Natiq Əfəndiyev: “Siyasət dəftərini qapatdım...” - MÜSAHİBƏ - FOTO
03 noyabr 2010 13:58 (UTC +04:00)

Natiq Əfəndiyev: “Siyasət dəftərini qapatdım...” - MÜSAHİBƏ - FOTO

Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, həbsxana həyatını yenicə başa vurmuş Natiq Əfəndiyev azadlıqda ilk müsahibəsini Lent.az-a verdi. Müsahibimiz həbsxana həyatından, azadlığa çıxandan sonra keçirdiyi hisslərdən, planlarından, arzularından danışdı...

- Natiq müəllim, özünüzü necə hiss edirsiniz?

- Səhhətimlə də, ev-eşiklə bağlı da problemlərimiz var. Problemlər tökülüb qalıb, amma yəqin ki, hamısı həll olunar.

- Həbsxanada olduğunuz vaxtlar daha çox nələr barədə fikirləşirdiniz?

- Ailəm haqqında fikirləşirdim. Zindanda olduğum müddətdə yaxınlarımı, doğmalarımı, anamı, qardaşımı, bibioğlumu, dayıoğlumu itirmişəm. İtkilərim həddən artıq çox olub. Onlar mənim zindanda olmağıma dözə bilməyib, dünyalarını dəyişiblər. Mənim üçün çox ağır olub, çox üzülmüşəm.

- Evinizə qədəm basanda hansı hissləri keçirdiniz?

- O hissləri heç kimə arzulamazdım. Doğmalarını qoyub gedirsən. 10 ildən sonra qayıdırsan... Mən birinci həbsxana həyatından sonra qısa müddətdə azadlıqda oldum. Geri qayıdıb digər itkilərlə rastlaşanda stress keçirdim. Xanımım, qohum-qardaş başıma yığıldı. Bir-birimizə təsəlli verdik. Çox ağırdır.

- Azadlığa çıxandan sonra yanınıza kimlər gəldi, içərilərində keçmiş dostlarınız varmı?

- Bəziləri gəlməyə çəkinirdilər. Amma qohum-qardaş gəlir. Mən 1996-cı ildə istefa verəndən sonra 2 il mühacirətdə, Türkiyədə yaşamışam. 14 ilə yaxındır ki, bir çox əzizlərimi, doğmalarımı görməmişdim. 2005-ci ildə həbsdən çıxandan sonra siyasi fəaliyyətlə məşğul oldum. İkinci dəfə həbs olundum. Bax belə...

- Yenidən siyasətə qayıtmaq istəyirsiniz?

- Mən siyasət dəftərini qapatmışam. Problemlərim çoxdur və o qədər ağırdır ki... Yaxın adamlarım mənə görə həbsxanaya düşüblər. Həm də səhhətimlə bağlı bəzi problemlər var, müalicə olunmaq istəyirəm. Ev qayğıları ilə məşğul olmaq, ABŞ-da yaşayan övladlarımla görüşmək istəyirəm. Siyasət dəftəri qapandı... Qapandı o dəftər.

- Övladlarınız hansı işlə məşğuldurlar?

- Övladlarımın hər ikisi ABŞ vətəndaşıdırlar, 16-17 ildir ki, ABŞ-da yaşayırlar. Orta məktəbi, universiteti orada bitiriblər. İkisi də işləyirlər. Qızım dövlət işindədir, təhsil sahəsində işləyir. Oğlum böyük bir şirkətdə çalışır. Qızım ailə qurub, 1 nəvəm var. Oğlum hələ ailə qurmayıb. Telefonla əlaqə saxlamışıq.

- Elə başa düşdüm ki, indi də oğlunuzu evləndirməyə çalışacaqsınız?

- Görüləsi işlər çoxdur. Onlardan biri də oğlumu evləndirməkdir.

- Övladlarınızla görüşmək üçün ABŞ-a nə vaxt getməyə hazırlaşırsınız?

- Mən həbsxanadan çıxandan sonra sənədlərimi almaq üçün qeydiyyatda olduğum Gəncə şəhərinə gəldim. Şəxsiyyət vəsiqəmi, pasportumu alandan sonra Bakıya gələcəm. Viza məsələmi həll etməyi planlaşdırıram. Oğlum da Azərbaycana gəlmək istəyir. Bunları planlaşdırırıq. Oğlum 16 ildir ki, Azərbaycana gəlmir.

- Oğlunuz həmişəlik Azərbaycana qayıtmaq istəyir, yoxsa sadəcə, görüşməyə gəlir?

- Görüşməyə gəlir, nənəsinin, qohum-qardaşın qəbrini ziyarət etmək, yaxınlarımızla görüşmək istəyir. Boya-başa çatdığı evdə oturmaq, doğmalarımızla görüşmək istəyir. Baxmayaraq ki, artıq ABŞ vətəndaşıdır, bunlar ən böyük arzularından biridir. Onun doğulduğu, boya-başa çatdığı yer Azərbaycandır.

- Övladlarınız telefonla danışan zaman nə söylədilər?

- Səhhətimdən daha çox narahatdırlar. Övladlarımın zəngləri analarının stressdən çıxmasına kömək edib. Mənim xanımım çox əziyyət çəkib. Hər gün övladlarım zəng edirlər.

- Xanımınızla ABŞ-da yaşamaq, yoxsa Azərbaycanda həyatınıza davam etmək istəyirsiniz?

- Yox, ABŞ-da yaşamaq istəmirəm. Mənim ABŞ-da və Avropa ölkələrində yaşamaq imkanım var. Mən iki dəfə Avropa təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmışam, ABŞ Dövlət Departamentinin hesabatında dəfələrlə adım çəkilib. Mən fürsətdən istifadə edib, Avropa Şurası, Avropa Birliyi, ABŞ Dövlət Departamentinə mənə və ailə üzvlərimə diqqətlərinə görə təşəkkürümü bildirirəm. Bir neçə Avropa dövlətləri məni yaşamağa dəvət edib, amma gedə bilmərəm, bir müddət ABŞ-da qalıb, vətənimə qayıdacam.

- Yəqin ki, müalicəni də ABŞ-da keçəcəksiniz?

- Bəli, səhhətimlə bağlı ABŞ-da müayinədən keçməyi planlaşdırıram. Mən birinci dəfə ömürlük həbs olunanda həbsxanada ağır dəri xəstəliyinə tutulmuşam, indiyə qədər də o xəstəlik qalıb. O xəstəliyin müalicəsi də dünyanın bir neçə ölkəsində var. Daxili orqanlarımla bağlı da problemlər var.

- Həbsxanadan çıxdıqdan sonra müşahidələriniz, qənaətiniz necə oldu, Azərbaycanda nələr dəyişib?

- Xoşum gəldi, Azərbaycanda yollar dəyişib, gözəl xarici görünüşlü binalar var. Yolda rahat gəldik. Çox arzulayardım ki, gözəl binalardan hər bir Azərbaycan ailəsinə pay düşsün.

- İşlə bağlı planlarınız necədir, polis sisteminə qayıtmaq istəyirsiniz?

- Problemlərimi həll edəndən sonra polis sistemində işləmək istəyirəm. Bu iqtidara məmnuniyyətlə kömək edərəm. Mən narkomaniyaya qarşı mübarizəyə öz töhfəmi vermək istəyirəm. Təki narkomaniya problemini aradan qaldıraq. Mən inzibati işçilərin həbsxanasında, Binədəki 9 saylı təcridxanada cəza çəkirdim. Orada hökumət işlərində işləmiş insanlar vardı. Gördüm ki, nə qədər narkomaniya ilə əlaqədar tutulan insanlar var, dəhşətə gəldim. Onların arasında polis, prokurorluq işçiləri də vardı. Mən məmnuniyyətlə iqtidarda kimin olmasından asılı olmayaraq, polis sisteminə qayıtmağa, bu sahədə mübarizəyə canımla, qanımla kömək etməyə hazıram.

Ramiz Mikayıloğlu
# 2195

Oxşar yazılar