Qonaq: Vüsalə Mahirqızı
Qarşılayan: Günel Mövlud
Təsisçimizi layihəyə qonaq çağırmaqdan ötrü çoxdan əlimin içi gicişirdi. Hər dəfə, növbəti qonaqdan sonra, söhbəti oxuyub, gülən Vüsalə xanıma baxıb, “hələ başına gələcəklərdən xəbərsizdir” deyib, özlüyümdə vaxtı gözləyirdim. Qarşıdan Beynəlxalq Qadınlar Bayramının gəlişi əla fürsət oldu – qaçacaq yer, tapacaq bəhanə yox idi. Rəsmi təklifimdən şoka düşdü: “Günel, eləmə!” deyib, qarşıdakı günlərdə iştirak edəcəyi onlarla tədbir sadaladı, var gücü ilə boyun qaçırmağa çalışdı. Amma lap təsisçimiz də olsa, ta bir həmkarımı da yola gətirə bilmirəmsə…
Uzun sözün qısası, bu bazar üzündə təbəssüm, qəlbində xoş arzular (ümidvaram ki, eləydi) gəlib çıxdı görüş yerinə. Mənimlə görüşəcəyini dəqiq bilməsəm, şübhələnərdim – yaman bəzənib-düzənmişdi. Nə bilim, bəlkə də ötən dəfəki qadın qonağımın görüşə gələndə həmsöhbəti üçün bəzənməyindən örnək götürmüşdü. Hər şey olar bilər, amma mövzumuz bu deyil.
Əyləşməmişdən əvvəl müştəri gözü ilə kafeni nəzərdən keçirdi, “yaxşıdı ki, bura…əladı, bundan sonra bura gəlmək, qonaqları dəvət etmək olar” deyib, yerini rahatladı. Elə birinci qurtum çaydan müdiri çaşdırmağa çalışdım:
- Vüsalə xanım, mən təklif eləyəndə niyə bərk etiraz elədiniz? Zarafatyanaydı, yoxsa çəkindiyiniz bir şey var?
- Yox. Çəkinmirəm. Sadəcə son vaxtlar çox yerlərdə çıxış eləyirəm, müsahibə verirəm. Qorxuram ki, deyələr, “ bir agentlik yaratmısan, hər yerdə müsahibə verirsən”. Ona görə də ərkim çatan adamlar hansısa layihələrə dəvət edəndə, xahiş eləyirəm ki, mən gəlməyim.
- Yəni bu layihədən də çəkinib eləmirsiniz, eləmi?
- Yox, çəkinmirəm.
- Onda, getdik…
Gülür:
- Getdik.
- Vüsalə xanım, bəri başdan çox ağır mövzulara toxunmayım, yüngülündən başlayaq. Deyilər, qadının yaddaşı saçlarındadır. Əgər qadın saçlarını kəsdirirsə, deməli, unutmaq istədiyi bir şey var. Saçlarınız niyə həmişə qısa olur? Nəyi belə bərk unutmaq istəyirsiz?
Təəccüblə:
- Doğrudan?! Maraqlıdır. Bunu bilmirdim. Amma mən saçlarımı sırf onlara qulluq etmək çox vaxt aparır, çox zəhmət tələb eləyir deyə, həmişə qısa kəsdirirəm. Həm də yaxın adamlarımın mənə dediyinə görə, uzun saçlar mənə yaraşmır. Amma vallah, unutmaq istədiyim bir şey yoxdur. Yəni elə bir şey baş verməyib ki, onu belə ciddi-cəhdlə unutmaq istəyim. Əksinə, xatırlamaq istədiyim şeylər var.
Ofisiantımız yaxınlaşır və sifariş eləyəndə, qonağım astadan gileylənir:
- İndi mən nə yeyim ki, keçən dəfəki kimi yazmayasan? Yanında bir az iştahla yemək olmur... İstəyirsən, mənə özün bir şey seç.
İkimiz üçün də sifariş verirəm və ofisiant uzaqlaşan kimi söhbəti davam elətdirirəm:
- Vüsalə xanım, otağınızda çoxlu kitablar görürəm. Danışanda görürəm ki, gündəlik mətbuatda yazılanları da oxuyursunuz, təzə imzaları da tanıyırsınız, müasir yazıçılardan da xəbəriniz var…
- Elədir, çalışıram ki, hamısı ilə maraqlanım, oxuyum.
- Onda niyə özünüzü elə aparırsınız ki, elə bil, nə o kitabları, nə o müəllifləri oxumamısınız?
