“Fəryad” filmindəki dəhşətlərin gerçək üzü - FOTO
28 dekabr 2010 18:11 (UTC +04:00)

“Fəryad” filmindəki dəhşətlərin gerçək üzü - FOTO

Dekabrın 28-də Şuşa rayonunun Kərkicahan kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 19 il ötdü. Azərbaycan ordusunun və könüllü yerli özünümüdafiə qüvvələrinin müqavimətinə rəğmən Kərkicahanın işğal olunması Şuşa şəhərinin və ətraf kəndlərin işğalına başlanğıc oldu.

Xatırladaq ki, 1991-ci ilin noyabr-dekabr aylarında Şuşanın müdafiəçiləri ətraf kəndləri müdafiə etməklə yanaşı əks-hücumlarla, kiçik miqyaslı əməliyyatlar keçirməklə düşmənə tutarlı zərbələr vurub. Döyüşlərin əsas ağırlığını isə Xankəndi istiqamətindəki kəndlər, xüsusilə də Kərkicahan kəndi yaşayıb. Xankəndi istiqamətindən ermənilərin qarşısını kəsən Kərkicahan kəndinin düşmən tərəfindən müntəzəm olaraq atəşə tutulmağına baxmayaraq nə əhali, nə də döyüşçülər geri çəkilməyib, ermənilərin hücumlarına sona qədər sinə gəriblər.

Xankəndinin yaxınlığında yerləşən Kərkicahan kəndi uğrunda döyüşlərdə yerli özünümüdafiə dəstələri ilə yanaşı, Azərbaycanın o zaman yeni yaradılmış Milli Ordusunun bir taqımı da iştirak edib. Son ana qədər döyüşən bu taqımın əsgərlərinin bir qismi kənddən dinc insanları itkisiz çıxarılmasını təmin etsələr də taqım komandiri daxil olmaqla bir neçə əsgər son anda düşmən tərəfindən əsir götürülüb. Uzun və ağır işgəncələrə məruz qalan bu əsgərlər indi də həmin anın dəhşətlərini unuda bilmirlər. Sonradan, məhz elə bu əsirlərin danışdığı epizodların bir hissəsi ssenariləşdirilərək Qarabağ müharibəsi dövründə Azərbaycan kinematoqrafiyasının yaratdığı ən təsirli filmlərdən olan “Fəryad” lentə alınıb.

Salyan rayonunda anadan olmuş Arif İsmayılov 701 saylı hərbi hissənin ilk əsgərlərindəndir. Elə xarici görünüşcə də “Fəryad” filmində baş rolu – İsmayıl obrazını canlandıran mərhum aktyor Ceyhun Mirzəyevlə “əkiz qardaş”a bənzəyir. 1991-ci ilin oktyabr ayında yaradılan “birinci tabor”un könüllülərindən olan A. İsmayılov və yoldaşları 8 dekabr 1991-ci ildə Şəhidlər Xiyabanında hərbi andı içdikdən sonra Şuşanın müdafiəsinə göndərilib. Zabit Mehman Hüseynovun rəhbərlik etdiyi bu taqıma Şuşada Kərkicahan kəndinin müdafiəsi həvalə olunub. Sonuncu döyüşdə – kənd işğal olunan zaman yaralanan A. İsmayılov həmin döyüşdə düşmən tərəfindən əsir götürülüb.

Son döyüş

Dekabrın 27-də Kərkicahanın müdafiəsinə növbəlilik əsasında M.Hüseynovun rəhbərlik etdiyi qrup göndərilib. Qrupun əsgərlərinin sözlərinə görə, əvvəllər hər saat düşmən tərəfindən atəşə tutulan kənddə nədənsə həmin gün sakit keçirmiş. Heç kim ağlına gətirməzdi ki, axşam ermənilər bütün qüvvələrini Kərkicahanın üzərinə yönəldəcəklər...

