“İnanıram ki, onlar namizədliyini geri götürəcək”
21 sentyabr 2010 13:19 (UTC +04:00)

“İnanıram ki, onlar namizədliyini geri götürəcək”

“YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı partiyanın daxilində aparılan əhatəli və geniş müzakirələrin nəticəsidir, qarşıdan gələn parlament seçkiləri ərəfəsində YAP-ı təmsil edən namizədləri müəyyənləşdirərkən bir neçə meyarlara istinad etmişik”.


Lent.az-ın verdiyi məlumata görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində partiya sədrinin müavini və icra katibi Əli Əhmədov söyləyib.
Əli Əhmədov deyib ki, namizədlərin müəyyənləşdirilməsi zamanı əsas götürülən başlıca meyar və yanaşma seçicinin iradəsidir: “Biz təhlillərimiz nəticəsində müəyyənləşdirməyə çalışmışıq ki, bu və ya digər seçki dairəsindən daha çox seçilmək şansı olan namizədlər kim ola bilər. Bunun əsasında da YAP-ı parlament seçkilərində təmsil edəcək namizədləri müəyyənləşdirmişik. İkincisi, belə hesab edirik ki, YAP-ın parlament seçkilərində səs qazanmaq şansı olan çoxlu sayda üzvü var. Etiraf etməliyik ki, YAP-ın bu seçkilərdə iştirak etməyə mənəvi haqqı çatan yüzlərlə, bəlkə də minlərlə üzvü var. Belə olan halda biz yaxşıların içərisindən yaxşıların seçilməsi kimi çox ciddi vəzifə qarşısında dayanmışdıq və güman edirəm ki, bu vəzifənin öhdəsindən gələ bilmişik. Düşünürəm ki, YAP-ın təqdim etdiyi namizədlər siyahısında yaxşıların yaxşıları təmsil olunublar. Üçünçü bir meyar kimi biz YAP-ın tərkibində yüksək ictimai-siyasi fəallıq göstərən, Azərbaycanın hörmətli vətəndaşları olan qadınların namizədliyinin irəli sürülməsinə də üstünlük verilməsinə çalışmışıq”.


YAP sədrinin müavini bildirib ki, hakim partiya parlament seçkiləri kampaniyasında da YAP qadınların iştirak faizinin artmasına çalışıb: “Güman edirəm ki, buna müəyyən dərəcədə nail ola bilmişik. Partiyanın namizədləri arasında 24 nəfər qadının olması buna misaldır. Bu qadınlar da Azərbaycanda elmin, səhiyyənin, təhsilin, həyatımızın digər sferalarının inkişafına böyük töhfələr vermiş, həm partiyamız, həm də dövlətimiz qarşısında yüksək xidmətləri olan, ən başlıcası isə müvafiq dairələrdə seçicilərin etimadını qazana biləcək hörmətli insanlardırlar”.


Onun sözlərinə görə, partiya öz siyasətində gənclərə böyük önəm verilməsi xəttini də götürüb və böyük hörməti, nüfuzu və perspektivləri olan, özünü tanıdaraq imicini formalaşdırmış YAP-ın gənc üzvlərinin də əhəmiyyətli bir qismi partiya tərəfindən irəli sürülmüş namizədlər siyahısına daxil edilib: “Beləliklə də, həm yaş qrupları, həm peşə qrupları baxımından YAP özünün namizədlər siyahısını müəyyənləşdirərkən bütün parametrləri nəzərə alıb”.


Əli Əhmədov qeyd edib ki, YAP parlamentdə təmsil edən deputat korpusunun fəaliyyətindən bütövlükdə razılığını ifadə edib və bu gün də edir: “Bunun nəticəsində də YAP-ı Azərbaycan parlamentində təmsil edən 48 nəfər qarşıdan gələn seçkilərində partiyamızı yenidən namizədlər qismində təmsil edəcək. Beləliklə, bu siyahıda həm varislik prinsipi əsas götürülüb, həm də yeniləşmə, gəncləşmə, cəmiyyətin bütün zümrələrinin layiqli namizədlərinin irəli sürülməsi kimi çox əhəmiyyətli yanaşma metodundan istifadə edilib”.


YAP sədrinin müavini bəzi YAP üzvlərinin müstəqil şəkildə öz namizədliyini irəli sürməsi faktlarına da münasibət bildirib: “Doğurdan da məsələ ilə bağlı müşahidə olunan bir neçə fakt var. 500 mindən çox üzvü olan partiya üçün 125 dairə üzrə cəmisi bir neçə faktın olması hesab edirəm ki, partiyanın daxilində nizam-intizamı, monolitliyi çox əyani şəkildə ifadə edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP üzvlərinin mütləq əksəriyyəti partiyanın vahid seçki strategiyasını və taktikasını qətiyyətlə bəyənir və onun həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərirlər. O ki, qaldı qeyd olunan faktlara, güman edirəm ki, bunlarla əlaqədar yerli strukturlarda müvafiq işlər aparılacaq. Əlbəttə, cəmi bir neçə fakt YAP kimi böyük bir partiyanın seçki kampaniyasının uğurla həyata keçirilməsinin üzərinə hər hansı bir kölgə salmaq imkanına malik deyil. Bizim opponentlərimizin də bu faktlardan yapışaraq YAP-a qarşı təbliğat aparmaları da tamamilə iflasa məhkumdur. Çünki bir neçə fakt əsasında yarım milyondan yuxarı insanın birləşdiyi YAP-ın daxili birliyinə kölgə sala biləcək hər hansı inandırıcı fikir irəli sürmək mümkün deyil. İnanıram ki, müstəqil şəkildə namizədliyini irəli sürmüş bir neçə YAP üzvü partiyanın vahid seçki kampaniyasının uğurla həyata keçirilməsi naminə öz namizədliyini geri götürəcək. Amma bütövlükdə mən bu qətiyyətimi ifadə etmək istəyirəm ki, YAP-ın daxili birliyi, nizam-intizamı, monolitliyi, partiyanın hər bir üzvünün partiyanın seçkilərdə uğur qazanması naminə hər cür fədakarlığa hazır olmaları özünü bir daha əyani şəkildə göstərə biləcək”.



Əli Əhmədov partiyanın seçkilərdə hansı şüarla çıxış edəcəyi yönündə sualı da cavablandırıb: “Bizim konkret hədəfimiz “güclü dövlət, yüksək rifah” şəklində ifadə oluna bilər. Bu, partiyamızın qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar hədəfləri və şüarlarıdır. Güman edirəm ki, Azərbaycan vətəndaşı bizim mesajlarımızın tamamilə səmimi hisslərdən qaynaqlandığına inanır. Çünki bu günə qədər də YAP-ın həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara xidmətdən ibarət olub”.
# 722

Oxşar yazılar