləri poliplərin cərrahi əməliyyatsız da müalicə ilə keçib gedəcəyini düşünüblər. 2024-cü ilin iyun ayında isə ona hərbi xidmətlə bağlı çağırış gəlib və o, tibbi müayinələrdən keçməli olub. Müayinələri hərbi-həkim komissiyasının rəisi, 70 yaşlı Məzahir İbadov (ad və soyad şərtidir) və Ağdaş rayon Mərkəzi Xəstəxanasında şüa diaqnostika şöbəsinin həkimi 64 yaşlı Səlimə Cabbarova (ad və soyad şərtidir) aparıblar. Tural Quliyev digər çağırışçılar kimi qan və sidikdən analiz verib. Bədənləri çılpaq halda yoxlanarkən Turalın atası içəri daxil olaraq, Məzahir İbadova oğlunun ödündə poliplər olması və buna görə uzun müddətdir müalicə alması barədə məlumat verib. Lakin zərərçəkənin sözlərinə görə, həkim atanın təqdim etdiyi sənədlərə baxmayaraq, özlərinin ultrasəs müayinə etdiklərini deyib. Nəticədə Tural Quliyev yararlı hesab olunaraq, hərbi xidmətə yollanıb.

Dövlət Sərhəd Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində xidmət edən Turalın qarnında yenidən kəskin ağrılar başlayıb və ağır soyuqdəymə səbəbilə DSX-nın hospitalına yerləşdirilib. Burada onun hərbi-həkim komissiyasının ciddiyə almadığı əsl problemi üzə çıxıb. O, “Öd kisəsinin polipozu. Beta heteroziqot talassemiya. Zəif qidalanma” diaqnozu ilə ordudan tərxis edilib.

Faktla bağlı hərbi-həkim komissiyasının rəisi olan 70 yaşlı Məzahir İbadov və şüa diaqnostika şöbəsinin həkimi 64 yaşlı Səlimə Cabbarova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi açılıb.

Ağdaş rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində 2 min manat miqdarında cərimə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar