Əfşar Süleymani: “Yəhudilər Türkiyədən heyif çıxırlar”
09 mart 2010 18:00 (UTC +04:00)

Əfşar Süleymani: “Yəhudilər Türkiyədən heyif çıxırlar”

“Məncə, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qərara sərt reaksiyalar davamlı olsa, bu sənəd daha üst qurumlarda, o cümlədən palatada qəbul olunmayacaq. Vəziyyətin bu yerə çatmasına isə Türkiyənin təxminən il yarım əvvəldən başlayaraq, yürütdüyü xarici siyasət səbəb olub”.



Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri, politoloq Əfşar Süleymani ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” haqqında qətnamənin qəbulunu şərh edərkən deyib.


“Məsələn, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Davos Forumunda İsrailin ünvanına Fələstində törədilən hadisələrlə bağlı ciddi ittihamlar səsləndirdi və həmin tədbiri tərk etdi. Eyni zamanda Türkiyənin Suriya ilə İsrail arasındakı danışıqlarda apardığı vasitəçilik dayandırıldı. Türkiyədə yayımlanan “Kurtlar Vadisi Pusu” seriyalı İsraillə diplomatik gərginliyə səbəb oldu. Bundan başqa, iki ölkə arasında hər kəsin bildiyi digər problemlər də yaşandı. Konqres üzvləri arasında kifayət qədər yəhudi var. Habelə qətnamənin qəbulu üçün canfəşanlıq edən Hovard Bermanın da yəhudi olduğunu nəzərə alsaq, Türkiyəyə qarşı nümayiş etdirilən bu davranışa yuxarıda sadalananların təsiri olmamış deyil. Onu da nəzərə alsaq ki, yəhudi lobbisi də qətnamənin qəbulunun əngəlləməsində türk diasporuna dəstək vermədi, onda demək olar ki, yəhudi əsilli konqresmenlər, eləcə də lobbi Türkiyədən İsrailə münasibətdə yürütdüyü siyasətin heyfini çıxırlar”, - deyə keçmiş səfir vurğulayıb.


Sabiq səfir deyib ki, Türkiyənin bu addımları ABŞ-ı da incidib. Ə.Süleymaniyə görə, Türkiyənin xarici siyasətdə atdığı bəzi addımlar ABŞ-ın narazılığına səbəb olub və rəsmi Vaşinqton Ankaranı tənbeh etmək istəyir: “Bu arada Ərdoğan Türkiyənin İranla da münasibətlərini dərinləşdirib. Barak Obama isə Misirdə və digər ölkələrdə səfərdə olanda müsəlmanlarla qarşı yaxşı siyasət aparacağını hiss etdirsə də, bunu yalnız sözdə görürük. ABŞ-ı xarici siyasəti, doğurdan da müsəlmanlara qarşı sərtdir. Biz bunu Fələstində, Azərbaycanın işğal olunmuş ərazilərində, Livanda və başqa ərazilərdə görürük. Minsk qrupu Azərbaycanın ərazi bütövlüyünü təmin etmir. BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dörd qətnaməsinin heç biri həyata keçirilmir. Güman edirəm ki, ABŞ bu siyasət davam edəcək. Lakin rəsmi Vaşinqton müsəlman dünyası ilə düzgün və sədaqətli münasibət qurmalıdır. Müsəlman dövlətləri arasında qarşılıqlı etimad azdır, bəzən isə heç yoxdur. Müsəlman ölkələri ABŞ və qərb dövlətlərinin siyasətinə baxıb, öz aralarındakı münasibətlərdə dəyişiklik etməli, bir-birlərinə dəstək verməlidir”.
# 408

Oxşar yazılar