Çaşır:
- Necə yəni?
- Ədəbiyyat insana bir az rahat olmağı, bir çox komplekslərdən azad olmağı, ifrat rəsmilikdən, ciddilikdən uzaq olmağı öyrədir. Amma elə bil, oxuduqlarınız sizə heç təsir eləmir. Elə həmişə ifrat ciddisiniz, ifrat rəsmisiniz, həmişə ütülü-sığallasınız. Bu da ki, nə yaşınıza, nə də oxuduqlarınıza uyğun gəlir.
- Açığı, mən ədəbiyyatdan, mahnıdan təsirlənib ağlayan adamları başa düşə bilmirəm. Heç vaxt belə şeyləri başa düşməmişəm. Heç yeniyetməlik yaşlarımda da saatlarla xəyala dalmağımı, hansısa hadisədən, mahnıdan təsirləndiyimi xatırlamıram. Praqmatik nələrsə düşünə bilərəm, amma romantika mənlik deyil.
Bilirsən, mən rayonda, dörd uşaqlı ailədə doğulmuşam. Evin böyük uşağı olmuşam və məsuliyyətin çoxu mənim üstümdə olub. Bəzən elə olub ki, qardaş-bacılarımın elədiyi bir şeyə görə mən danlanmışam. Böyüyəndə onların qayğısına qalmaq mənim boynuma düşüb. Ağır iş şəraiti olan yerlərdə işləmişəm. Eyni vaxtda ali məktəbdə oxumuşam. Ətrafımda da ya işgüzar adamlar, ya da yaşca məndən çox böyük qadınlar olub. İş şəraitim elə olmayıb ki, sən deyən kimi rahat, azad, qeyri-rəsmi olum. Həyat tərzim də, işim də həmişə ciddi olmağı tələb eləyib.
- Hətta adama elə gəlir ki, heç siz gənc də olmamısınız, sevdiyiniz aktyorun şəklini divarınıza vurmamısınız, tələbə yoldaşlarınızla dönər yeməmisiniz, dərsdən qaçmamısınız, elə uşaqlıqdan belə hər şeyi düzgün hesablayan, ütülü-sığallı yaşayan biri olmusunuz…
- Sən zarafat eləyirsən, amma doğrudan da belə olmuşam. Uşaqlıqda, yeniyetməlikdə mən sevdiyim aktyorun şəklini divara vurmaq hayında deyildim, çoxlu oxumalıydım, çətinliklərdən çıxmalıydım. Tələbə yoldaşlarımla heç vaxt dönər yeməmişəm, çünki buna vaxtım yox idi, gündə on iki saat işləməli, üstəlik oxumalı idim. Dərsdən qaçmışam, amma başqa tələbələr bunu kafedə oturub, əylənmək, söhbətləşmək üçün edəndə, mən işə getmək üçün qaçmışam. Yəni doğrudan da mən heç vaxt tələbə yoldaşlarıma qoşulub, hansısa əyləncələrə getməmişəm. Hətta tələbə qızlar mənə deyirdilər ki, “sən çox yapışıqsız, quru qızsan, adamla söhbət eləməzsən. Ya kitab oxuyursan, ya işə qaçırsan…” Onu da deyim ki, tələbə vaxtlarından sonra o qızlarla əlaqə saxladıqlarım da yoxdur. O vaxtlardan çox az insanlarla indi ünsiyyətim var. Bayaq dediyim kimi, ya yaşda məndən çox böyük xanımlardır, ya da rəsmi adamlar. Yəni məni əyləncəyə, asudə vaxt keçirməyə çəkən adamlar yoxdur ətrafımda.
- Yəni sizi içirtmək, sərxoş eləmək-zad da mümkün deyil də…
Gülür:
- Yox, cəhd eləməyin, mümkün deyil. Mən nadir hallarda və çox az miqdarda spirtli içki içirəm…
- Sizcə, bayaqdan danışdıqlarınız yaxşıdırmı? Yəni bir insanın bu xasiyyətdə olmağı yaxşı bir şeydir?
- Bilmirəm, mən heç bunun yaxşı və ya pis olduğunu düşünmədim. Sadəcə, beləyəm, vəssalam.
Yeməklərimiz gəlir və qonağım sadə sosiska-yumurta qızartmasının dadlı olduğunun fərqinə o dəqiqə varır. Zarafat da edir:
- Yaxşı ki, yeməklər gəldi, yoxsa söhbət çox ağır keçir… Bu ağır söhbətin üstündən yeməyin dadlı olmağı, vəziyyəti bir az yüngülləşdirir.
