Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Ölkənin tanınmış siyasətçiləri və deputatların bəzilri sosial şəbəkə hesablarında seçkilərdə iştirak edəcəyini və hətta hansı dairədən namizəd olacaqlarını belə açıqlayırlar.
Lent.az-ın əməkdaşı Milli Məclisin deputatı Elman Nəsirovdan yenidən deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini, əgər elə bir fikri varsa, hansı dairədən namizəd olacağını öyrənməyə çalışıb.
“Ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı MSK sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, seçkilərin vaxtının irəli çəkilməsi gözlənilir. Bu noyabr ayında ölkəmizdə COP 29 beynəlxalq tədbirinin keçirilməsi ilə əlaqədardır. Dünyanın nəbzi Azərbaycanda döyünəcək, paytaxtımız 80 min nəfərdən çox qonaq qəbul edəcək. Bu reallıqda seçkilərin öz vaxtında noyabr ayında keçirilməsi mümkünsüz olur.
Mən hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edirəm və partiyanın rəhbər qurumlarından olan Təftiş Komissiyasının üzvüyəm. Cənubi Qafqazın ən böyük partiyası olan YAP da ciddi nizam intizam qaydaları var. Partiyamız seçkilərdə 125 dairə üzrə öz namizədlərini müəyyənləşdirir və sonra namizədlər seçki prosesində iştirak edirlər.
Əgər YAP rəhbərliyi mənim seçkilərdə iştirakımı məqbul hesab edərsə, əlbəttə iştirak edərəm. O ki, qaldı hansı seçki dairəsindən namizədliyimin verilməsi məsələsinə, bunu da partiya müəyyən edir. Hər şey partiya rəhbərliyinin və partiyanın qərarından asılıdır. İşlədiyim müddət ərzində çalışmışam ki, seçicilərimin problemlərini yerli və mərkəzi icra hakimiyyəti qurumları qarısında qaldırım və həllinə nail olum”,- deyə deputat bildirib.