Tanıyanlar bilir, mən belə şeylərə inanan deyiləm. Amma xalqın inancıdı, hörmət etməliyik, təbii. İnanca görə, evdən gəlini çıxaranda dünya görmüş nənələr, analar, onun yanında güzgü götürən, çıraq tutanlara ehtiyatlı olmağı tapşırardılar. Çünki çox məsuliyyətli iş sayılırdı. Gəlinin çırağının sönməsi, güzgüsünə nə isə xətər gəlməsi yaxşı əlamət sayılmazdı.
Həmin gün gəlin maşından düşüb heç iki metr aralanmamışdı ki, qəfildən çırağın şüşəsi çartıltı ilə partlayıb, çilik-çilik olub dağılmışdı...
***
Mənim əmim qəribə adam idi, yaxşı mənada. İstər nəvələrinə, istərsə də qohum-əqrəbanın balaca uşaqlarına Dədə Qorqud kimi adlar qoyardı.
Məsələn, nəvəsinin birini “Xınalı” adlandırmışdı, mənim bacımı isə nədənsə “Püskürmə” deyib çağırardı. Qardaşı nəvəsini “Meçi”.
İlk oğul nəvəsinə öz adını qoymuşdu: Fikrət. Amma həm özü, həm də qohum-qonşu onu babasının dediyi kimi “Qoqili” deyib çağırırdı. Əslində, bu adların, ləqəblərin konkret mənası yox idi. İndi yaşı qırxı keçmiş bacım hələ də bilmir, o niyə “Püskürmə” imiş.
“Qoqili”ni mən elə böyük görmüşdüm. Bəlkə də bu cümlə sizə qəribə görünəcək. Hə, mən qohumcanlı deyiləm. İllərlə heç kimi axtarıb-aramamışam. Sadəcə, son illər gedib-gəlirəm. Elə onu da son illər tanımışdım. Ömrünün son iki ilində.
Bir dəfə həyətlərindəki hovuzun kənarında durub ordan-burdan danışırdıq. Deyəndə ki, 2016-cı il aprel döyüşlərinin iştirakçısı olub, inanmamışdım. Bu arıq, çəlimsiz uşaq iştirakçısı olduğu döyüş səhnələrindən bəhs edəndə əlim üzümdə qalmışdı.
Bir qədər sonra mən onun nişanında iştirak etdim. Hətta bir dəstə gül də bağlatdırıb getmişdim kəndə. Çox xoşuna gəlmişdi. Azı min dəfə “sağ ol, əmi” demişdi. Və biz onun toyuna hazırlaşırdıq...
Toy günü də Ucar üçün ideal vaxta təyin edilmişdi, noyabr ayına. Səhv etmirəmsə, 16-ı. Hamı, bütün kənd, qohum-əqrəba həmin günü gözləyirdi. Toy günü isə elə bir hadisə baş vermişdi ki...
Qohumu Sahib Məmmədov bir dəfə yazmışdı:
“Bizim Müsüslü kəndindəki hazırda heç kəsin yaşamadığı evimizin həyətinə girmək üçün əvvəlcə ümumi darvazadan keçmək lazımdır. Bu darvazadan keçdikdən sonra dörd həyətə giriş var. Hamımız qohumuq. Həmin məhəllədə Fikrətin toy çadırı qurulmuşdu. Onun özündən başqa bir bacısı da var. Körpə vaxtlarında analarını itirdilər. Anaları uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Ramazan bayramında bizim tərəflərdə qəbiristanlığa gedib rəhmətlikləri yad edirlər. 6-7 yaşlarında olan qardaş və bacının analarının məzar daşını qucaqlayıb acı-acı ağlamaları heç zaman gözümün önündən getmir... Toyuna bir gün qalmış hamımızı şoka salan bir xəbər aldıq. Eyni həyətdə bizimlə qonşu olan əmioğlu Əlvan qəflətən vəfat etmişdi. Əlvan bütün el-oba üçün əziz bir insan idi. Hamının xeyir-şərində birinci özünü çatdırardı. Belə alındı ki, bir həyətdə daha başqa çadır quruldu. Toy və hüzr çadırlarının arasında 50 metrdən az məsafə olardı. Toya gələnlərin hamısı əvvəlcə hüzr yerinə gəlirdi, daha sonra toya. Musiqisiz, gülüşsüz, rəqs olmayan toya”.
Hə, o gün toy yasa çevrilmişdi. Və taleyin işinə bax, düz bir il sonra biz onun öz yasına yığışası olacaqdıq.
***
Vətən müharibəsinə könüllü yollanmışdı. Təzə evli olsa da. Heç bir tərəddüd etmədən. Xocavənd istiqamətində döyüşürdü, Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girirlər. Onlardan 8 nəfəri düşmənin minaatandan açdığı atəşə tuş gəlir, 7 nəfər həmin andaca şəhid olur. Fikrət isə ayağından ağır yaralansa da, sonacan döyüşür.
Yanında olan döyüş yoldaşı onu çiyninə alaraq, bir az aparır, sonra isə Fikrət yoldaşına "üşüyürəm, məni yerə qoy",- deyir. Döyüş yoldaşı onu yerə qoyur. Çoxlu qan itirən Fikrət gözlərini əbədi yumur. Fikrətin şəhid xəbəri gec gəlir. Noyabrın 11-i cənazəsi doğulub-böyüdüyü Müsüslü kəndinə gətirilib dəfn edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fikrət Məmmədov ölümündən sonra 4 medalla, "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilir.
***
Bu gün yenə insanlar axın-axın onun anadan olduğu evə gəlib atası Elşada baş sağlığı verəcək, səbir diləyəcəklər. Çünki bu gün onun ad günüdür. Cənnətdə keçirdiyi ikinci ad günü. 25 yaşı tamam olur.
“Ata, mənimlə fəxr edəcəksiniz”. Bu onun atasına dediyi son sözlər idi, telefonla danışanda.
Bütün şəhidlərimiz kimi cənnətdədi, “Qoqili”. Bəs görəsən, onu cənnətə aparan mələklərdən soruşdumu, niyə, niyə belə bir tale yazıldı onun bəxtinə? Elə babasını orada görsə, ondan da soruşdumu, niyə “Qoqili”?
Hə, lap unutmuşum. Yuxarıda yazmışdım ha, gəlin köçəndə çırağı sınan gəlin.
Bax, o, “Qoqili”nin anasıydı…