“Avropa Məhkəməsinin hər hansı dövlətə qarşı qəbul etdiyi qərar həmin dövlətə başucalığı gətirmir” – MÜSAHİBƏ
21 sentyabr 2010 12:56 (UTC +04:00)

“Avropa Məhkəməsinin hər hansı dövlətə qarşı qəbul etdiyi qərar həmin dövlətə başucalığı gətirmir” – MÜSAHİBƏ

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin APA-ya müsahibəsi

- Artıq 12 ildir ki, Konstitusiya Məhkəməsi fəaliyyət göstərir. Bu illər ərzində məhkəmənin fəaliyyətini və gördüyü işləri necə səciyyələndirirsiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinə daxil olsa da, təbiəti etibarilə ümumi məhkəmələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqlilik özünü həm məqsəd və vəzifələrdə, həm səlahiyyətlərin xüsusiyyətlərində və həcmində, həm də konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq olunan prosedurlarda büruzə verir. Ölkəmizdə konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsinin ali dövlət hakimiyyət orqanları sistemindəki yeri, əsas səlahiyyətləri, formalaşma qaydası və fəaliyyətinin əsas istiqamətləri birbaşa Konstitusiyada təsbit edilib. Bu faktın özü də onun dövlət hakimiyyət orqanları sistemində xüsusi təyinata və yerə malik olduğunun göstəricisidir. Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən mahiyyəti üzrə baxdığı konstitusiya işləri ilə əlaqədar olaraq 182 qərar və 39 qərardad qəbul edib. Qəbul etdiyi qərarlarla məhkəmə əsasən mübahisələndirilən aktların Konstitusiyaya və qanunlara (yaxud digər aktlara) uyğunluğunu yoxlayır, Konstitusiyanın və qanunların normalarını rəsmi şərh edir, ayrı-ayrı qanun müddəalarının konstitusiya-hüquqi məzmununu açıqlayır. Konstitusiya Məhkəməsi beynəlxalq təcrübəyə böyük diqqət yetirməklə, öz qərarlarında dəfələrlə beynəlxalq hüququn müddəalarına, eləcə də Avropa Məhkəməsinin presedent hüququna davamlı istinadlar edir. Eyni zamanda ölkədə keçirilən parlament və prezident seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi (elan edilməsi) də Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətlərindən birini təşkil edir.

- Konstitusiya Məhkəməsinə edilən fərdi şikayətlərdə hansı məsələlər daha çoxluq təşkil edir?

- Məlumdur ki, 2004-cü ilədək Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. 2002-ci il Konstitusiya islahatlarından və 2004-cü ilin yanvar ayından “Konstitusiya Məhkəməsi haqqında” yeni qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə başladı. Konstitusiya Məhkəməsinə verilən şikayətlərin əksəriyyəti məhkəmə aktlarındandır. Bu günədək belə şikayətlər əsasında 74 qərar qəbul edilib. Həmin qərarlarda vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət, mülkiyyət hüquqlarının müdafiəsinə, əmək, mənzil, sosial-təminat, birləşmək hüququ və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb. Məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üzrə Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışarkən bir məqamı yaddan çıxarmaq olmaz ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini heç bir halda növbəti məhkəmə instansiyasına çevirmir. Çünki Konstitusiya Məhkəməsi fərdi şikayətlər əsasında məhkəmə aktlarının qanuniliyini yoxlayarkən müstəsna hüquq müdafiə vasitəsi kimi çıxış edir, mülki və ya cinayət işlərinə mahiyyəti üzrə baxmır. Həmin iş üzrə tərəflər ərizəçi və mübahisələndirilən aktı qəbul etmiş dövlət orqanı, Konstitusiya Məhkəməsinin vəzifəsi isə Konstitusiyanın aliliyini təmin etmək və pozulan insan hüquq və azadlıqlarının bərpasına yol açmaqdır. Məhkəmə aktlarından verilən şikayətlər əsasən mülki, mənzil, ailə, vergi, əmək və sair münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır. Bunlara misal olaraq yaşayış sahəsindən istifadə, əmlak payının verilməməsi, sahibkarlıq fəaliyyəti, müqavilələrin etibarsızlığı və ya ləğv olunması, torpaq sahələrinin ayrılması və istifadə edilməsi, işə bərpa, cəzanın yüngülləşdirilməsi, məhkum etmə barədə məhkəmə aktlarından verilən şikayətləri göstərmək olar.

- Konstitusiya Məhkəməsinin beynəlxalq hüquq təşkilatları ilə əlaqələri hansı səviyyədədir. Bu yöndə gələcəkdə hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Konstitusiya Məhkəməsi yarandığı gündən xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, o cümlədən, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə xüsusi diqqət yetirir. Konstitusiya Məhkəməsinin dəvəti ilə Rusiya, Almaniya, ABŞ, Belçika, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Türkiyə, Norveç, İspaniya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Qırğızıstan və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təmsilçiləri dəfələrlə ölkəmizə işgüzar səfərlər ediblər. Yaxın bir neçə il ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Türkiyə, Belarus və Moldova konstitusiya məhkəmələri arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Son vaxtlar beynəlxalq fəaliyyət çərçivəsində Avropa Şurası və Hüquq Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) ilə əməkdaşlığa mühüm yer verilir. Azərbaycan tərəfinin dəvətinə əsasən komissiyanın ekspert qrupu dəfələrlə ölkəmizdə səfərdə olub, qanun və hüquq islahatları sahəsində, o cümlədən «Konstitusiya Məhkəməsi haqqında» qanun və Məhkəmənin Daxili Nizamnaməsinin layihələrinə dair öz rəy və təkliflərini veriblər. Bildiyiniz kimi, bu il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 15-ci ili tamam olur. Bu tarixi hadisə ilə əlaqədar həmin gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və ATƏT-in Bakı ofisi ilə birgə “İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmi” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Həmin konfransda Almaniya, Belarus, Türkiyə, Gürcüstan, Litva, Rusiya, Qazaxıstan, Latviya, Ukrayna, Estoniya konstitusiya məhkəmələrindən və İnsan hüquqları üzrə Avropa Məhkəməsindən nümayəndələrin iştirak edəcəyi gözlənilir.

- Sizcə, Azərbaycanda məhkəmələrin və hakimlərin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılmasında hansı problemlər mövcuddur?

- Əlbəttə ki, bu, geniş aspektli və çoxmərhələli bir prosesdir. Buraya qanunvericiliyin Avropa standartlarına tam uyğunlaşdırılması, institusional dəyişikliklər, hakimlərdə müasir hüquq düşüncəsinin formalaşması və sair çox ciddi məsələlər daxildir. Fikrimcə, birinci iki istiqamət üzrə ötən dövr ərzində əhəmiyyətli addımlar atılıb: beynəlxalq standartlara əsasən cavab verən milli qanunvericilik sistemi yaradılıb, ölkəmiz əksər aparıcı beynəlxalq müqavilələrə, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya, Avropa Sosial Xartiyasına tərəfdar çıxıb, həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində yeni məhkəmə sistemi fəaliyyətə başlayıb. Hakimlərin seçimində şəffaflığın təmin ediməsi, hakimlərin müstəqilliyinin və sosial müdafiəsinin gücləndirilməsi, onların yüksək peşə hazırlığı, eyni zamanda inkişaf etmiş ölkələrdə təcrübə keçməsi istiqamətində də mühüm addımlar atılıb. Bütün bu proseslərdən sonra isə milli məhkəmələrin fəaliyyətinin Avropa standartlarına uyğun şəkildə həyata keçirilməsi işində ən böyük ağırlıq hakimlərin üzərinə düşəcək. Həmçinin, hesab edirəm ki, hakim işləyən şəxslərin malik olduqları müstəqilliyi layiqincə dəyərləndirməsi, mütəmadi olaraq öz üzərində işləməsi, hüququn müasir tendensiyalarını izləməsi zəruri məqamlardandır. Düzdür, bəzən hakimin iş yükü o qədər çox olur ki, bütün bunları çatdırmaq kifayət qədər çətinləşir. Bu mənada hakimlərin say həddinin artırılması barədə Prezident İlham Əliyevin cari ilin avqust ayında imzaladığı fərman çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda inzibati icraat üzrə ixtisaslaşmış məhkəmələrin və regionlarda ağır cinayətlər məhkəmələrinin fəaliyyətə başlaması da hakimlərin iş yükünün normallaşmasına və bununla da məhkəmə aktlarının keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Qoyduğunuz sualla bağlı vacib məsələlərdən biri kimi həm hakimlərin yanaşması, həm də ictimaiyyətin münasibəti ilə bağlı müəyyən psixoloji problemləri də qeyd etmək olar ki, bunlar bir qədər daha çox zaman tələb edən məsələlərdir.

