“Eynulla Fətullayevlə bağlı şikayətin icraata götürülmə məsələsinə oktyabr-noyabr aylarında baxılacaq”
18 sentyabr 2010 11:33 (UTC +04:00)

“Eynulla Fətullayevlə bağlı şikayətin icraata götürülmə məsələsinə oktyabr-noyabr aylarında baxılacaq”

Bu eksklüziv açıqlamanı APA-ya Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov verib. Ç. Əsgərov bunun üçün əvvəlcə Böyük Palatanın müvafiq komitəsinin yaranmalı olduğunu bildirib: “Böyük Palatanın iclası sentyabrın 8-də olub. Orada 5 hakimdən ibarət heyət Komitənin yaranması məsələsinə baxmalı idilər. Bundan sonra bir mərhələ də var. Növbəti mərhələdə isə bu şikayətə Böyük Palatada baxılıb-baxılmaması barədə qərar verməlidirlər. Bir müddət əvvəl Azərbaycan dövləti başqa bir iş üzrə Böyük Palataya şikayət etmişdi, həmin vaxt bizə 4 aydan sonra cavab gəldi. Biz Eynulla Fətullayevlə bağlı şikayəti bu il iyul ayının ortalarında vermişik. Təxminən oktyabr-noyabr aylarında icraata götürülüb-götürülməməklə bağlı qərar olacaq. Əgər icraata götürsələr, məsələyə bir il ərzində münasibət bildiriləcək”.

Ç. Əsgərov Eynulla Fətullayevin parlament seçkilərinə namizəd qismində qatılmaq istəyi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Avropa İnsan Haqları Məhkəməsinin qərarı hələlik qüvvəyə minməyib, Eynulla Fətullayevin üzərindən məhkumluğu götürülməyib. İndi Mərkəzi Seçki Komissiyası qərar verməlidir ki, məhkum seçkidə iştirak edə bilər, yoxsa yox”.

Ç. Əsgərov hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatında Azərbaycana qarşı 100-ə yaxın işin olduğunu da qeyd edib.

Qeyd edək ki, bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini tələb edib. Azərbaycan hökuməti E. Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından Böyük Palataya müraciət edib.
# 593

Oxşar yazılar