Cənubi və Şimali Azərbaycan diasporlarının birgə işi qurulmalıdır
06 dekabr 2022 15:23 (UTC +04:00)

Cənubi və Şimali Azərbaycan diasporlarının birgə işi qurulmalıdır

Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə 

Görən vətən hardan başlayır? Öncə torpaqdan, yoxsa ona olan yanaşmadan, düşüncədən, ideologiyadan? 

Siyasi ekspert, tanınmış jurnalist Aydın Quliyevlə söhbətimiz bu mövzudadır.

- Aydın müəllim, öncə istərdim azərbaycançılıq ideyası, onun mahiyyəti barədə məlumat verəsiniz...

- Azərbaycançılıq dövlət ideologiyamız olaraq vətəndaş yetişdirilməsi prosesinin mayasına otuzdurulub və bu belə də olmaldır. Bu ideologiyanın Azərbaycan dövlətinin, cəmiyyətin və xaricdə yaşayan hər bir azərbaycanlının gündəlik fəaliyyət funksiyasına çevrilməsi üçün onun nə olduğu izah edilməlidir. Sonra hansı üsullarla insanlara çatdırılması, təbliğ yolları müəyyənləşdirilməlidir, nəhayət son mərhələdə bu ideologiyanın məqsədli şəkildə yaradılmış ziyanlı ideologiyalardan mühafizəsi istiqamətində iş aparılmalıdır. Bu ideologiyaya bir platforma kimi baxılmalıdır. Mahiyyətinə gəlincə, onu deyə bilərəm ki, azərbaycançılıq ideologiyası deyəndə birinci dövlətçilik, mədəniyyət, dil, ədəbiyyat tarixlərimiz nəzərdə tutulur. İkinci Azərbaycan dövlətinin bu günkü inkişafı və dünya dövlətləri arasında mövqeyini müəyyən edən sistemin ideoloji əsasları ilə bağlı təhlillər və üçüncü Azərbaycan dövlətinin perspektivləri ilə bağlı ideoloji platformanı ehtiva edən bilgilər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Azərbaycan xalqının əsas dini görüşləri Azərbaycanın multikultural dövlət olaraq etnik qruplar və dini icmalar arasındakı münasibətlərin düzgün təşkili də azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Deyilənləri bir cümlədə toplasaq, xalqımızın, dinimizin, dilimizin tarixi, müasir inkişaf modeli və dövlətçiliyimizin gələcək inkişaf perspektivləri barədə ideoloji baxışlar azərbaycançılıq ideologiyasının əsasını təşkil edir.

- Azərbaycançılıq ideologiyası xaricdə yaşayan soydaşlarımıza lazımi səviyyədə təbliğ olunurmu?

- Bizim xaricdəki soydaşlarımızı əhatə eləməyimiz, diaspor fəaliyyəti olduqca vacib və həssas məsələdir. Dünya azərbaycanlılarının bu ideologiyaya yiyələnməsi yönündə əhəmiyyətli bir yol keçmişik. Ötən əsrin 90-cı illərində azərbaycançılıq ideologiyası hələ sistemli şəkildə formalaşmamışdı, işlənməmişdi, bu ideologiyanın dünya azərbaycanlılarının əsas mənəvi silahına çevrilməsi hədəf kimi müəyyən edilməmişdi. Müvafiq dövlət orqanı, yəni Diasporlarla İş üzrə Dövlət Komitəsi hələ yaradılmamışdı. Dünya azərbaycanlılarının vahid hərəkətini müəyyən edən sadəcə ideya xətti var idi. Bundan başqa heç nə yox idi. Amma bu gün dünya azərbaycanlıları Azərbaycan bayrağı altında hərəkət edirlər, vahid çətir altında toplana biliblər, Azərbaycan dövlətinin problemləri ilə bağlı məsələ qaldırırlar. Dünya ölkələrində, olduqları cəmiyyətlərə inteqrasiya edəndə azərbaycançılığı özlərinin əsas identifikasiya göstəricisi kimi irəli sürürlər. Biz məhz bu ideologiya sayəsində böyüyük. Birik, birlikdəyik və qalibik. Dünya azərbaycanlılarının ideologiyaya yiyələnməsi yönündə çox böyük yol keçmişik. Uzağa getməyək, Vətən müharibəsi günlərində dünyada azərbaycanlılarının apardığı təbliğatı xatırlayaq. Diasporumuzun atdığı addımlar təqdirəlayiqdir, bu Azərbaycançılıq ideologiyasının daşıyıcıları olan insanlar sayəsində mümkün oldu. Bu ideologiya olmasaydı, nə qələbəmizin mahiyyətini başa düşərdilər, nə təəssübkeşlik edərdilər. Amma xaricdə diaspor icmalarımız arasında birliyin, vəhdətin yaradılmasında hələ də müəyyən problemlər var. Diaspor  fəaliyyətinin əlaqələndirilməsi, xaricdəki diplomatik nümayəndəliklərlə onların əlaqəsi ürəkaçan səviyyədə deyil. Diaspor icmalarımızla bəzi nümayəndəliklərimiz arasında lazım olan vəhdət yoxdur. Bu istiqamətdə işlər aparılmalıdır. 

- Bəs Azərbaycana rəğbəti olan əcnəbilərlə iş necə qurulmalıdır?

- Dünyada azərbaycanlı olmayan və Azərbaycanın təəssübünü çəkən dini və etnik kəsimlərin bu ideologiyaya münasibəti önəmlidir. Biz bu ideologiyanı yalnız azərbaycanlılar hesabına inkişaf etdirə bilmərik. Qeyri-azərbaycanlılarının cəlb olunması bir fəaliyyət istiqaməti kimi açılmalıdır. Bir var sırf azərbaycanlılardan ibarət lobbimiz olsun, bir də var, bu lobbiçi qrupların tərkibində azərbaycanpərəst əcnəbilər olsun. Ən əhəmiyyətli, təsirli üsul bu olardı. Bu ideologiyanı əcnəbilər sevib qəbul etsələr, nüfuzlu lobbiçilk demək olardı. Bax ermənilər bunu bacarıblar. Ermənistana müəyyən yaxınlığı olan adamları özlərinə cəlb etməyi bacarırlar. Baxmayaraq ki, saxta, yalan ideologiya əsasında hərəkət edirlər. Biz bu qədər tarixi köklərimizlə daha böyük işlər görə bilərdik. Dünya azərbaycanlılarının qurultayında ölkə prezidenti bunu problem kimi qeyd etdi. Dünya azərbaycanlıları diasporunun vahid qüvvə halına  gətirilməsinə ehtiyac var. Güney Azərbaycanın timsalında yeni istiqamət açılıb. Dövlət başçısı ADA-da keçirilən konfransda aşıq şəkildə bildirdi ki, güney azərbaycanlılar Azərbaycan xalqının tərkib hissəsidir, qoludur, Azərbaycan dövləti onların da milli, dini identifikasiyasının qorunması üçün var gücü ilə çalışacaq. Bu gün Azərbaycan diasporunun qarşısında yeni imkanlar açılıb. Bizim Azərbaycan diasporu arxasında Azərbaycan dövlətini güc kimi hiss edərək Güneydəki azərbaycanlıların fəaliyyətinin dünyaya təqdim edilməsi istiqamətində iş aparmalıdır. Bir sözlə Azərbaycan diasporu ilə Cənubi Azərbaycan diasporunun fəaliyyətinin sıxlaşdırılması, inteqrə olunması qarşımızda dayanan ən böyük vəzifələrdən biridir.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

# 1938
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar