Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid zabitimiz Əhməd Abdullayevə həsr olunub.
Abdullayev Əhməd Hüseynağa oğlu. 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub. 1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1992-ci ildə təhsilini davam etdirmək məqsədilə Ankarada hərbi məktəbə daxil olub. 1996-cı ildən Türkiyə Quru Qoşunları Akademiyasında təhsilini davam etdirib. Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə) hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.
2009-cu ilin dekabr ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə mayor Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Təklik
Lap çoxdan dünyasını cavan yaşda dəyişmiş şairin oğlunun xatirələrini oxuyurdum. Qəfildən diqqətimi belə bir cümlə çəkdi: Atam dünyasını dəyişəndən sonra gecələr anamın ağlamaq səsinə yuxudan oyanırdıq. Çox vaxt biz də anamın yanına gedib, ona qoşulub ağlayırdıq...
Bu cümlələrdəki ağrı, tənhalıq, hüzn məni çox sarsıtmışdı. Sonralar şəhid ailələri ilə tanış olanda gecələr yuxudan oyanıb ağlayan, az yaşlı uşaqları onların ağlamaqlarını eşitməsinlər deyə hıçqırıqlarını balışa basan qadınlarla, şəhidlərin qadınları ilə tanış oldum. Hamısının üzündə eyni kədər, eyni həsrət asılıb qalmışdı. Söhbət etdikcə hər qapı taqqıltısına, telefon zənginə diksinən bu qadınların gözləri həmişə yollarda qaldı. İndi həmin qadınlardan daha biri ilə tanış olmaq üçün yola çıxmışdım. Dəhşətli isti nəfəsimi kəssə də çatacağım mənzildə daha bir həyat hekayətinin, şərəfli hərbçi ömrünün vərəqlərini çevirmək üçün tələsirdim.
Lent.az-ın “Şəhid əmanəti” layihəsində budəfəki ünvan 2010-cu ildə kəşfiyyat zamanı qəhrəmancasına şəhid olan mayor Əhməd Abdullayevin ailəsidir. Xanımı Ulduz xanım düz həyətə kimi qarşıma çıxıb məni mənzilinə qədər müşayiət edir. Evdə isə bizi onun iki oğlu, qardaşı gözləyirdi. Pilləkənləri çıxdıqca şəhid xanımının səsi divarlara dəyib əks-səda verirdi:
- Biz 2004-cü ildə ailə qurmuşuq. İki oğlumuz dünyaya gəlib. Bir müddət Tərtərdə onun iş yerinə yaxın ərazidə yaşamışıq. Əhməd tez-tez təlimlərə gedirdi. Hərb haqqında da evdə danışmazdı. Sonuncu dəfə gedəndə mənə dedi ki, bu dəfə işimiz bir az qorxuludu. O qədər qısqanc adam idi ki, mənim nömrəmi heç kimə verməzdi. Mənə dedi ki, birdən sənə başqa nömrədən zəng gəlsə, narahat olma, o nömrəni aç. Evdən çıxmaq istəyəndə geri qayıtdı, dedi, qoy, uşaqları bir də öpüm, birdən nə isə olar. Ona dedim ki, sən nə danışırsan, bizə bura gətirib qoymusan ki, belə sözlər deyəsən. Uşaqlarla ikinci dəfə görüşüb gedəndə yenə qapının yanında mənə dedi ki, bu dəfə hər şey ola bilər, hazırlıqlı ol. Getdi. Amma həmin günün axşamı yenə evə gəldi, lazım olan əşyalarını götürdü, uşaqlarla bir də görüşdü, mənə dedi ki, gəl, səni də qucaqlayım, həyatdır, hər şey ola bilər. Orucluq vaxtı idi, səhər sübh vaxtı namaza qalxanda, hiss etdim ki, nəsə havam çatmır, boğuluram. Hətta yeriyə də bilmirdim. Telefonu götürüb Əhmədə zəng vurdum. Nə qədər zəng vursam da telefonuna zəng çatmadı. Bir az keçdi, əmisi oğlu zəng vurdu, Əhmədi soruşdu. Dedim, ona nə isə olub zəng vurmusan? Dedi, yox sənəd məsələsi var, ona görə zəng vurmuşam. Sağollaşdıq. Aradan bir az keçdi, qaynım zəng vurdu, o da dedi ki, elə-belə zəng vurmuşam. Onun zəngindən sonra bildim ki, nə isə olub. Sonra nə qədər yığdımsa, onların heç birinə zəng çatmadı. Biz az keçdi, bacım zəng vurub dedi ki, Əhməd yaralanıb, biz indi sənin yanına gəlirik. Bir az keçdi, qapımız döyüldü, gördüm hərbi maşınlar və bir neçə əsgərdi. Dedilər ki, qorxmayın, Əhməd yaralanıb, sizi onun yanına aparırıq. Bayıra çıxanda gördüm əsgərləri ağlayır. Amma dedilər yaralıdı. Mən inanmadım, bizi polis maşını ilə bir tanış adamın evinə apardılar, onda ürəyim getdi, heç nədən xəbərim olmadı. Ayılandan sonra dedim ki, məni aparın Əhmədin yanına, çünki inanmırdım. Əhmədin bronejileti vardı, həm də cüssəli adam idi. Dedim, siz Əhmədi kiminləsə səhv salmısınız, o yaralana bilməz. Məni aparın, mən baxıb deyəcəm. Onlar məni xəstəxana adı ilə gətirdilər Əhməd olan yerə. Sən demə, morq imiş (kövrəlir). Həmişə mən bu haqda danışanda kövrəlirəm. Həm də bu cür şeyləri mən ancaq kinolarda görmüşdüm, inanmazdım ki, nə zamansa həyatda da yaşaya bilərəm...
Hənir
Morqu xəstəxana bilib gedən Ulduz xanımı Əhməd qoyulan otağa buraxmırlar. Təkid edirlər ki, valideynləri gəlsinlər, sonra sizi də buraxarıq. Lakin bir az keçəndən sonra onun yalvarışları hərbçilərin ürəyini yumşaldır, onu Əhmədin yanına buraxırlar. Ölümü ağlına gətirməyən Ulduz elə bilir ki, dəmir xərəyə uzadılan Əhməd doğurdan da sağdır, hətta əli ilə onun bədəninin hərarətini də yoxlayır:
- Uşaqlar, ətrafımdakılar hamısı yadımdan çıxmışdı. Məni əvvəl onun yanına buraxmadılar, çıxartdılar çölə ki, burda gözləyin. Ayaqyoluna getmək adı ilə təzədən Əhməd olan yerə gəldim, qapıda duranlara yalvardım, ağladım, dedim, məni buraxın onun yanına, əlimlə bircə dəfə ona toxunub çıxacam. Birtəhər içəri girdim, inanmazsınız, Əhmədin istiliyi də canında idi. Onun üz-gözündə, cüssəsində ölümdən əsər-əlamət yox idi. Bircə üzündə, çənəsində bir az sıyrıntı və torpaq vardı. Yadıma gəlir ki, Əhmədi silkələyib ağladım ki, ayılsın. Ondan sonra heç nə xatırlamıram, özümə gələndə gördüm, əsgərlər məni həyətdə əyləşdiriblər, üzümə su vururlar (ağlayır). Hər tərəf dumanlı idi, gözüm heç nəyi görmürdü. Günortaya yaxın qaynım gəldi, onu Əhməd olan otağa saldılar. Qaynım təsdiq etdi ki, Əhməddir. Sonra bizi Cəlilabada gətirdilər. Qarşıda Əhmədi aparırdılar, biz də onun ardınca gedirdik. Qayınanamgilə çatanda artıq hamı bilirdi ki, Əhməd şəhid olub. Bircə mən inana bilmirdim. Öz-özümə deyirdim ki, Əhməd, sən nə qədər qısqanc insan idin, məni, uşaqlarını kimi ümidinə qoyub getdin? Onun uşaqları ilə bağlı o qədər arzuları vardı ki...
Müəllim
Əhməd dəfn olunandan sonra onun avtomobilini təmizləyən, əşyalarını yığışdıran ailə üzvləri avtomobilin salonundan bir disk tapırlar. Quran ayələrindən ibarət olan diskə qulaq asmaq istəyəndə görürlər ki, Əhmədin sonuncu dinlədiyi surə Yasin surəsi olub. Həmin günləri Ulduz xanım həyəcansız danışa bilmir:
- Diskdəki Yasin surəsi yarıya qədər dinlənilmişdi. Onda mən başa düşdüm ki, Əhməd hara, niyə getdiyini və qayıtmayacağını bilirmiş.
Əhməd şəhid olandan sonra ailənin özünə gəlməsi xeyli zaman alıb. Uşaqları azyaşlı olsa belə onun bir ana kimi uşaqlarının qayğısına qalmaq, onların “ata hardadı” suallarına cavab vermək gücü tükənib. Qohum-əqrəbanın dəstəyi zaman-zaman özün gəlməyə çalışan Ulduz xanım deyir ki, bu barədə qardaşı Nahid bəyin ona xeyli köməyi olub. Əhmədin körpə balaları gecələr atalarını axtaranda dayılarının yanına gedib, onun qucağına sığınıblar. Ulduz xanımın uzun illər Rusiyada yaşayan qardaşı Nihad bəy də deyilənləri təsdiq edir:
- Dəfələrlə gecələr yuxudan ayılıb, ağlayıb yanıma gəliblər. Qucağıma almışam, ovundurmağa çalışmışam. Düzdür nə mən, nə də əmisi onlara atasını əvəz etməz. Amma uşaqdılar, gərək nə qədər bacarırıqsa, təsəlli olaq.
Biz hamımız xəbəri eşidib haya gəldik. Əhmədlə mən bir məktəbdə oxumuşuq, həyat yoldaşımla isə bir sinifdə oxuyublar. O, çox yaxşı hərbçi olmaqla yanaşı, həm də savadlı kadr idi. Onun ölümü yüzlərlə tələbə itkisi demək idi. Tələbələrini o qədər peşəkar şəkildə yerləşdirirdi ki, onlar hərbin bütün sirlərinə bələd olurdular.
Ata, ana, dost...
Ulduz xanım Əhmədlə tanışlıqlarından bəhs edir:
- Mənim anamla Əhmədin anası bir eyni xəstəxanada işləyiblər. Əhmədin üzünü heç vaxt görməmişdim. Bir gün anam dedi ki, səni yaxşı bir oğlana vermişəm. Dedim, ay ana, heç olmasa, üzünü görərdim, sonra razılılıq verərdin. Dedi, mən səni münasib olmayan adama vermərəm. Bizim atamız rəhmətə getmişdi deyə nə mən, nə də qardaşlarım anamın sözündən çıxa bilməzdik. Nişanımıza bir həftə qalmış Əhməd icazə alıb gəldi. Mən yalnız onda onun üzünü gördüm, bildim ki, kimdir.
- Peşman olmadınız?
- Yox. Həmişə də deyirəm ki, yenidən dünyaya gəlsəm, bilsəm ki, Əhmədlə ailə qursam, beş il birlikdə yaşayacağıq, yenə də onu seçərdim. Çünki Əhməd kişi kimi kişi idi. O, ən birinci valideynlərinə, sonra vətəninə və bizə hörmət edirdi. Hərbdə də çox qeyrətli və vicdanlı adam oldu. Sonuncu tikəsini əsgərlərinə verən adam olub. Əməliyyatlardan sağ-salamat qayıdanda uşaq kimi sevinirdi, deyirdi, şükür hamı sağ-salamat qayıtdı, heç bir ananın, gəlinin gözü yaşlı qalmadı. Çox düz, doğru sözün tərəfində dayanan biri idi. Bəzən olurdu ki, hərbi hissədə su olmurdu, gəlib evdən su bidonlarına su yığıb, maşına yükləyib aparırdı. Uşaqlarını çox sevirdi. İstəyirdi ki, oxusunlar, öyrənsinlər. Hüseynin yaşı çox az idi, amma onu qucağında otuzdurub, ona maşın sürməyi öyrədirdi. Hüseyn bayraq görən kimi deyirdi, Azərbaycan, vətən, bayraq. O, elə öyrətmişdi uşaqları. Əhməd beş dil bilirdi. Sonuncu öyrənmək istədiyi dil Çin dili idi. O, can verən anda onun yanında olan əsgər deyir ki, başını qaldırdım, üzünə bulanmış torpağı təmizləyirdim. Deyirdim, gözlə, indi gəlib sizi həkimə çatdıracaqlar. Əhməd isə gözünü açıb deyib ki, uşaqlarımdan və torpaqdan muğayat olun. Yəni o, son anında belə ailəsini və vətəni düşünmüşdü.
Əmanətlər
Əhmədin ailəsi dörd nəfərdən ibarət olub. Böyük oğlu Hüseyn 2006, kiçik oğlu Nihad isə 2008-ci il təvəllüdlüdür. Ulduz xanım deyir ki, atalarının ölümündən sonra uşaqlar uzun müddət özlərinə qapanıblar. Xeyli vaxt özlərini köməksiz, dayaqsız hiss ediblər. Lakin bir neçə il əvvəl “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindəki digər şəhid övladları ilə tanış olub dostlaşmaları onların təkliyini qismən də olsa, azaldıb. Hüseyn atası ilə bağlı xatirələrini, ürək sözlərini çətinliklə də olsa ifadə etməyə çalışır:
- Mən, əlbəttə, fəxr edirəm ki, elə bir insanın övladıyam. Bu ad məni həyatda çox səhvlərdən də uzaq tutur. Atdığım hər addımda düşünürəm ki, bu addım atamın adına kölgə salmasın. Mənim indi bircə məqsədim var ki, oxuyub, müəyyən mövqe qazanmaq və atamın adını ucaltmaq. Atam hündürboylu, yaraşıqlı adam idi. Tez-tez onu xatırlayıram. Bir dəfə bizi Sumqayıtdan Tərtərə aparırdı. Onda mən atamla maşında oturub, anamla qardaşımı gözləyirdim. Atam dedi ki, Hüseyn, bəs anan harda qaldı, niyə gəlmədi. Mən də uşaq idim, dedim ki, səbir elə, gözünü yazsın, gəlir. Anamın bəzənməsini o cür ifadə etmişdim. Sonralar həmişə bu sözü deyib gülüşürdük. Mənə həmişə maşın sürməyi öyrədirdi. Tez-tez çörək almağa göndərirdi, deyirdi, get, öyrən indidən belə şeyləri. Bir dəfə harasa gedirdik, həyətdəki iti görüb qorxdum, ağlamağa başladım. Atam əlimdən tutdu, dedi qorxma, mənim kimi atan var. Əvvəllər tez-tez yuxuda görürdüm. Ayılırdım elə bilirdim yuxu deyil. Anama deyirdim ki, ana atam evə gəlmişdi, məni qucaqlamışdı. Anam da heç nə demirdi susurdu... Böyüdükcə anladım ki, hamısı yuxudu...
Qayıdış
Ulduz xanım Əhmədlə Tərtərə gedəndə həyat yoldaşına aid əşyalar eləcə də çəkmələri evdə qalıb. Əhməd şəhid olandan sonra ailə Tərtərdən Bakıya qayıdır. Və o zaman çox kədərli əhvalat baş verir:
- Əhməd sentyabrda şəhid oldu, biz dekabrda Sumqayıtdakı evimizə qayıtdıq. Qapıdan içəri girəndə gördüm Əhmədin köynəyi qapıdakı asılqandan asılıb, çəkməsi də yerindədi. Hüseyn ağladı. Dedi, atam evə gəlib, bizi görmədən gedib, sən mənə niyə atamın gəldiyini deməmisən (ağlayır). Sonralar Əhmədin şəklini böyüdüb divara vurduq. Mən onda dəli kimi olmuşdum, o şəkil məni bir az sakitləşdirirdi. Onda da Hüseyn ağladı, dedi, atamın şəklini niyə divara vurursunuz? Mənimlə xeyli vaxt danışmadı, deyirdi şəkli götürün divardan. Sonralar həmişə xörək çəkiləndə gedib Əhmədin boşqabını da gətirib qoyurdu masaya.
