5 saatlıq üçüncü Brüssel görüşü:  Azərbaycanın növbəti diplomatik uğuru
23 may 2022 16:35 (UTC +04:00)

5 saatlıq üçüncü Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri arasında üçüncü görüş 5 saata qədər davam edib. Görüşdən sonra məlum olub ki, bir çox məsələlər üzrə prinsipial razılaşmalar əldə olunub. 

Maraqlıdır ki, 5 saatlıq görüşdə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan tərəfi həmişə özü bəyan edib. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatçısı olduğunu bildirib. 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Brüssel görüşündən sonra bildirdi ki, müzakirə səmimi və məhsuldar oldu, humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunuldu. 
Cənab Mişel onu da qeyd edib ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. 

“Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”.

Ekspertlərin fikrincə, bu görüş və danışıqlar Azərbaycanın milli maraqlarına uyğun olan formatda keçirilib. Görüşdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib. Azərbaycanın irəli sürdüyü əsas prinsiplər görüşün əsas müzakirə mövzusu olub. Bu baxımdan, qeyd olunan məsələlərin Brüssel görüşündə müzakirəsi Azərbaycanın milli maraqlarına tam uyğundur. 
Kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olunub. Bununla bağlı konkret əməli addımın atılması barədə də razılaşma əldə olunub. Eyni zamanda görüşdə Azərbaycan və Ermənistan arasında beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də müzakirə aparılıb. Nəhayət, bütün bu proseslərin məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması strateji hədəfdir. 

Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intensiv danışıqlar prosesində həmin hədəfə nail olunması daha ciddi addımlar atılsın. Sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və iki dövlət, xalq arasında etimad mühitinin formalaşması üçün Avropa İttifaqı da imkanlarını səfərbər edərək yardım göstərməyi üzərinə götürüb. Bütün bunları nəzərə alaraq demək olar ki, Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti addımdır, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın növbəti diplomatik uğurudur.

Yeri gəlmişkən, ATƏT-ə sədrlik edən Polşanın bu qurumdakı daimi nümayəndəliyinin “Twitter” hesabında görüşlə bağlı paylaşım var. “Birbaşa dialoq münasibətlərin normallaşması və hərtərəfli sülh müqaviləsinin hazırlanması üçün şərtdir”.

# 3498
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar