“Qarşımdan keçən maşın onun tabutunu aparırmış...” – <span style="color:red;">Şəhid mayorun xanımı danışır
30 aprel 2019 20:00 (UTC +04:00)

“Qarşımdan keçən maşın onun tabutunu aparırmış...” – Şəhid mayorun xanımı danışır

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid mayor Elnur Əliyevin evindən hazırlanıb.

 

Mayor


Elnur Əliyev 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1983-91-ci illərdə Dədəli kənd orta məktəbində təhsil alıb. 1994-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini başa vurub. 1998-ci ildə  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) bitirən kimi N saylı hərbi hissəyə motoatıcı taqım komandiri təyin olunub. 2014-cü ilin noyabrından etibarən Füzuli rayonundakı N hərbi hissəsinin səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi təyin olunub.

 

Yol

 

Dümdüz asfaltın üzərində güllənib naxış vuran yağış damcılarından məni namnazik şəffaf şüşə səthi ayırır. Bozumtul rəngə çalan buludların dərinliklərindən qopub avtobusun pəncərəsinə toxunan, sonra da diyirlənib torpağa damcılayan soyuq su damlaları düşüncələrimə bir az kədər, bir azca da ağrı qatır. Ucunu tutub getdiyim bu yol bir azdan məni 2016-cı il aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş mayor Elnur Əliyevin evinə çatdıracaq.

Şəhidin həyat yoldaşı ilə reportajdan əvvəlki söhbətimiz yadıma düşür. Nuranə xanım söz arası qəfildən deyir: “Elnur bir gecə də olsun indi biz yaşadığımız evdə yaşamadı. Bu evdə bir stəkan çay içib, bir tikə çörək yemədi. Eləcə 3-4 dəfə qaçaraq gəlib evin yeri-yurdu, təmiri ilə maraqlanıb, getdi”...

Görəsən, indi getdiyim  bu yolu üç il bundan əvvəl sonuncu dəfə gedən mayor ürəyindən nələr keçirib, nələr düşünürmüş? Yəqin ki, ailəsi ilə birgə köçəcəyi evlə bağlı müxtəlif arzular qururmuş. Nə zamansa gözəl günlərin sorağı ilə yeni evinin kandarından içəri keçəcəyinin xəyal edirmiş...

 

Ev

 

Evin qapısından içəri daxil olanda divarın bir hissəsində şəhid üçün yaradılmış guşədə Elnur Əliyevin portretləri, tərifnamələri, orden və medalları ilə qarşılaşıram. Otaqdakı canlı və cansız hər şey nə zamansa dipdiri, sağlam, ürəyi həyat, vətən eşqi ilə döyünən bir insanın varlığından xəbər verir. Şəhidin 6-cı sinifdə oxuyan oğlu Elvin, qardaşı Amid, bacısı Turanə və qaynanası Şairə xanım masa ətrafında əyləşiblər. Otaq adamla dolu olsa da ətrafa ürəyə işləyən səssizlik hakim kəsilir. Saçları gümüşü rəngə çalan, xınadan, boyadan özünü məhrum edən Şairə xanımın səsi yan-yörəmizi bürüyən sükuta hücum edir:

“Elnur dayımın ilk övladı idi. Mənim toyum olanda onun altı yaşı vardı. O, həmişə mənə bacı deyərdi. Amma sonralar tale elə gətirdi ki, qızımla ailə həyatı qurdular. Onun iyirimi yaşı olanda anası cavan yaşda rəhmətə getdi. Amma rəhmətə getməzdən əvvəl mənə dedi ki, qızın Nuranə Elnurundu. Allah təala mənə oğul yox, üç qız vermişdi. Elnur mənim həm oğlum, həm də kürəkənim idi. Elnur da, Nuranə də öz razılıqları ilə ailə qurdular”.

 

Qardaş

 

Elnur Əliyevin qardaşı Amid Əliyev də hərbçidir. Qardaşın gözlərinin dərinliyindən boylanan qüssə, simasını bürüyən nisgil şəhid qardaşının ölümünə heç cür alışa bilməməsindən xəbər verir. “Mən evin balacası olmuşam. Elnurun hərbçi olmasında atamın rolu çox olub. 80-ci illərin sonunda qatarla rayonlardan birinə gedən atam yolda Cəmşid Naxçıvanski adına məktəbin tələbələrini görür. Onların səliqə-sahmanı, duruşu atamın xoşuna gəlir. Evə gələn kimi anama deyir ki, Elnuru ora aparacam, hərbçi olsun. Sonralar Elnuru hərbçi paltarında görməyim, onun hərbə olan sevgisi məndə də bu sahəyə maraq oyatdı. Bu haqda Elnura deyəndə o, mənə bircə kəlmə dedi: “Dözə biləcəksənsə, gəl.”

Ürəkli oğlan idi. Uşaqlıqdan qorxunun nə olduğunu bilmirdi. Bizim ailədə, nəsildə Elnur əvvəldən seçilmiş insan idi. Ömrünün 22 ilini hərbdə xidmət etmişdi. Bu illərin yalnız bircə ilini arxa cəbhədə oldu. O, arxada heç cür qala bilmirdi, həmişə irəlidə olmağa tələsirdi. Həyatındakı ən əlamətdar günlərdə, nişanında, ilk övladı doğulanda belə gələ bilməmişdi.

Elə sözlər, fikirlər var ki, onları sözlə ifadə edə bilmirəm. Vətən bizim hamımızındır. Hər birimiz necəsə üstündə gəzdiyimiz torpağa öz borcumuzu qaytarmalıyıq. Bizim də qismətimizə hərbçi olmaq düşüb. Mən Elnurda vətən eşqinin, məhəbbətinin nə olduğunu dəfələrlə görmüşdüm. Hərbçi formasını geyinmək, səngərə gedib torpağın üstündə yatmaq da vətən sevgisidir, amma hər şey hələ bununla bitmir. İnsanın həyatında elə bir məqam ola bilər ki, bu sevgini sübut etmək üçün ondan onun canı tələb olunsun. Elnurun ölümü, onun əhatəsində olan əsgərləri xilas etməsi onun vətənə, insanlığa olan sevgisinin sübutu idi.

Aradan üç il keçsə də elə bir gün, saat olmayıb ki, onu xatırlamayım. Evdə də, işdə də dəfələrlə hansısa işlə məşğul olarkən qəfildən Elnur gözlərimin önündə canlanıb, onunla yaşadığımız günlər yadıma düşüb və həmin an qollarım boşalıb. Onun itkisi mənim içimdə həmişə qövr edən, açıq qalan yaradı. Bu yaranın nə zamansa qaysaq bağlayacağına, üzünün örtüləcəyinə inanmaram. Düzdür ailəsinin, övladlarının yanında özümü tox tutmağa, güclü görsənməyə çalışıram. Övladlarının möhkəm, əzmli böyüməsi üçün biz məcburuq ki, onun yoxluğunu qəbul edək, ya da ən azından özümüzü qəbul etmiş kimi göstərək. Amma çox çətindir, çünki Elnur hərədə bir cür iz qoyub gedib. Bütün bunlarla yanaşı həmişə fəxr edirəm ki, bu cür insanın qardaşıyam”.

 

Ön cəbhə

 

Bayaqdan hiss olunan həyəcanını yatırmaqdan ötrü asta da olsa otaqdan otağa keçən, gəlib masa ətrafında əyləşməyə ürək etməyən Nuranə xanım avazımış çöhrəylə, titrək səslə elə ayaq üstü söhbətə qoşulur: “Məni Elnura el verdi, el də aldı. Bizə kimsə elçi gəlmək istəyəndə hamı deyirdi ki, o, Elnura deyiklidir. Özümüzün də xəbərimiz olmadan el bizi birləşdirmişdi.

2005-ci ildə ailə qurduq. Elə ilk günlərdən də onunla birlikdə ön cəbhələrdə oldum. Olduqca çətin şəraitlərdə yaşamışıq. Ailə qurandan sonra yaşayacağımız ev ucqar bir dağın başında yerləşirdi. Adi məişət əşyalarımız soyuducu, qaz, elektrik sobamız belə yox idi. Evi odun sobası ilə qızdırırdıq. Övladlarımın hər ikisini də həmin kənddə dünyaya gətirmişəm. Amma bir dəfə də olsun onunla yaşadığım həyata, taleyimə etiraz etməmişəm. Çünki mən kiminlə ailə qurduğumu əvvəlcədən bilirdim. Biz yaşadığımız kənd hər an düşmən təhlükəsinə məruz qala bilərdi. Kəndlə Elnurgilin postu yaxın idi. Elnurla təzə ailə qurduğumuz günlərin birində bir dəfə o, çox yorğun gəlib möhkəm yatmışdı. Birdən gecə saat ikidə yuxudan ayılıb, dedi “mən gedirəm, uşaqlar postda tək qalıblar”. Mən onda başa düşdüm ki, Elnur o dağın başında məni evdə tək qoymağa razıdı, amma postdakı əsgərlərini nəzarətsiz qoymağa yox. Sözün düzü, onun bu hərəkəti mənə toxundu. Soruşdum ki, sən gedirsən, bəs mən tək necə qalım? Gülümsəyib dedi: “Sən mən evdə olanda qorx, orda olanda qorxma!”

