TürkPA BDU-da konfrans keçirib
21 sentyabr 2010 17:19 (UTC +04:00)

TürkPA BDU-da konfrans keçirib

Sentyabrın 21-də Bakı Dövlət Universitetində Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq konfrans keçirilib. Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, konfransı giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açıb və TürkPA-nın tarixində Bakının rolundan danışıb.


Abel Məhərrəmov qurumun 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabağça Sarayı”nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzaladıqları sazişlə təsis olunan və beynəlxalq təşkilat statusuna malik olan qurum olduğunu, qurumun birinci plenar sessiyasının 29 sentyabr 2009-cu ildə Bakı şəhərində keçirildiyini, TürkPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində yerləşdiyini qeyd edib.


Tədbir zamanı bildirilib ki, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin Naxçıvan zirvə toplantısında Türkdilli xalqların Akademiyasının yaradılması ilə bağlı təklifi gerçəkləşdirilmək üzrədir. Artıq Astanada bu Akademiya üçün bina ayrılıb, onun strukturunun formalaşdırılması üzrə iş aparılır.


Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Ramil Həsənov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev çıxış ediblər. Öncə BDU-nun Azərbaycan təhsili və elmi üçün flaqman olduğunu deyən S. Mirzəyev Milli Məclisin dövlətlərarası inkişafın fəaliyyətində mühüm rol oynadığını qeyd edib.


Sonra Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadettin Kalkan çıxış edib. O, Böyük Millət Məclisinin 12 parlamentlərarası beynəlxalq təşkilatın üzvü olduğunu bildirib və TürkPA çərçivəsində əməkdaşlığın dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələri dərinləşdirməyin, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın mühüm vasitə olduğunu söyləyib.

Daha sonra Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Dostanoviç Primbetov çıxış edərək bəyannamədə də göstərildiyi kimi, TürkPA parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərməyə çalışacağını bildirib. Eyni zamanda, regional və qlobal təhlükəsizliyi qorumaq məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əlverişli siyasi meydan açacağını söyləyib.


Qazaxıstan Respublikası Parlamentinin Senat Aparatı rəhbərinin müavini Berik Arın tədbirin əhəmiyyətinə toxunaraq, bildirib ki, TürkPA-nın ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığa təkan verəcəyini söyləyib.

Sonda tələbələrin qonaqlara ünvanladığı suallar cavablandırılıb.

Vüqar Baba
# 626

Oxşar yazılar