ARDNŞ Rüstəm İbrahimbəyovla bağlı siyahı açıqladı
15 noyabr 2012 17:56 (UTC +04:00)

ARDNŞ Rüstəm İbrahimbəyovla bağlı siyahı açıqladı

"Son vaxtlar Rüstəm İbrahimbəyovun bir sıra müxalif mətbuat orqanlarına verdiyi müsahibələrdə ARDNŞ-in nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar irəli sürülür. Bu müsahibələrdən açıq-aşkar görünür ki, R.İbrahimbəyovun narazılığı onunla əlaqədar olan bir neçə torpaq mübahisəsi ilə birbaşa bağlıdır”. Lent.az-ın məlumatına görə, bu barədə ARDNŞ məlumat yayıb.

“ARDNŞ tərəfindən son illərdə mədən ərazilərində və neft sənayesi infrastrukturlarının mühafizə zonalarında zəbt edilmiş torpaqlarda qanunsuz tikililərə qarşı qətiyyətli hüquqi tədbirlər həyata keçirilir. Bu tədbirlər tam hüquqi əsaslarla və ayrı-ayrı insanların şəxsiyyətinə fərq qoyulmadan aparıldığından, təəssüf ki, özünə xüsusi yanaşma tələb edən bəzi şəxslərin etirazları ilə qarşılaşır. R.İbrahimbəyovla əlaqəli torpaq mübahisələri də, bütün digər hallarda olduğu kimi, məhkəmə qərarları ilə tamamlanmış və ARDNŞ-nin qanuni mənafeyi təmin edilib” - deyə, məlumatda deyilir.

Məlumatda o da vurğulanır ki, R.İbrahimbəyov “əldə etdiyi” torpaq sahələrinin guya “kino sahəsinin inkişafına yönəlmiş böyük bir layihə üçün” nəzərdə tutulduğunu iddia edir: “Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən edilib ki, həmin torpaq sahələri müxtəlif şəxslərin, daha dəqiq desək, onun həyat yoldaşı İbrahimbəyova Şöhrət Salman qızının, yaxın qohumları Əfəndiyeva Lalə Kamil qızı, Əfəndiyev Erkin Orxan oğlu, Quliyeva Vahidə Həmid qızı, Hüseynov Şükür Hüseynəli oğlu, Həsənova Ülviyyə Atamalı qızı, Həsənova Ülkər Atamalı qızı, Həsənova Pərvanə Qurbanqulu qızı, Quliyev Vaqif Fərruxoviç, Həsənov Atamalı Ehtiram oğlu, Quliyev Cəmal Vaqif oğlunun, eləcə də yaxınları olan İmanova Nailə Davud qızı və Səfərov Faiq Firuz oğlunun adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılıb. Məhkəmə çəkişmələri zamanı o da aydın olub ki, istər bələdiyyə, istərsə də torpaq sahələrini “almış” bu şəxslər onlara qanunsuz ayrılmış torpaqların dövlət mülkiyyətində və ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aid olduğunu əvvəldən biliblər. Bu hallar həm rayon məhkəmələrində, həm appelyasiya, həm də ali məhkəmədə hər bir iş üzrə ətraflı araşdırmanın predmeti olub və torpaqlar üzərində ARDNŞ-nin hüquqları öz təsdiqini tapıb. Göründüyü kimi, guya kino sahəsinin inkişafına aid edilən bu layihə üçün rəsmiləşdirilmiş torpaq sahələri, əslində, ayrı-ayrı adamların şəxsi məqsəd və maraqları üçün nəzərdə tutulub. R.İbrahimbəyov həmin torpaq sahələrinin faktiki olaraq ona məxsus olduğunu etiraf etməklə əslində, bu ərazilərin qeyri-qanuni əsaslarla əldə olunduğunu bir daha təsdiqləyir. Bununla kifayətlənməyən R.İbrahimbəyov özünə xüsusi yanaşma tələb edir və məqsədlərinə nail olmaq üçün “kino sahəsinin inkişafına yönəlmiş böyük layihə”ni bəhanə gətirir. Halbuki özünü ziyalı kimi təqdim etməyə çalışan o, ilk növbədə qanunlara hörmətlə yanaşmalı və özünü cəmiyyətdən fərqləndirməməli idi.

Məlum olduğu kimi, ARDNŞ torpaq mübahisələri ilə bağlı müvafiq məhkəmələrə 15 000-dən çox iddia təqdim edib. Bu iddialar təkcə Səbail rayonunu (Bibiheybət yatağı) deyil, neft-qaz əməliyyatları üçün nəzərdə tutulan digər əraziləri də əhatə edir. ARDNŞ tərəfindən torpaq mübahisələri ilə bağlı qaldırılan iddiaların statistikasına nəzər salsaq, görərik ki, təkcə son bir neçə il ərzində Səbail rayon məhkəməsinə 2000-dək, Sabunçu rayon məhkəməsinə 6321, Xətai rayon Məhkəməsinə 444, Nizami rayon Məhkəməsinə 179, Binəqədi rayon Məhkəməsinə 5000-ə qədər iddia təqdim edilib. Bu fakt onu göstərir ki, ARDNŞ tərəfindən qaldırılan iddialar ayrı-ayrı şəxslərə deyil, torpaq sahələrində aparılan bütün qanunsuz tikililərə qarşı yönəlib. Özünə xüsusi status, fərdi yanaşma tələb edən R.İbrahimbəyovun çıxış və bəyanatları isə dövlət tərəfindən konkret məqsədlər üçün ARDNŞ-nin istifadəsinə verilmiş torpaq sahələri üzərində hüquqlardan imtina olunmasına əsas verə bilməz. ARDNŞ bir daha bəyan edir ki, neft-qaz əməliyyatları üçün onun istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində bu qəbildən olan hüquq pozuntularına qarşı qətiyyətli tədbirlərini bundan sonra da davam etdirəcək. Bu məsələdə vəzifəsinə görə heç kəsə güzəşt edilməyəcək, üstünlük verilməyəcəkdir. Həmin istiqamətdə aparılan tədbirlərin aşkarlığı təmin edilməklə cəmiyyətdə çaşqınlıq yaradılmasının qarşısı alınacaq, qanuni proseslərə təsir göstərilməsinə yol verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5640

Oxşar yazılar