“Türkiyə-Azərbaycan qardaşlığına heç nə mənfi təsir göstərə bilməz”
01 noyabr 2010 19:22 (UTC +04:00)

“Türkiyə-Azərbaycan qardaşlığına heç nə mənfi təsir göstərə bilməz”

Xarici siyasətin əsas məqsədlərinə münasibətdə həmrəylik davam edəcək”. Bunu Türkiyənin Böyük Britaniyadakı səfiri Ünal Çeviköz Londondakı Direktorlar İnstitutunda “Azərbaycan və Türkiyə: münasibətlərin parametrlərinin yenidən müəyyənləşməsi” mövzusunda Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunan tədbirdə çıxışında deyib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, 80 nəfərlik auditoriyanın - işgüzar dairələrin nümayəndələri, diplomatlar, qeyri-hökumət təşkilatları təmsilçiləri və Azərbaycanın dostları qarşısında çıxış edən səfir mövcud ikitərəfli əlaqələrdən danışıb. XX əsrin əvvəllərindən başlayaraq münasibətləri nəzərdən keçirən səfir 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən danışıb. Bunun nəticəsində ilk demokratik, müstəqil Azərbaycan Respublikası qurulub.

Ü. Çeviköz iki ölkə arasında dil, din və mədəni bağlılığa diqqət çəkərək Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladıb. O, Azərbaycanın müstəqilliyi dövründəki münasibətləri üç mərhələyə bölüb: İki türk dövlətinin yenidən birləşdiyi emosional dövr (1991-93); Strateji tərəfdaşlığın inkişaf etdiyi onillik (1993-2003); Kamillik dövrü (2003-cü ildən başlayaraq).

“Strateji onillik” məsələsinə toxunan diplomat izah edib ki, prezident Heydər Əliyevlə keçmiş Türkiyə prezidenti Süleyman Dəmirəl arasında anlaşma “bərabər səviyyəli münasibətlər” idi: “Türkiyə həm də Azərbaycanın ərazi bütövlüyünün qatı tərəfdarı olaraq Dağlıq Qarabağ münaqişəsinin bu normalara uyğun həllini müdafiə edib”.

Səfir Çeviköz 2003-cü ildən etibarən münasibətlərə nəzər salaraq belə bir nəticəyə gəlib ki, 11 sentyabr terror aktı Qafqazı xəbər gündəliyində sıxışdırıb arxa plana atdı və o vaxtdan Dağlıq Qarabağ məsələsində durğunluq əmələ gəldi. Amma indi Azərbaycan əsas geosiyasi rollardan birini oynayır, Əfqanıstan müharibəsində ABŞ onu dünya səhnəsinə çıxarıb. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi, o cümlədən BTC kəmərindəki əməliyyatların həcmi 2001-2009-cu illərdə 250 milyon dollardan 1 milyard dollara çatdırılıb.

Səfir vurğulayıb ki, ötən il Türkiyə və Ermənistan arasında imzalanmış protokolların iki türk dövləti arasında münasibətlərə davamlı təsiri yoxdur: “Mən sadəcə onu qeyd edəcəyəm ki, Türkiyə-Azərbaycan qardaşlığına və anlaşmasına heç nə mənfi təsir göstərə bilməz”. O, prezidentlər İlham Əliyev və Abdulla Gülün avqust ayında imzaladığı Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Razılaşmasını, BOTAŞ və ARDNŞ-in imzaladığı enerji sazişlərini, bu yaxınlarda türkdilli ölkələrin sammitində imzalanan strateji razılaşmanı buna misal göstərib.

Bu təqdimat LINKS-dən Dennis Sammut, Britaniyanın Xarici və Birlik İşləri Nazirliyindən Kreyq Olifant, Birləşmiş Krallığın Azərbaycandakı keçmiş səfiri Harold Formstoun, Lord Kilkluni və digərlərinin iştirakı ilə canlı sual-cavab sessiyası şəklində yekunlaşıb.
# 539

Oxşar yazılar