İƏT-dən Qərbi azərbaycanlılara dəstək-Ermənistana çağırış edildi
22 iyun 2025 19:09 (UTC +04:00)

İƏT-dən Qərbi azərbaycanlılara dəstək-Ermənistana çağırış edildi

Xaric İşlər Nazirliyi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasının yekun qərarlarına, eləcə də ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qəbul olunmuş qətnaməyə dair məlumat yayıb.

XİN-dən Lent.az-a verilən xəbərə görə, 21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası öz işini başa vurub.

Qeyd edilib ki, sessiyanın yekunlarına dair “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya həmçinin Qərbi Azərbaycan İcması ilə qətnamənin qəbul edilməsi ilə xüsusilə əlamətdar olub.

İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə İƏT üzv ölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır.

Qeyd edilən qətnamə ilə yanaşı, “İstanbul Bəyannaməsi”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanırəb, habelə Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqi çağırışların aradan qaldırılmasına çağırılır.

Bəyannamə, həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edir.

Bəyannamədə, o cümlədən indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində, habelə Azərbaycanın əvvəllər işğal olunmuş digər ərazilərində törədilən müharibə cinayətləri, insanlıq əleyhinə və soyqırımı cinayətləri bir daha qətiyyətlə pislənir, üzv dövlətlər törədilmiş cinayətlərin tanınması üçün lazımi səyləri göstərməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı nəticələrinin hələ də davam etdiyi təcavüzü bir daha qətiyyətlə pislənir, Azərbaycanın postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və yenidənqurma fəaliyyətinə dəstək ifadə olunur.

“Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı qətnamədə İƏT üzv dövlətləri, habelə İslam maliyyə institutları ölkəmizin yenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamədə keçmiş işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində İslam mədəni irs nümunələrinə qarşı törədilən vandalizm aktları qətiyyətlə pislənir və Ermənistanın bu cinayətlərinə görə Azərbaycanın irəli sürdüyü reparasiya tələbi dəstəklənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar