YAP-çı deputatlardan bir qismi seçkiyə qatılmaq istəməyib
18 sentyabr 2010 17:50 (UTC +04:00)

YAP-çı deputatlardan bir qismi seçkiyə qatılmaq istəməyib

Yeni Azərbaycan Partiyasının (YAP) qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün müəyyənləşdirdiyi namizədlər siyahısı partiyanın bütövlükdə mövqeyini düzgün əks etdirir. Bunu APA-ya açıqlamasında YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib.



“Bu siyahı partiya daxilində ciddi məsləhətləşmələr nəticəsində meydana gəlib. Hesab edirəm ki, bu namizədlər siyahısı həm YAP-da, həm də cəmiyyətdə rəğbətlə qarşılanacaq. Ən azından ona görə ki, bizim namizədlər siyahısı bu və ya digər dairədə kifayət qədər hörməti, nüfuzu olan və seçicilərin rəğbətini qazanmağa şanslı olan insanları əhatə edir. Bu siyahı və siyahıya daxil olmuş şəxslər YAP-ın qarşıdan gələn parlament seçkilərində bütövlükdə uğur qazanmasına öz töhfələrini verə biləcəklər”, - deyə Ə.Əhmədov qeyd edib.


O, YAP-ın namizədlər siyahısının partiya daxilində narazılıqla qarşılanacağını güman etmədiyini deyib: “Ola bilsin ki, ayrı-ayrı fərdlər səviyyəsində siyahı ilə bağlı fərqli münasibətlər ifadə olunsun və bunu tamamilə normal hesab edirəm. YAP-ın yarım milyondan çox üzvü var. Hər bir üzvün siyahını dəstəklədiyini güman etdiyim kimi, ayrı-ayrı şəxslərin şəxsi mülahizələrini ifadə etməsini də mümkün sayıram. Güman edirəm ki, gələcək bizim müəyyənləşdirdiyimiz siyahının kifayət qədər əsaslı və düşünülmüş olduğunu sübuta yetirəcək”.


Ə.Əhmədov YAP-ın namizədlər siyahısına hazırda millət vəkili olan şəxslərin bir qisminin salınmamasına da münasibət bildirib: “Hər bir namizədin müəyyənləşdirilməsi taktikası ilk növbədə onun seçkidə iştirak edəcəyi dairədə nə dərəcədə şanslı olması ilə müəyyən edilir. Bu və ya digər mülahizələr tamamilə fərqli ola bilər. Amma seçkinin taleyini seçicilərin rəğbəti və rəyi müəyyən etdiyindən, biz istəsək də, istəməsək də şəxsi mülahizələrimizə deyil, seçicilərin bu və ya digər namizədə səs vermək istəyib-istəməməsinə istinad etməliyik. Namizədlərimizi müəyyənləşdirərkən məhz bu meyardan və reallıqdan çıxış etmişik. Bununla əlaqədar olaraq siyahıda bundan əvvəl YAP-ı parlamentdə təmsil edən deputatların bir qismi əks olunmayıb. Bir qismi isə qarşıdan gələn parlament seçkilərində iştirak etmək istəməyib”.


YAP-ın icra katibi partiyanın 11 dairədən namizəd irəli sürməməsi məsələsinə də aydınlıq gətirib: “YAP özünün seçki taktikasında bu və ya digər dairələrdən namizədliyini irəli sürmüş Azərbaycanın hörmətli insanlarını müdafiə etmək kimi bir üsuldan istifadə edir. 2005-ci ildə də biz bu formada ayrı-ayrı hörmətli insanları dəstəkləyib və müdafiə etmişik. Eynilə bu il keçiriləcək parlament seçkilərində də Azərbaycanın ayrı-ayrı çox hörmətli insanlarını – hansı ki, onlar müxtəlif dairələrdən namizədliklərini irəli sürüblər – müdafiə etmək taktikasını seçmişik. Güman edirəm ki, bu, doğru bir yanaşmadır. Digər tərəfdən, YAP-la müttəfiqlik əlaqəsində olan ayrı-ayrı partiyaların rəhbərliyində təmsil olunan insanlar da partiyamız tərəfindən dəstəklənib. Bu, keçən seçkidə də belə olub, bu seçkidə də onları dəstəkləmək xəttini götürmüşük. 11 dairədən namizəd irəli sürməməyimizin səbəbi bununla əlaqədardır. 122 saylı Xankəndi seçki dairəsindən namizədimizin irəli sürülməməsi isə sadəcə olaraq orada YAP-ın strukturlarının olmaması ilə bağlıdır”.


Qeyd edək ki, YAP 7 noyabr parlament seçkilərində iştirak edəcək namizədlər siyahısını bu gün açıqlayıb. Siyahıda 114 dairədən namizəd irəli sürülüb. Azərbaycandakı seçki dairələrinin ümumi sayı 125-dir.
# 561

Oxşar yazılar