- Həyata keçirilən islahatlardan sonra Azərbaycanda məhkəmələrin və hakimlərin fəaliyyətini qənaətbəxş saymaq olarmı?

- Bilirsiniz, Azərbaycan Respublikası dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib, hüquqi islahatlara 1995-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra başlanıb, yeni məhkəmə sistemi 2000-ci ildən fəaliyyətə başlayıb. Yuxarıda qeyd etdiyim kimi, göstərilən istiqamətlərdə bir sıra kompleks tədbirlər uğurla həyata keçirilib. Bu proses Azərbaycanın prioritet vəzifə kimi müəyyənləşdirdiyi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun çox vacib tərkib hissəsidir. Buna görə qısa zaman kəsiyində həyata keçirilmiş bu qədər islahatı bitmiş hesab edərək onun nəticələrinə yekun vurmaq, konkret qiymət vermək düzgün olmazdı. Sözsüz ki, ötən illərlə müqayisədə məhkəmələrin fəaliyyətində çox ciddi pozitiv dəyişikliklər müşahidə olunmaqdadır. Bu dəyişikliklər həm ədalət mühakiməsinin həyata keçirilməsində, həm hakimlərin hazırlıq səviyyəsində, həm də qəbul edilən məhkəmə aktlarının keyfiyyətində özünü açıq büruzə verir. Ona görə də sözügedən məsələnin islahatların dinamikası baxımından qiymətləndirilməsi daha düzgün olardı. Həm də nəzərə almaq lazımdır ki, islahatlar prosesi bu gün də davam edir. Bəzi hakimlərin fəaliyyətində nöqsanların olması heç kəsə sirr deyil. Təbii ki, əgər iş varsa, orada müəyyən nöqsanlar, səhvlər də olacaq. Əsas məsələ belə neqativ halların qarşısını dərhal almaq və kütləviləşməsinə yol verməməkdir. Hamımız şahidik ki, Məhkəmə Hüquq Şurası belə halların qarşısını almaq istiqamətində mütəmadi və ciddi iş aparır. Hakimlərin fəaliyyətinə qiymət verərkən bir mühüm məqamı da nəzərə almaq lazımdır ki, hakimlik yaradıcı peşədir. Hər bir hakim icraatında olan işə baxarkən qanunvericiliklə yanaşı, həm də daxili inamından, öz hüquq düşüncəsindən çıxış edir. Hakim öz yekun qərarını dövlətin adından çıxarır, ədalət mühakiməsinə etimad hakimin müstəqilliyi, onun cəmiyyətdəki nüfuzu ilə birbaşa əlaqədardır. Ona görə də hakimlərin fəaliyyəti ilə bağlı fikir yürütmək, onların fəaliyyətini tənqid etmək yüksək məsuliyyət tələb edir.

- Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarları ilə razısınızmı?

