Seçkilərlə bağlı Baş Polis İdarəsində xüsusi operativ qrup yaradılıb
05 noyabr 2010 12:56 (UTC +04:00)

Seçkilərlə bağlı Baş Polis İdarəsində xüsusi operativ qrup yaradılıb

Bu barədə APA-ya idarədən bildirilib.

Məlumatda deyilir ki, hələ seçki kampaniyasının təbliğat-təşviqat mərhələsindən başlayaraq paytaxt polisi tərəfindən namizədlərin və seçicilərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Bakı şəhəri üzrə deputatlığa namizədliyi qeydə alınmış şəxslər bu günədək paytaxtda 295 görüş keçirib və bu tədbirlərdə hər hansı qanun pozuntusuna yol verilməyib.

Məlumatda, həmçinin bildirilir ki, noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar BŞBPİ-də xüsusi operativ qrup yaradılıb. Operativ qrup seçkilər zamanı asayişin mühafizəsi, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təmin olunmasını nəzarətə götürməklə, məlumatların vaxtında DİN-in və Baş İdarənin Növbətçi Hissələri İdarəetmə Xidmətlərinə və rəhbərliyə çatdırılmasını təmin edəcək. Bundan başqa, oktyabrın 11-də Baş İdarədə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq paytaxt polisi 645 ünvanda fəaliyyət göstərəcək 29 dairə seçki komissiyasında (DSK) (886 məntəqə) ictimai asayişi və səs verəcək seçicilərin təhlükəsizliyini qoruyacaq. İşğal olunmuş 4 rayonun seçki komissiyaları da paytaxtda fəaliyyət göstərəcək və beləliklə, DSK-ların sayı 33-ə (953 məntəqə) çatacaq. Noyabrın 7-də BŞBPİ-dən cəlb olunmuş əlavə qüvvələr də daxil olmaqla, kifayət qədər polis əməkdaşı dairə və məntəqələrin təhlükəsizliyi ilə bağlı birbaşa xidmətə cəlb olunacaq.

Seçki dairə və məntəqələrində asayişin mühafizəsinin, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təmin olunmasına nəzarəti gücləndirmək məqsədilə BŞBPİ-nin məsul əməkdaşları rayon polis idarələrinə təhkim edilib. Rayonlar üzrə təhkim olunmuş məsul əməkdaşlar seçkilərin gedişatı barədə BŞBPİ-nin xüsusi operativ qrupu ilə hər iki saatdan bir, xoşagəlməz hadisə baş verdikdə isə dərhal əlaqə yaradaraq ətraflı məruzə edəcək, eyni zamanda seçkilər zamanı rayon polis idarələrinin şəxsi heyətinin üzərinə düşən funksiyaların yerinə yetirilməsinin təşkilində Baş İdarənin rəhbərliyinə köməklik göstərəcək.

Məlumatda bildirilir ki, paytaxtda yerləşən DSK-ların mühafizəsini təmin etmək üçün polis postları fəaliyyət göstərir. Hər bir dairə, bir zabit və iki polis serjantı olmaqla, 3 polis əməkdaşı tərəfindən mühafizə edilir. Bundan əlavə, rayon polis idarələri tərəfindən əraziyə iki polis əməkdaşı təhkim olunub. Bununla yanaşı, seçkilər zamanı baş verə biləcək hadisələrin, gözlənilmədən qarşıya çıxa biləcək məsələləri operativ həll etmək, verilən göstərişləri yerinə yetirilməsi məqsədilə BŞBPİ-də ehtiyat qüvvə qismində 3 qrup yaradılıb ki, bu da ümumi vəziyyətə nəzarəti gücləndirəcək.
# 526

Oxşar yazılar