YAP-ın namizəd irəli sürmədiyi seçki dairələri - SİYAHI
18 sentyabr 2010 15:26 (UTC +04:00)

YAP-ın namizəd irəli sürmədiyi seçki dairələri - SİYAHI

Yeni Azərbaycan Partiyası 2010-cu il parlament seçkilərindən 114 dairədən namizəd irəli sürəcək. APA-nın məlumatına görə, bu gün partiyanın İdarə Heyətinin iclasında seçkilərə qatılacaq və partiya tərəfindən dəstəklənəcək namizədlərin siyahısı təsdiqlənib. Hakim partiya yalnız 3 saylı Babək-Kəngərli, 7 saylı Culfa-Ordubad, 50 saylı Qobustan-Xızı-Quba, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 63 saylı Sabirabad birinci, 66 saylı Biləsuvar, 93 saylı Bərdə şəhər, 102 saylı Samux-Şəmkir, 116 saylı Qəbələ və 122 saylı Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib. Yeni Azərbaycan Partiyasının bu dairələrdən digər partiyaların namizədlərini və bitərəf namizədləri dəstəkləyəcəyi ehtimal olunur.


Qeyd edək ki, ötən seçkilərdə 3 saylı Babək-Kəngərli seçki dairəsindən Səttar Mehbalıyev deputat seçilib və o seçkilərdə də Yeni Azərbaycan Partiyası həmin dairədən namizəd irəli sürməyərək Səttar Mehbalıyevin namizədliyini dəstəkləyib.


7 saylı Culfa-Ordubad seçki dairəsindən yazıçı Əkrəm Əylisli millət vəkili seçilib və seçkilərdə oun namizədliyi YAP tərəfindən dəstəklənib. Lakin Əkrəm Əylisli bu il keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqlayıb. Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bu il namizədliyini 7 saylı seçki dairəsindən irəli sürüb.


YAP 2005-ci ildə olduğu kimi bu dəfə də 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsindən namizəd verməyib. Bu dairənin millət vəkili xalq artisti Zeynəb Xanlarovadır. Onun bu il keçiriləcək seçkilərdə namizəd olub-olmayacağı məlum deyil.


YAP ötən seçkilərdə 59 saylı Salyan seçki dairəsindən Əkrəm Abdullayevin namizədliyini irəli sürüb və adı çəkilən şəxs seçkilərdə qalib gəlib. Lakin bu il hakim partiyası həmin dairədən namizəd verməyib. Xatırladaq ki, bu il həmin dairədən Salyan rayon icra hakimiyyətinin başçısı Əliağa Hüseynov namizədliyini irəli sürüb.


2005-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən AVP sədri Fəzail Ağamalı millət vəkili seçilib və bu il həmin dairədən namizəd irəli sürməyən hakim partiya müttəfiq partiyanın rəhbərini müdafiə edə bilər.


Ötən seçkilərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn seçilib. YAP bu il həmin dairədən namizəd irəli sürməyüb. “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı seçkilərdə məhz bu dairədən namizədliyini irəli sürüb.


YAP digər müttəfiq partiyanın rəhbərinin – Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 2005-ci il deputat seçildiyi 66 saylı Biləsuvar seçki dairəsindən namizəd irəli sürməyib. Digər müttəfiq partiyanın təmsilçisi – AVP üzvü Zahid Orucun millət vəkili seçildiyi 93 saylı Bərdə şəhər seçki dairəsindən də hakim partiyanın namizədi yoxdur.


Yeni Azərbaycan Partiyası ötən seçkilərdə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun millət vəkili seçildiyi 102 saylı Samux-Şəmkir, Fəttah Heydərovun millət vəkili seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən və Həvva Məmmədovanın millət vəkili seçildiyi 122 saylı Xankəndi seçki dairəsindən də namizəd irəli sürməyib.
# 860

Oxşar yazılar