“Avropa Məhkəməsinin qərarı müsbət olarsa, Ermənistan laçınlı iddiaçılara təzminat ödəyəcək”
18 sentyabr 2010 11:29 (UTC +04:00)

“Avropa Məhkəməsinin qərarı müsbət olarsa, Ermənistan laçınlı iddiaçılara təzminat ödəyəcək”

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı jurnalistlərə açıqlama verib.

APA-nın məlumatına görə, Ç. Əsgərov sentyabrın 15-də keçirilmiş məhkəmə iclasında üçüncü tərəf kimi Azərbaycan hökumətinin iştirak etdiyini bildirib: “Həmin məhkəmədə Azərbaycan hökuməti tərəf kimi mövqeyini bildirib. Fikrimcə, məhkəmə iclası çox yaxşı keçdi. Ermənistan tərəfi həmişəki kimi məhkəməyə çoxlu yalan məlumatlar təqdim edib. Sonra isə Azərbaycan tərəfi öz mövqeyini bildirib. Məndə belə bir təəssürat yarandı ki, Azərbaycan tərəfinin mövqeyi məhkəməni qane edib. Hakimlərin mövqeyinə gəldikdə, onlar problemin mövcudluğundan xəbərdardırlar. Onlar başa düşürlər ki, məsələ hüquqi müstəvidə həll olunmalıdır. Məhkəmə zamanı hakimlərin sualları daha çox Ermənistan tərəfə ünvanlanıb. Onların tərəf kimi təqdimatları isə həmişəki kimi bir-birinə uyğun deyildi”.

Ç. Əsgərovun sözlərinə görə, məhkəmə işində Azərbaycanın təqdim etdiyi sübutlar mühüm rol oynayıb: “Burada əsas məsələ bizim Ermənistan dövlətinin işğal olunmuş ərazilərə nəzarət etdiyini sübut etməyimiz idi. Beynəlxalq hüquqi sənədlərdə bu məsələ öz əksini tapmayıb. Əgər AİHM bunu sübut etsə, bu Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi və həmin ərazilərə nəzarət etməsinin əks olunduğu ilk məhkəmə qərarı olacaq. Əgər qərar müsbət olarsa, Ermənistan dövləti iddiaçılara təzminat ödəməli olacaq. Həmçinin, Avropa Şurasının Nazirlər Komitəsi həmin qərara nəzarəti həyata keçirəcək və iclaslarında Ermənistan dövlətinin qaçqınların öz torpaqlarına dönməsini təmin etməli olduğunu bildirəcək. Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, ilk növbədə bütün məcburi köçkünlər, qaçqınlar öz yurd-yuvalarına qayıtsın, sonra isə digər məsələlər öz həllini tapsın. Biz bunu məhkəmə iclasında da bildirdik. Ermənistan dövləti isə istəyir ki, Dağlıq Qarabağın statusu müəyyən edilsin, qaçqın və məcburi köçkünlərin məsələsi isə bundan sonra həll edilsin”.

Ç. Əsgərov bildirib ki, “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə məhkəmə iclası yekunlaşıb, yəni bu iş üzrə daha məhkəmə iclası keçirilməyəcək: “İndi məhkəmə öz mövqeyini bildirməlidir. Artıq bu iş üzrə məhkəmə bitmiş hesab oluna bilər. Hakimlərin müzakirələri yəqin bir-iki ay çəkəcək, sonra isə mövqelərini açıqlayacaqlar”.

Ç. Əsgərov AİHM-də Ermənistana qarşı 600 iş olduğunu deyib: “Bu şikayətlərin sayı gündən-günə artır”.

Qeyd edək ki, sentyabrın 15-də Avropa İnsan haqları Məhkəməsinin Böyük Palatasında Laçından olan məcburi köçkünlərin iddiasına baxılıb. Laçın rayonundan olan 6 məcburi köçkün - Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adişirin Çıraqov və Elxan Çıraqov Ermənistandan onlara vurulan maddi və mənəvi ziyanın əvəzinin ödənməsini tələb edirlər. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənməsini də istəyirlər.
# 688

Oxşar yazılar