Həmişə anamgilə də deyirdim ki, nəsə hadisə baş versə, onun düşünəcəyi ən son adamlar ailə üzvləri olar. Biz onun üçün siyahının ən axırındaydıq. Çünki onu birinci düşündürən başqasının balaları, övladları idi. Hərbçilər öz doğmalarının göz yaşlarına qıyırlar, amma onların tabeçiliyində olan əsgərlərin ailələrinə qıymırlar. Yəni bunlar söz xətrinə deyilən sözlər deyil. Mən onunla birgə yaşadığım on bir il müddətində bu dediklərimin şahidi olmuşam.

 

Yuxu

 

Elnur Əliyev şəhid olan günün gecəsi Nuranə xanımın oğlu Elvin qəfildən atasının səsini eşitmək, onunla danışmaq istəyir. Lakin onun zəng və mesajları cavabsız qalır. O, məcburiyyət qarşısında qalıb, uşaqlarını aldadır. Deyir ki, atanıza mesaj yazdım, yaxşıdı. Siz yatın, o, da bir azdan gələcək. Uşaqlarını sakitləşdirmək üçün onlarla birgə uzanan Nuranə xanım yuxuya gedir: “Gördüm ki, evimizi mühasirəyə alıblar, çıxacaq heç bir yerimiz yoxdur. Öz-özümə fikirləşirəm ki, mən cəhənnəm, bəs uşaqları harda gizlədim ki, düşmən tapa bilməsin. Birdən ağlıma gəlir ki, onları paltar şkafının içərisində gizlədim. Yuxudan ayılandan sonra narahat olmağa başladım”.

 

Mesaj

 

Nuranə xanımın gördüyü yuxunun qorxusuna kənddən gələn atışma, silah səslərinin vahiməsi də qarışır. Aprelin 2-də səhərə yaxın o, həyat yoldaşına növbəti mesajı yazır. “Təxminən iki dəqiqədən sonra telefonuma Elnurun nömrəsindən mesaj gəldi “Yazmayın!” Bundan sonra mən daha da narahat oldum. Axı o, niyə mənə yazma yox, yazmayın yazdı? Bu rəsmiyyətə səbəb nə idi? Amma yenə də ağlıma şəhidlik, ölüm kimi fikirlər gəlmədi. Öz-özümə təskinlik verdim. Bəlkə telefonu kiməsə başqa yoldaşa verib, bəlkə özü harasa gedib. Bundan sonra daha heç nə yazmadım. Fikirləşdim ki, məsələ ciddidir, onu narahat etmək olmaz!”

 

Son gəliş

 

“Son dəfə martın 30-da evə gəldi, çox bikef idi. Baxdım ki, gözlərinin altı da qızarıb. Plov bişirmişdim. Süfrəyə plovu gətirəndən sonra Elnurun stəkanında ona kompot süzdüm. Mənim də adətim idi, ona çayı, kompotu həmişə yarımçıq süzürdüm. Bu da onun acığına gəlirdi. Amma həmin gecə Elnurun stəkanını sonuna qədər doldurdum. Özü ilə də zarafatlaşdım. Dedim, bax, bu dəfə stəkanını axıra qədər doldurmuşam, ömrün uzun olacaq. Elə bil, həyat özü bizi son ana hazırlayırmış... Səhəri günü o, martın 31-də erkəndən məndən xəbərsiz oyanıb, getmişdi. Sonra günortaya yaxın mənə mesaj yazdı ki, heç səhər-səhər məni yola salmadın. Həmin günü ona heç bir zaman demədiyim ən gözəl sözləri dedim. Ona son sözüm belə oldu: “Sənsiz həyatı mən neynirəm?” Həmin yazışma bizim vida yazışmamız oldu”.

 

Son döyüş

 

Aprelin 1-dən 2-nə keçən gecə Elnur Əliyev əsgərləri ilə düşmən olan tərəfə keçirlər. Düşmən tərəfdən onlar olan istiqamətə dalbadal əl qumbaraları atılır. Onlar bir neçə dəfə bundan yayınsalar da növbəti qumbara düz mayor və əsgərlərinin yanına düşür. Sağ qalan əsgərlərin sonradan nəql etdiklərinə görə partlayış baş verən zaman ətrafındakı əsgərlərə heç nə olmasın deyə mayor özünü qumbaranın üstünə atır. Sinəsini dələn yaradan elə yerindəcə dünyasını dəyişir.

 

Təcili yardım

 

Ölümü eyninə gətirməyən Nuranə xanım aprelin 2-də heç nədən xəbərsiz uşaqlarını dərsə aparır. Ancaq evə qayıdan kimi müəllimədən zəng gəlir ki, vəziyyət pisdir, uşaqları məktəbdən götürmək lazımdır. Ağlına heç nə gətirməyən Nuranə xanım ərinin şəhid olmasından xəbərdar olan bütün kəndin qayğılı, kədərli, qorxulu baxışları altında məktəbə yollanır. Yolda cəbhə bölgəsindən gələn təcili yardım maşınları ilə rastlaşır. Qorxu canını bürüyür. Nuranə xanım sonralar bilir ki, sən demə, onun qarşısından ötüb keçən səsli-küylü təcili yardım maşınlarından birinin içərisində onun həyat yoldaşının cansız bədəni də olub...