Hadisələr elə gözlənilmədən də baş verib. Axşam saat 22:00 radələrində hücuma keçən “saqqallılar” kəndin digər istiqamətindəki postda yaranmış boşluqdan istifadə edərək, Kərkicahana daxil olur. Lakin gecə qaranlığında iki-bir, üç-bir olan əsgərlər pərakəndəliyə baxmayaraq düşmənin diqqətini yayındıraraq dinc əhalini kənddən təhlükəsiz şəkildə çıxarmağı bacarır. Kənddən sonuncu dinc sakinin çıxması xəbərini alandan sonra belə döyüşçülər sonadək vuruşacaqlarını, döyüş mövqelərini tərk etməyəcəklərini qarşıya qoyur və mübarizəni davam etdirirlər. A. İsmayılovun sözlərinə görə, evlərdə daldalanan Milli Ordunun əsgərləri və könüllülər mühasirə olunmalarına rəğmən təslim olmayaraq, səhərə qədər düşmənlə döyüşüb: “Səhər hava açılanda artıq mühasirə halqası daralmışdı. Əsgərlərimiz arasında yaralananlar, həlak olanlar vardı. Mən, komandirimiz Mehman Hüseynov və bir neçə əsgər bir evə sığınmışdıq. Səhərə yaxın camaatın təhlükəsiz şəkildə kənddən çıxarıldığını xəbər tutduq. Geri çəkilməyə yolumuz yox idi. Ermənilər bunu bilirdilər. Buna görə də hər tərəfdən üstümüzə güllə yağdırır, “təslim olun!” - deyə, bağırırdılar. Amma biz sona qədər döyüşməyi qərara almışdıq. Evə yaxınlaşan bir neçə “saqqallı”nın meyiti də ortalıqda qalmışdı. Onların üç-dörd həmləsini dəf etsək də sursatımız azalmaqdaydı”.

A. İsmayılov deyir ki, evin çardağında mövqe tutub döyüşü davam etdirsə də az keçməmiş iki yerdən yaralanıb, bu zaman gülləsi də tükənib. Özü ilə götürdüyü iki qumbaranı yaxınlaşan düşmənə atan Arif əsir düşməmək üçün özünü öldürməyi qərarlaşdırıb: “Uşaqlardan əsir düşməmək üçün özünü vuranlar var idi. Mehmandan güllə istədim. Nə üçün istədiyimi biləndə imkan vermədi. Dedi ki, inamın olsun, xilas olacağıq. Qumbaralardan ikisini düşmənə atmışdım. Sonuncunun isə partladıcısını tapa bilmirdim. Artıq ermənilər evin birinci mərtəbəsində mövqe tutan, sursatı tükənmiş döyüşçülərimizi əsir götürmüş, dama çıxmağa başlamışdılar. Qan itirdiyimdən getdikcə huşumu da itirməkdəydim. Avtomatı sinəmə sıxıb, tətiyi çəkdim. Gülləm qurtardığından açılmadı. Elə bu vaxt əsir götürülmüş yoldaşlarımın səslərini eşitdim. Onlar aşağından çağırırdılar ki, “Arif, özünü vurma. Bizi yandıracaqlar”. Ermənilər əsir götürdükləri əsgərləri yerə uzadıb təslim olmasam “oqnemyotla” yandıracaqları ilə hədələyirdilər”.

Bundan sonra dama qalxan ermənilər Arifi yerə tullayır. Əsirləri bir maşına dolduraraq Xankəndinə aparırlar. Arif İsmayılov deyir ki, yolda sonuncu qumbarasının partladıcısının “buşlat”ının cibində olduğunu görür. Lakin artıq iş işdən keçmişdi.

“Erməni qadınlar üstümüzə hücum çəkdilər”

Xankəndinə daxil olar-olmaz əsir götürülmüş Azərbaycan ordusunun əsgərlərini ilk əhatələyən erməni qadınlar olub. Arif deyir ki, onlar öz dillərində nə isə bağırır, əsirlərə daş-kəsək atır, üzərinə hücum çəkir, üst-başlarını cırır, rus və erməni dillərində söyürmüşlər. Bütün bunlara baxmayaraq, Azərbaycan əsgərləri ermənilərin işgəncələrin gülərək qarşılayır, düşmənin qarşısında iradə nümayiş etdiriblər: “Əl-ayağımızı qandallayıb, bizi ayrı-ayrı kameralara salmışdılar. “Saqqallılar”ın işi bütün günü bizə ən ağır işgəncələri verməkdən ibarət idi. Başqa kameralardakı əsirlərin səsini eşidirdik. Bədənimizdə salamat yer qalmamışdı. Əsirlərdən birinin ayaq sümüyündə güllə yarasına ağacın budağını salıb sonra sındırdılar. Hətta bir neçə dəfə bıçağı boğazıma dirədilər ki, başını kəsəcəyik. Ermənilər əsirlərə həm fiziki, həm də psixoloji işgəncələr verirdilər. Komandirimiz Mehman Hüseynov dəfələrlə ermənilərə “komandir mənəm, onlarla işiniz olmasın”, - deyərək bütün zərbəni öz üzərinə götürməyə çalışırdı. Lakin ermənilər fərq qoymurdular. Onlar işgəncələrdən bir növ ləzzət alırdılar”.