Əvvəllər qəbir üstünə gedəndə çox ağlayıb qışqırırdım, heç cür onun ölümünü qəbul etmirdim. Bir dəfə Hüseyn mənə dedi ki, mama bax, bu dəfə gedib, orda oyun çıxartma, ağlama. Onda elə bildim ki, bu sözü mənə Əhməd deyir. Sakitcə dedim ki, hə, yaxşı.
Nihad isə atası şəhid olanda iki yaşında olub. O, atasını heç xatırlamır. Anasının, qohumlarının danışdıqları, bir də yuxuları ilə özü üçün bir ata obrazı yarada bilib.
- Mən ilk dəfə atamın yoxluğunu beş yaşımda bildim. Sumqayıtda olurduq. Bir gün həyətə düşmüşdük, ağac əkirdik. Birdən anamdan soruşdum ki, ana, atam niyə bizə gəlib ağacı əkməkdə kömək etmir? Anam dedi ki, atan şəhid olub (kövrəlir). Ona qədər mən elə bilirdim ki, atam bütün günü işdə olur, axşamlar evə gəlir, səhər yenə gedir. Mən istəyirəm ki, heç bir uşaq atasız olmasın. Kaş, atam da mənimlə olaydı, sağ qalaydı.
Ulduz xanım deyir ki, kim deyirsə ki, illər keçir, yara qaysaqlanır, mən deyirəm ki, mənim üçün bu belə deyil. Aradan on il keçib, elə bilirəm ki, hər şey dünən baş verib. Heç nə köhnəlməyib. Nə dərd, nə də xatirələr. Bizim üçün, mənim iki uşağım üçün o yaranın üstü həmişə açıqdır. Əhməd həmişə sağdı. Həmişə yağış yağanda Hüseyn deyirdi ki, yəqin biz nə isə səhv etmişik, atam ağlayır. Onun təsəllisini az da olsa dayısından, əmisindən alırlar.
Ailə ilə sağollaşıb çıxıram. Ulduz xanım mən dayanacağa qədər ötürür.
- Əvvəllər Əhmədin qəbri üstünə gedəndə çox ağlayırdım. Qayınanam mənə acıqlanırdı, deyirdi oğul mənimdi, məndən çox yanmayacaqsan ki. Özünə fikir ver, saçına rəng qoy, şənliklərə imkan olduqca get. Ancaq mən heç kimə izah edə bilmirdim ki, Əhməddən sonra mənim havam, suyum dayanıb, nəfəs almaqda belə çətinlik çəkirəm. Aradan on il keçib, mən hələ də Əhmədin paltarlarını yığışdırmamışam. Mənə elə gəlir ki, o, hardasa sağdır, belə eləsəm, gələr mənə acıqlanar. Əhməddən kənarda mənim üçün maraqlı heç nə yoxdur, mən özümü onunla dəfn etmişəm. Gələn bayramlar, keçirilən toylar, şənliklər mənim üçün maraqlı deyil. Biz bir-birinizi sevməmişik, amma ailə qurandan sonra aramızda çox güclü bağ olub. Ona həmişə deyirdim ki, sən mənim atam, anam, qardaşım, bacım, həm də ən yaxın dostusan. Mənim ondan gizlin heç bir sözüm olmayıb. Bu danışdıqlarımın hamısı ona sevgidəndir. Mən bu sevgini uşaqlarıma ötürməyə borcluyam.