Fazil Mustafa, Qüdrət Həsənquliyev və İlyas İsmayılovun namizədliklərini irəli sürəcəkləri dairələr dəqiqləşdi
15 sentyabr 2010 10:38 (UTC +04:00)

Fazil Mustafa, Qüdrət Həsənquliyev və İlyas İsmayılovun namizədliklərini irəli sürəcəkləri dairələr dəqiqləşdi

“İslahat” siyasi partiyalar blokunun parlament seçkilərində irəli sürüləcək namizədlər siyahısının hazırlanması üzərində iş başa çatıb.

Bunu Lent.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.

Bloka daxil olan partiyaların sədrlərinin namizədliklərini irəli sürəcəkləri seçki dairələri də artıq məlumdur. BQP sədri Fazil Mustafa dairəsini dəyişmir və 2005-ci ildə keçirilən parlament seçkilərində deputat seçildiyi 26 saylı Sabunçu birinci seçki dairəsindən yenə namizəd olacaq. 2005-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bu seçkilərdə 7 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyini irəli sürür. Ədalət Partiyasının sədri İlyas İsmayılov da Fazil Mustafa kimi dairəsini dəyişmir. O, yenə də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat mandatı əldə etmək üçün yarışacaq.

Bloka daxil olan Təkamül Partiyasının sədri Teyyub Qəni isə 33 saylı Xətai birinci seçki dairəsində namizəd olacaq.

BQP sədri namizədlərin siyahısının yaxın 2-3 gün ərzində Mərkəzi Seçki Komissiyasına təqdim olunacağını bildirib: “Bu gün blokun namizədlər siyahısında olan şəxslər həmin dairələrdən öz namizədliklərini irəli sürəcəklər”.

Fazil Mustafa blokun namizədlər siyahısında hər partiyadan neçə nəfərin yer aldığını deməkdə isə çətinlik çəkib: “Partiyalar bir-birinə güzəştə gediblər. Ola bilər ki, hansısa partiyanın 70 namizədi var, güzəştlər nəticəsində 30 namizədi qalıb. Ona görə də son siyahıda hələ hesablamanı aparmamışıq. Bunun bizim üçün elə bir əhəmiyyəti də yoxdur”.

Qeyd edək ki, “İslahat” siyasi partiyalar blokuna Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası və Təkamül Partiyası daxildir.

Ramiz
# 664

Oxşar yazılar