Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Səfərov Oqtay Əhməd oğluna həsr olunur.
Oqtay Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində doğulub. 1999-cu ildə Ələddin Şüküroğlu adına orta məktəbin birinci sinfinə daxil olub. 2011-ci ildə oranı başa vurandan sonra hərbi xidmətdə olub.
Oqtay Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda döyüşlərdə savaşıb. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Oqtay Səfərov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
27...
Bu günə kimi tanış olduğum şəhid taleləri içərisində məni subay, dünyadan heç bir kam almadan köçən oğulların taleyi hədsiz dərəcədə kədərləndirib. Qonaq olduğum şəhid ailələrində şəhidlərimizin xanımları, övladları danışandan sonra yazı hazırlayarkən qəribə qürur hissi keçirmişəm. “Özündən bir yadigarı qalıb” deyib təskinlik tapmışam. Ölümündən sonra ağlayan ana və ata, bacı və qardaşla yanaşı, həm də bir sevgili qoyub gedən hərbçilərimizin həyatları məni həmişə mütəəssir edib. “Niyə belə olub, nə üçün tale belə amansızlıq edib” deyə düşünmüşəm. Bu gün haqqında bəhs edəcəyim daha bir şəhid əmanəti yazısı da ömürdən, sevgidən kam almayan, el dili ilə desək “toy görməyən” İkinci Qarabağ şavaşında qəhrəmancasına şəhid olan Oqtay Səfərov haqqındadır.
Müharibənin ən qızğın dövrlərində ətrafımdakı insanların bir çoxunun yaxınları, ailə üzvləri, qohumları cəbhəyə yollanmışdı. Hər kəs səksəkəli şəkildə cəbhədən xəbərləri gözləyirdi. Torpaqlar işğaldan azad olunduqca, şad xəbərlərə ürəyimiz atlanırdısa da, gənc, sağlam, ürəyi Vətə sevgi hissi ilə döyünən oğullarımızın şəhid olması xəbəri də bizi bir o qədər məyus edirdi.
Oqtayın şəkli istedadlı şairə Sevinc Elsevərin səhifəsində qarşıma çıxdı. Oqtay onun xalası oğlu idi. Sevinclə əlaqə saxlayıb, şəhidin ailəsi ilə görüşmək istədiyimi bildirəndə, o, mənə xalasının əlaqə nömrələrini yazdı. Ardınca bu cümlələri əlavə etdi: “Xalam möhkəm adamdır, oğlunun meyitini özü təkbaşına gedib meyitxanadan gətirib. Narahat olma, danışa biləcək!”
Qarayanız, mehriban baxışlı Oqtay 27 yaşın tamamında şəhidlik zirvəsinə ucalmışdı. Onun ailəsi ilə görüşəndə masa ətrafında üç qadın əyləşmişdi. Oqtayın anası və iki bacısı. Atası uzun illərdir ağır xəstə olduğundan təəssüf ki, bizim söhbətə qoşula bilmədi. O, baxışları ilə danışmağa, könlü ilə oğlunu xatırlamağa qaldığı yerdən, xəstə yatağından davam etdi.
Ən böyük arzu
Oqtayın anası Zülfiyyə xanım söhbətə oğlu ilə keçirdiyi ən xoş günlərdən, onun uşaqlıq illərindən başladı:
- Ailədə iki bacı, bir qardaş olublar. Oqtay çox səmimi, qayğıkeş, bununla yanaşı qürurlu, vüqarlı uşaq idi. Heç kimin qarşısında əyilməzdi. Hamıya yardım etməyə çalışırdı. Fərdi idmanla məşğul olurdu. Üzgüçülüyə çox marağı vardı, balıq kimi üzə bilirdi. Tale elə gətirdi ki, yoldaşım ağır xəstələndi, ikinci qrup əlil oldu. Onda Oqtay beşdə, altıda oxuyardı. Həmişə mənimlə birgə əkin sahəsinə gedirdi, kömək edirdi. Dükana, bazara da onu göndərirdim.
- Oqtayın ən böyük arzusu nə idi?
- Onun ən böyük arzusu coğrafiya müəllimi olmaq idi. Coğrafiyanı çox sevirdi. Amma 11-ci sinfə keçəndə qrupunu dəyişməli oldu. Üçüncü qrupa hazırlaşdı. Universitetə qəbul olmaq üçün 5 balı çatmadı. Hərbi xidmətə gedəsi oldu. Gəlməyinə dörd ay qalmış isə yoldaşım qəzaya düşdü, yataq xəstəsi oldu. Bundan sonra Oqtay öz arzularından əl çəkməli oldu. Yol idarəsində işə düzəldi. Sonra 3 il Bakıda tikintidə işlədi. Orda binadan yıxılıb, başından zərbə almışdı. Sonra mənə demədən Türkiyəyə gedib, əməliyyat olundu. Qohumlarıma demişdi ki, mamam bilməsin, onun ürəyi xəstədir, pis olar.
Bakıda olanda onun üçün çox darıxırdım, amma maddi vəziyyətimiz çox çətin idi. Evimizin yeganə dayağı, pul gətirəni idi. Ən böyük arzularından biri də maşın almaq idi. Ona da mən icazə vermədim, qorxdum. Dedim, 30 yaşından sonra alarsan. Heyvanları çox sevirdi. İstəyirdi həyət-bacamızda çoxlu heyvanımız olsun. İndi aldığı mal-qaranı, iki iti onun xatirəsinə görə saxlayıram. İnanın, heç iyirmi yaşı tamam olmamışdı, o, bacısına cehiz aldı, öz zəhməti ilə ona toy elədi.
Zülfiyyə xanım deyir ki, oğlu Oqtay illərdir bir qızla bir-birlərini sevirmişlər. Gəncəyə yaxın dostugilə qonaq gedəndə, görüb bəyəndiyi bu qızla müharibəyə gedənə qədər danışırdı, gələcək haqqında planlar qururmuş:
Sevdiyi qız...
Oqtay sevdiyi qızı bircə dəfə görmüşdü. Amma altı il idi sevirdi. Məni də onunla tanış etmişdi. Mən də qızı tanıyandan sonra çox sevmişdim. İndi də onunla danışıram, ona Oqtayımın yadigarı kimi baxıram. İndi qız da ağlaya-ağla qalıb. O, qızın valideynləri rəhmətə gedib. Bütün mehrini Oqtaya salmışdı.
Bizimlə söhbətə telefonla Oqtayın illərlə sevdiyi qızın qoşulmasını xahiş edəndə, Zülfiyyə xanım tərəddüd edir. Birdən ailəsində söz-söhbət olar, problem yaşayar deyir. Ancaq Oqtayın bacısı ona zəng vurur. O, sevdiyi oğlan haqqında danışmaqda tərəddüd etmir, hətta ürəklə razılaşaraq, söhbətimizə qoşulur:
- Adım Günaydır, Gəncədə yaşayıram. əslən də buralıyam. 11-ci sinifdə oxuyanda Oqtayla tanış oldum. O, bura dostugilə qonaq gəlmişdi. Onun dostu da bizimlə üzbəüz binada qalırdı. Məktəbdən evə gələndə Oqtay məni görmüşdü. Üç gün arxamca gəldi, sonra nömrəmi tapıb əlaqə yaratdı. Onu tanımadığım üçün telefon zənglərinə cavab vermirdim, o, da mesaj yazırdı. Sonra getdi Bakıya, oradan yenə zəng vurmağa davam etdi. Onda bildim ki, mənə qarşı hisləri həqiqidir. 2016-cı il oktyabrın 10-da ilk dəfə görüşdük. Onunla 10-15 dəqiqəlik görüşümüz olub. Çox zəhmətkeş idi. Gecə də, gündüz də işləyirdi. Vaxtı olmurdu. Ona görə də görüşümüz bircə dəfə olub. Həm də üç il Türkiyədə yaşadı. Demişdi ki, gələrəm, evlənərik. Onda da anam komaya düşdü, dünyasını dəyişdi. Sonra müharibə başladı. Mənə zəng vurdu.
- Nə dedi?
- Dedi, mənə çağırış gəlib, gedirəm müharibəyə. Getdi qayıtmadı. Onun bir pis xüsusiyyəti olmayıb, yadımda qalmayıb. Bircə qısqanclığa görə söz-söhbətimiz olub. Sonuncu dəfə mənə zəng vurub demişdi ki, narahat olma, hər şey yaxşıdır. Gələcəm Gəncəyə, səni də götürüb gedəcəm evimizə. Amma olmadı. İndi onun adı gələndə, bircə şey ağlımdan keçir. Düşünürəm ki, görəsən, ona nə vaxt qovuşa biləcəm. Cənnət varsa, o dünyada ona qovuşmaq istəyirəm. Mehriban, tərbiyəli, qayğıkeş insan idi.
Zülfiyyə xanım deyir ki, oğlu ilə bağlı heç bir anı, günü və xatirəni unuda bilmir:
- Oğlumla bağlı heç nəyi unuda bilmərəm. Evimin hər yerində -divarlarında, qapılarında onun əl izləri var. Həyətimin, bağ-baxçamın hər tərəfinə onun xatirələri hopub. Mən hara gedirəmsə, o, mənimlə gedir. Onu sonuncu dəfə, möhkəm yağış yağan günlərin birində yola saldım. İslanmamaq üçün gödəkçəsini başına atıb qaça-qaça onu gözləyən maşına tərəf getdi. Həmin mənzərə gözlərimin qarşısından getmir (ağlayır). Bütün hərəkətləri, danışığı yadımdadır. O qədər şirin səslə “mama” deyirdi ki, az qalırdım ürəyimi çıxarıb ona verim.
Qorxu
Müharibə başlanan ərəfədə Oqtay cəbhəyə gedənlərin ilk sıralarında olur. Bir həftə təlim keçdikdən sonra döyüşün ən qaynar nöqtələrinə yollanır. Oqtayın anası ilə son danışığı noyabr ayının 2-də olur. Şəhid anası xatırlayır:
- Sevinirdi, mənə dedi ki, mama, Şuşaya qalxırıq. Ola bilsin, telefonla əlaqə qurmaq çətinləşsin. Amma narahat olma. Elə bu zəngin səhəri günü də balam şəhid oldu. O, məni hər şeydən, hər kəsdən qoruyan oğul idi. Ona görə də inanmırdım ki, ona nə isə ola bilər. Onun həyatda yeganə bir qorxusu o idi ki, birdən mənə nə isə olar. Amma tale elə gətirdi ki, onun qorxduğu yox, mənim qorxduğum başıma gəldi. Ayın 2-də mənimlə danışandan sonra əmisi oğluna zəng vurub deyib ki, anama demə, mən şəhid olacam. Ondan xəbər çıxmayanda çox narahat oldum, mənə zəng vurduğu nömrələrin hamısı ilə əlaqə saxlamağa çalışdım. Hərə bir söz dedi, məni yayındırdı. Sonra axtarışa verdik, Müdafiə Nazirliyinə zəng vurduq. Noyabrın 15-də xəbər gəldi ki, onun adı itkinlərin siyahısındadır. Bütün xəstəxanaları gəzdim. Ayın 18-də bizə zəng gəldi ki, xəstəxanalardan birinə 71 yaralı gətirilib. Getdim ora. Xəstəxanadakı meyitlərin bir neçəsinə yana-yana baxdım. Hamısı bizim balalarımız idi.
Amma mənim balam orda yox idi. Həkim mənə dedi: “sən indi hansı hislər keçirirsən?” Cavab verdim ki, heç bir hissim yoxdur. Mənim balam burdakıların içərisində deyil. Evə gəldik. Gecə xəbər gəldi ki, xəstəxanaya yenə şəhid cənazələri gətirilib. Qardaşımın oğlu ilə yenidən ora getdim. Bu dəfə maşından düşəndə bütün bədənim əsməyə başladı, ayaqlarım sözümə baxmadı. Nə qədər elədim ki, maşından düşüm, bacarmadım. Onda bildim ki, oğlumun cənazəsi xəstəxanadadır. Bunu mənə analıq hissim xəbər vermişdi. Balamı özüm tapdım, tanıdım.
Oqtayın özündən iki yaş balaca bacısı Könül anasının danışdıqlarını dinlədikcə gözlərindən yaş süzülür. Ancaq özünü tox tutmağa, ağlamamağa da çalışır. Qardaşını yadına salıb deyir:
- O, çox fərqli insan idi. O, bizim ailəmizin dayağı, uğuru idi. Oqtay atam xəstələnəndən sonra evimizin bütün yükünü öz çiyinlərinə götürdü. Bizi darda qoymadı. Özü bütün əziyyət və çətinliklərə qatlaşdı. O, bizə atamın xəstəliyini, əskikliyini hiss etdirmədi. Bizə ikinci ata oldu. Onun bizim üçün etdiklərini unuda bilmərik. Mən inanmazdım ona nə isə olacaq. Biz onu çox axtardıq. Yoldaşım, qohumlarımız, hər kəs Oqtayı arayırdı. Bir gün isə yoldaşım dedi ki, Səfərov Oqtay adlı bir döyüşçü tapılıb, axşam sizi danışdıracam. Axşam zəng gəldi. Danışan adam dedi ki, adım Oqtay, soyadım Səfərovdu. Ancaq o, danışanda hiss etdik ki, səs qardaşımın səsi deyil. Sən demə, qardaşımla ad və soyad uyğunluğu olub həmin adamın.
Ağlama...
- Oqtayın şəhid olmasını necə bildiniz?
- Həmin ərəfələrdə ana olmağa hazırlaşırdım. Ancaq o qədər həyəcan keçirmişdim ki, uşaq vaxtından əvvəl anadan oldu. Bir neçə vaxtdan sonra qardaşımdan xəbər almaq üçün anamgilə gəlirdim. Yolda yoldaşıma zəng gəldi. O, kiməsə dedi ki, indi danışa bilmirəm. Dedi və telefonu söndürdü. Şübhələndim. Ona dedim, əgər qardaşıma nə isə olubsa, mənə de. Onda yoldaşım ağlamağa başladı. Dedi, Könül hazırlıqlı ol, gətirirlər. Həmin anı heç kimə izah edə bilmərəm (ağlayır). Evə gələndə bizimkilər heç nə bilmirdilər. Mən gələndən sonra onlara da xəbər çatdı. Onun ölümündən sonra Allaha çox üsyan etdim. Bir gün yuxuma girdi, məni qeybdən bir əl çəkib köhnə bir otağa apardı. Gördüm qardaşım əsəbidir. Məni görən kimi dedi, ağlama. Sən ağlayırsan, məni gətirib bu otağın içinə atırlar. Ağlama.
Oqtayın otağına girəndə səliqə ilə divara vurulmuş şəkillər, masa üzərinə qoyulmuş kitablar, müxtəlif əşyalar adamı təsirləndirir. Vaxtilə sahibinin həniri ilə isinən bu əşyalardan indi soyuqluq, kimsəsizlik yağır. Oqtayın digər bacısı Günel isə çarpayının yanında qoyulmuş Oqtayın maketinə diqqətlə baxır. Sanki bu cansız əşyada qardaşını axtarır. Sonra çevrilib mənə baxır:
- Oqtay mənim qəhrəmanım olub. Amma indi təkcə mənim yox, bütün Azərbaycanın qəhrəmanıdır. Kaş ki, belə olmazdı, onun əvəzinə mən öləydim. Düzdür, onunla həmişə fəxr etmişəm, özünə də deyirdim, yaxşı ki, sən mənim varımsan. İndi də deyirəm, Oqtay yaxşı ki, mənim qardaşım olub. O, həmişə mənim yanımdadır. İndi, bu dəqiqə də hər anımda, hər göz yaşımda hiss edirəm ki, mənimlədir. Onun ömrünün iki, üç ili mənə həsr olundu. Pul qazandı, cehiz aldı və mənə toy elədi. O, bir yox, beş qardaş əvəzi idi. Həm atam, həm əmim, həm də dayım idi. İndi onun səsinə, üzünə həsrət qalmışam. Qəbri üstə gedirəm, başdaşına sarılıb nə qədər ağlasam da, ordan səs çıxmır, qardaşım danışmır. Özümdən asılı deyil, gözlərim yollardadır. Ölənə qədər onun yolunu gözləyəcəm.
Ümid
Məni yola salmaq üçün qapıya çıxan Zülfiyyə xanım oğlunun əlinin, zəhmətinin yadigarı olan həyət-bacasına diqqətlə baxır, ağaclar budağında, çiçəklərin ləçəyində Oqtayın hənirini axtarır.
- Oqtayın sevgilisi ilə beş ildir yazışıb, danışıram. Onu öz qızlarımdan biri kimi bilirəm. İstərdim ki, o da ailə qursun. Oğlum qayıtmayacaq axı. Onun sevdiyi qızın adına bəzədiyim xonçalar evimdə qaldı. Rəhmətə gedənlərimiz çox olduğundan elçi gedə bilmədim. Oğlumun da arzusu ürəyində qaldı. Oğlumu 3-4 dəfə yuxuda görmüşəm. Bir dəfə gördüm ki, həyətdən səsi gəlir, məni çağırır. Oyanıb tez həyətə qaçdım, fənərlə hər yeri axtardım, amma tapmadım. Bir dəfə də qara atın yüyənindən tutub həyətimizə gəlmişdi. Qəmgin-qəmgin baxırdı. Dedim, nə olub balam, dedi, Günaygildən gəlirəm. Yəqin çox ağlayıram deyə daha yuxuma gəlmir. Mən indi onun xatirələrini yaşatmaq üçün onun muzeyini, adını zənginləşdirmək üçün yaşayıram. Düzdür, üzümü güldürən iki qızım, nəvələrim var, amma Oqtay oğul balam idi. Onun yoxluğunu heç kim və heç nə əvəz edə bilməz.