 

Son

 

Son ana qədər mətanətlə dözən, ölümü nə həyat yoldaşının, nə də özünün həndəvərinə yaxın buraxmayan Nuranə xanıma ərinin ölüm xəbəri gəlib çatır.

“Bütün kənd Elnurun şəhid olmasını bilirmiş. Bircə məndən başqa. Hamı bizim evdən çıxan ilk səsi gözləyir ki, bizə axışsın. Elnurun əmisi, bibisi də bizə gəlirlər. Onlar da xəbəri bilirmişlər, amma deməyə ürək etmirlər. Ortancıl qaynıma zəng vuranda o, ağlaya-ağlaya dedi: “Belimiz qırıldı”. Bilmirəm, amma həmin vaxtı niyəsə ağlıma gəldi ki, Elnuru kənddəki hospitala aparıblar. Qapını açdım ki, bayıra çıxım, gördüm bütün kənd bizim həyətdədir. Adamları yarıb kənddəki hospitala tərəf qaçmağa başladım. Onlar məni tutub saxladılar, həyətimizə gətirdilər. Baxdım ki, qohumlarımız, Elnurun Bakıda yaşayan dostları hamısı bizim həyətdədilər. Həmin anda dedim ki, əgər Elnura nəsə olubsa, allah mənim də canımı alsın. Bu sözlər ağzımdan çıxanda gördüm, boynuma bir əl dolandı. Elvin məni qucaqlayıb, dedi ki, ana deyirlər atam şəhid olub, bəs sənə də bir şey olsa, biz necə olacağıq? Elvinin sözləri sanki məni silkələdi. Həmin an anladım ki, axı mən tək deyiləm, balalarım var...

Mən həmişə öz həyatıma, bir də Elnurun ömrünə güvənmişəm ki, bizim ikimizə heç nə olmaz. Başqalarının həyatından isə həmişə qorxmuşam. Amma onun ölüm xəbərini eşidəndə heç nə olmaz fikrinə olan inamım sarsıldı. Bir anlıq düşündüm, Elnur, axı mən inanırdım ki, sənə heç olmaz. Hərdən fikirləşirəm, əgər mən Elnurun ölüm xəbərini eşidib ölmədimsə, deməli, bundan sonra da ölmərəm...”

 

Sevinc

 

Ağır olsa belə ətrafımdakı insanlar Elnur Əliyev haqqında, onunla bağlı xatirələrini danışmaq istəyirlər. Aradan ötüb keçən bu üç il heç kimin ürəyini sərinlətməyib, ağrısını azaltmayıb. Bayaqdan ala gözlərindən yaş süzülən, səssizcə, için-için ağlayan şəhidin bacısı Turanə xanım dillənir: “Mən ondan həmişə çəkinmişəm. Gözümü açıb özümü dərk edəndən onu qardaş yox, ata gözündə gördüm. Heç vaxt ona olan sevgimi büruzə verə bilmədim. Biz onlarla qonşuluqda, demək olar ki, eyni həyətdə yaşayırdıq. Sonuncu dəfə onu görməyə gələndə, uşaqlar dedilər ki, ata yatıb. Narahat etməyə qıymadım, evə də keçmədim. Eləcə pəncərədən onun yatışına baxıb getdim. Səhəri günün gecəsi isə qardaşım şəhid oldu.

Şəhid olan günü Nuranə ilə dayanmışdıq. Xəbər gəldi ki, Elnuru gətirirlər. Biz ikimiz də bir-birimizə baxdıq, içimizdən qəribə bir sevinc hissi keçdi. Necə gətirirlər, hara gətirirlər? Bəlkə ona heç nə olmayıb? Amma az keçmədi ki, ani sevincimiz yenidən yasa çevrildi. Gətirdikləri qardaşım yox, onun uzandığı tabut idi...”

 

Oğul

 

Şəhidin oğlu Elvin qardaşı Elxanla birgə tutduğu gündəliyə atası haqqında arzularını yazır: “Sənin oğlun olmaq qürurverici, şərəfli hissdir. Hərdən fikirləşirəm ki, niyə mən bu taleyi yaşamalıyam? Amma sonradan öz-özümə deyirəm: Hamının atası mənim atam kimi olmur. Sən seçilmiş adam olduğun üçün dünyadan belə getdin!”

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12202
avatar

Samirə Əşrəf

Oxşar yazılar