- Ölkəmiz Avropa ilə inteqrasiyanın indiki səviyyəsinə çatmaq üçün çox uzun və mürəkkəb bir yol keçib. Azərbaycan Avropa ailəsinin tamhüquqlu üzvüdür və sözsüz ki, bu məkanda ümumi qəbul olunan hüquqi dəyərlər bizim üçün əhəmiyyətlidir. Sualınıza gəldikdə bildirmək istəyirəm ki, hər hansı dövlətə qarşı Avropa Məhkəməsinin qəbul etdiyi qərar həmin dövlətə başucalığı gətirmir. Bu məsələdə Azərbaycan da istisna deyil. Strasburq Məhkəməsinin qərarında ifadə olunan mövqe ilə bir vətəndaş, yaxud hüquqşünas olaraq kimsə razılaşmaya bilər. Amma bu gün milli hüquq tətbiq edicisi, xüsusən də məhkəmələr qarşısında duran əsas vəzifə gələcəkdə bu cür qərarların qəbul edilməsinin qarşısını almaqdır. Əlbəttə ki, belə qərarların qarşısını tam almaq mümkün deyil və onların olması müəyyən mənada təbiidir. Avropanın ən öndə gedən dövlətləri belə, Strasburq Məhkəməsinin onlara qarşı qəbul etdiyi qərarlardan sığortalanmayıb. Əksinə statistika göstərir ki, ən qabaqcıl hüquq məktəblərinə malik ölkələr bu sırada heç də sonuncu yerlərdə durmurlar. Məsələn, 1998-ci ilin 1 noyabrından 2010-cu ilin 1 yanvarınadək Avropa Məhkəməsi Avstriyaya qarşı işlər üzrə 193, Fransaya qarşı işlər üzrə 656, Almaniyaya qarşı işlər üzrə isə 119 qərar qəbul edib. Bu mənada qarşıda duran məsələ Avropa Məhkəməsinin bizə qarşı qəbul etdiyi qərarlarla razı olub-olmamağımızdan deyil, gələcəkdə oxşar hallara yol verməməkdən ibarətdir. Bunun isə əsas yolu Avropa Məhkəməsinin presedent təcrübəsinin, o cümlədən Azərbaycana qarşı qəbul etdiyi qərarların diqqətlə öyrənilməsidir.

- Məlumatlara görə, Azərbaycandan Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayı artır. Buna münasibətiniz necədir?

- Əvvəla bu məsələni Avropada gedən ümumi tendensiyanın tərkib hissəsi kimi araşdırmaq lazımdır. Hamıya bəllidir ki, Avropa Şurasına üzv-dövlətlərdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verilən şikayətlərin sayı çox böyük sürətlə artmaqdadır. Məhkəmənin bütün üzv dövlətlərdən gələn şikayətlərlə hədsiz yüklənməsi hətta onun işlərə baxılması prosedurunu təkmilləşdirən yeni Protokolun qəbul edilməsi ilə nəticələndi. Azərbaycandan gedən şikayətlərin sayına gəldikdə isə, misal üçün, ölkəmizdən verilmiş və Avropa Məhkəməsinin baxışına çıxmış şikayətlərin sayı 2007-ci ildə 708 olubsa, 2008-ci ildə bu rəqəm 334, 2009-cu ildə isə 361 olub. Müqayisə üçün göstərmək olar ki, 2009-cu ildə Bosniya və Herseqovina ilə bağlı bu rəqəm 621, Çexiya uçun 726, İsveçrə üçün 471, Gürcüstan üçün 2122, Latviya üçün 326 olub. Digər tərəfdən Azərbaycan vətəndaşlarının hüququn onlara verdiyi imkandan fəal istifadə etməsində qeyri-adi bir şey görmürəm. Düzdür, perspektivindən asılı olmayaraq məhkəmələrdə baxılmış əksər işlər üzrə Strasburqa şikayətlərin göndərilməsi də təqdirəlayiq hal deyil. Fikrimcə, bunun qarşısının alınması vətəndaşlar arasında Avropa Məhkəməsinin səlahiyyətləri ilə bağlı maarifləndirmə işinin aparılmasını tələb edir ki, bu məsələdə dövlət orqanları ilə yanaşı, peşəkar hüquqi xidmət göstərən şəxslərin və qeyri-hökumət təşkilatlarının da dəstəyi tələb olunur.
# 1347

Oxşar yazılar