Ermənilər özlərinin ən ağır işgəncə metodlarını isə əslən Xankəndindən olan könüllü döyüşçü Fərhad Atakişiyevin üzərində sınaqdan çıxarırmışlar. Məhz Fərhadın sayəsində Azərbaycan əsgərləri dəfələrlə ermənilərə ağır zərbələr vurub, onlardan silah-sursatı qənimət olaraq ələ keçiriblər. İşgəncələrə baxmayaraq, digər əsgərlər Fərhadı xilas etmək üçün onun Bərdədən olduğunu söyləyirmişlər: “Fərhad o zaman tələbə idi. Könüllü gəlmişdi döyüşə. Ona necə işgəncə verirdilərsə, səsi bütün kameralara yayılırdı. Adamın tükləri biz-biz olurdu. Amma o bütün bu işgəncələrə “Qarabağ Azərbaycanındır!” deyərək cavab verirdi. Ermənilərin işgəncələrinə beləcə qarşılıq verən Fərhad elə işgəncələr altında da şəhid oldu”.

Arif deyir ki, ermənilərin əsirlərə qarşı amansız rəftarlar onların döyülmələri ilə bitməyib. Əsirlərə məlum olmayan iynələr vurulub, üzərinə itlər buraxılıb, ac-susuz saxlanılıb, soyuq beton döşəmədə yatmağa məcbur ediliblər. Gün ərzində onlara yeməyə cəmi 100 qram, özü də keyfiyyətsiz çörək verilib. Əsirlərə üzləşdikləri işgəncələri onları yoxlamağa gələn Qızıl Xaç nümayəndələrinə söyləməmək tapşırılıb. Əks halda isə həbsxana rəhbərliyi tərəfindən onların öldürüləcəkləri elan olunub.

“Dedilər öldürməyə aparırıq”

Bir aylıq əsirlikdən sonra A. İsmayılov Azərbaycan ordusunun götürdüyü erməni əsirlərlə dəyişdirilib. A. İsmayılov doğmalarına qovuşduğu günü heç vaxt unutmadığını deyir: “Məni yanvarın 26-da əsir götürülmüş ermənilərlə dəyişdilər. Dəyişdiriləcəyimdən xəbərim yox idi. Saxlandığım kameradan çıxaranda dedilər öldürməyə aparırlar. Gözümü bağlayıb UAZ markalı maşında harasa gətirdilər. Orada bir evdə xeyli silahlı erməni vardı. Yeyib-içirdilər. Dedilər ki, ölməmişdən əvvəl gəl sən də çörək ye. Açığını deyim ki neçə müddət idi ki yemək yemirdik. İkinci tərəfdən də öldürüləcəkdim. Düşündüm ki, heç olmasa sonuncu dəfə yemək yeyim, öləcəm onsuz da. Əllərimi yuyanda güzgüdə özümü gördüm və diksindim. Bir ay ərzində elə günə düşmüşdüm ki, özümə oxşamırdım. Yeməkdən sonra məni gətirən ermənilər dedilər ki, bəs dəyişəcəklər. İnanmadım. Həqiqətən də dəyişdilər. Təsəvvür edin, dəyişdirilməyə aparılırdım. Amma yeriməyə taqətim yox idi. Bununla belə, məni dəyişmə yerinə aparan ermənilər “qaçma, yoxsa səni də, bizi də vurarlar. Allah bizimkiləri kəssin”, - deyə yolboyu yalvarırdılar”.

Əsirlikdən qayıdandan sonra A.İsmayılov bir müddət Bakıda hərbi hospitalda müalicə olunub. Keçmiş döyüşçünün sözlərinə görə, həmin vaxt hərbi hospitala tez-tez yazıçılar, aktyorlar, ictimaiyyət nümayəndələri gəlirmiş. Mərhum aktyor Ceyhun Mirzəyev də onlarla bir neçə dəfə görüşüb, söhbətlər aparıb. Arif isə mərhum aktyorla etdiyi söhbətləri isə bir neçə il sonra – “Fəryad” filminə baxdıqda başa düşüb.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2078

Oxşar yazılar