“Samur çayı üzərində yeni körpünün tikintisi üçün hüquqi maneə yoxdur” – MÜSAHİBƏ
15 sentyabr 2010 15:15 (UTC +04:00)

“Samur çayı üzərində yeni körpünün tikintisi üçün hüquqi maneə yoxdur” – MÜSAHİBƏ

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanla Rusiya arasında dövlət sərhədi haqqında müqavilənin imzalanması ilə bağlı APA-ya müsahibə verib.


- Azərbaycanla Rusiya arasında razılaşdırılmış dövlət sərhədi SSRİ dövründə mövcud olan sərhəd xəttindən fərqlənəcəkmi?

- SSRİ daxilində dövlət sərhədləri olmayıb, inzibati adlanan sərhədlər olub. Xəritələrdə sərhəd xətləri qeyd olunsa da, əslində sərhəd yox idi. SSRİ dağıldıqdan sonra ittifaqa daxil olan respublikalar razılığa gəlmişdilər ki, müstəqil dövlətlər kimi aralarında dövlət sərhədlərini müəyyənləşdirərkən həmin inzibati sərhədlərə əsaslanacaqlar. Rusiya ilə Azərbaycan arasında da belə oldu. Rusiya prezidenti Dmitri Medvedevin bu yaxınlarda Azərbaycana səfəri zamanı imzalanmış müqaviləyə əsasən dövlət sərhəd xətti çox az istisnalarla vaxtilə RSFSR-lə Azərbaycan SSR arasında mövcud olan həmin inzibati sərhəd xəttidir.


- Prezident Medvedevin səfəri öncəsi Rusiya, o cümlədən Dağıstan mətbuatı yazırdı ki, bəzi sahələrdə sərhəd Samur çayının sağ (Azərbaycan) sahilindən çayın orta xəttinə keçiriləcək və beləliklə, Samur su qovşağı tam olaraq Azərbaycanın nəzarəti altında qalacaq. Əslində hansı dəyişikliklər baş verib?

- SSRİ dağıldıqdan sonra Samur su qovşağı sizin dediyiniz kimi Azərbaycanın “tam nəzarəti altında” qaldı. Amma Azərbaycan tərəfi işini elə təşkil etmişdi ki, Rusiyadakı, Dağıstandakı su istifadəçilərinin maraqları lazımi səviyyədə nəzərə alınırdı. Samurun suyu ilə bağlı bizim ölkələrimiz arasında heç vaxt ciddi problem olmayıb. Dövlət sərhədinin keçid xətti haqqında müqavilə mövcud vəziyyəti “de-yure” möhkəmləndirir. Samur su qovşağı Azərbaycan ərazisində qalır. Azərbaycan tərəfi Rusiyaya bu qovşaqdan birgə istifadə etməyi təklif edib. Bununla da Rusiya tərəfi onun Samur çayı ilə bağlı maraqlarının tam həcmdə nəzərə alınacağına dair əlavə təminat alıb. Bu, Rusiya ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində ortaya çıxan ən çətin problemin həllində edilmiş kompromisin məğzidir.


- Samur transsərhəd çayının səmərəli istifadə olunması və mühafizəsi haqqında Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış saziş nəyi nəzərdə tutur?

- Samur çayının statusu transsərhəd kimi müəyyənləşdirilib. Bu, birmənalı beynəlxalq-hüquqi anlayışdır. Bir neçə ölkənin ərazisindən keçən çayların statusu haqqında xüsusi beynəlxalq konvensiya mövcuddur. Həmin konvensiyaya əsasən bütün məsələlərin həllində dövlətlər bir-birinin maraqlarını mütləq nəzərə almalıdır. Birincisi, Rusiya ilə Azərbaycan Samur çayı ilə bağlı sazişi imzalamaqla bu beynəlxalq-hüquqi normaları özləri üçün konkretləşdiriblər. İkincisi isə ondan ibarətdir ki, saziş iki ölkənin su istifadəçilərinin maraqlarına uyğun olaraq Samur su qovşağından birgə istifadənin mexanizmini müəyyənləşdirir.


- Samur çayının suyu hansı proporsiyalarda bölüşdürüləcək?

- Bu sual daha çox su təsərrüfatı sahəsində çalışan mütəxəssislərə ünvanlanmalıdır. Öz tərəfimdən deyə bilərəm ki, saziş Samur su ehtiyatlarının birgə istifadə olunması parametrlərini aydın müəyyənləşdirir. Əminəm ki, bu saziş əvvəllər olduğu kimi, su ilə bağlı bütün məsələlərin ədalətli, bir-birinin maraqlarının qarşılıqlı və dostcasına nəzərə alınması yolu ilə həlli üçün etibarlı əsas olacaq.


- Samur çayı üzərində yeni körpünün inşası nə vaxt başlanacaq və körpü kim tərəfindən inşa olunacaq?

- Çox arzuolunandır ki, bu iş tezliklə başlasın. Əvvəllər sərhəd xətti haqqında müqavilənin olmaması bu inşaatı əngəlləyib. Məlum deyildi ki, körpüyə cavabdeh kimdir. İndi isə tərəflər hansı obyektlərin Rusiya, hansının isə Azərbaycanın yurisdiksiyası altında olduğunu dəqiq müəyyənləşdirdikləri üçün işin başlanmasına heç bir hüquqi maneə yoxdur.
# 1046

Oxşar yazılar