- Ağır olan təkcə söhbət deyil, həm də vəziyyətdir. Açığı, Sizin belə xasiyyətdə, belə hər şeyi gəlir-çıxarla hesablamağınız məni insan kimi ürküdür. Axı həyatda hər şeyi gəlir-çıxarı ilə düşünmək olmaz. İnsan mümkün qədər idealist olmalıdır, onun mənəvi dəyərləri də olmalıdır, nəyisə hesablamadan da eləməlidir…
- Hər şeyi hesablamaq o demək deyil ki, mənim mənəvi dəyərlərim yoxdur. Mənim də ağrıdığım şeylər var, mənim də dəyər verdiyim insanlar var.
- Mən bəşəri dəyərlərdən, bəşəri problemlərdən danışıram. Məsələn, humanizmdən, insan sevgisindən…
- Günel, mənə olanlar kimə olsa, çoxdan ən qəddar adam olardı. Sən yazarsan, belə vəziyyətlərlə qarşılaşmamısan, sənin üçün belə problem yoxdur, amma mən elə şeylər görmüşəm ki… Xəyanətlər, iftiralar, yalanlar... Sənə sadəcə bir misal gətirim. Bir dəfə bir əməkdaşımız vardı, xəstə idi. Müalicəsi üçün xeyli vəsait lazım idi. Çox nüfuzlu adamlarla danışdım ki, müalicəyə lazım olan vəsaitin bir qismini boyunlarına götürsünlər. Məşhur bir həkimlə də danışdım ki, həmin adamı əməliyyat eləsin. Vəziyyəti düzələndən sonra işdən getdi. Sonra o adam çalışdığı mətbuat orqanda yazmışdı ki, mən o həkimlə münasibət qurmaqdan ötrü, onun xəstəliyindən istifadə eləmişəm. Hələ bu yaxınlarda bir kişi əməkdaşımız üzü tüklü şəkildə gəldi ki, atam rəhmətə gedib. Bir müddət icazə aldı və işə gəlmədi. Sonra gəldi ki, mənə iş yerindən arayış verin. Atamın qırxı çıxır, amma mən hələ başdaşı düzəltdirməmişəm. Kredit götürəcəyəm. Dedim ki, kredit götürmə, mən sənə lazım olan pulu verərəm. Pulu götürdü və aradan itdi. Sonra evlərinə zəng eləyəndə, telefonu atası qaldırdı. Məlum oldu ki, onun atası rəhmətə getməyib. Bax, belə şeylərdən sonra, necə insan sevəsən, necə humanist olasan?!
- Məncə, səbəb bu deyil… Bəlkə, nə vaxtsa, nəsə baş verib və siz özünüzə belə qılaf yaratmağa məcbur olmusunuz? Bəlkə romantik, idealist olmaqdan qorxursunuz, ya utanırsınız? Bəlkə ictimai rəylə ifrat hesablaşırsınız?
- Yox, romantik olmaqdan qorxmuram, amma qılaf məsələsi ciddidir. Bilirsən, bizim cəmiyyət hələ işgüzar, sahibkar, söz sahibi olan qadını həzm etməyə hazır deyil. Sən bir balaca uğur qazandınsa, səni özlərinə rəqib görürlər. Səninlə mübarizə aparanda, sağlam yolla qalib gələ bilməyəndə, ən idbar üsula əl atırlar. Səni əxlaq, məişət zəminində ləkələməyə çalışırlar. Bu da elə bir şeydir ki, əksini sübut eləmək imkanın yoxdur. Məcbursan, özünü hər tərəfdən qorumağa, sən demişkən, özünə bir qılaf yaratmağa. Məsələn, sən yaradıcısan, sən ictimai rəylə hesablaşmaya bilərsən. Biri sadəcə məmurdur, o da ictimai rəylə hesablaşmaya bilər. Düşünər ki, rəhbərlik mənim necə adam olduğumu bildi, bəsdir. Amma sən çox şeyə iddialısansa, sən gələcəkdə insanlara müraciət edəcəksənsə, hədəflərin varsa, onlardan səs istəyəcəksənsə, onda ictimai rəylə, insanların sənin barəndə düşünə biləcəkləri ilə hesablaşmalısan.
- Yəni türklər demiş, sizin kitabınızda, rahatlığa, romantikaya yer yoxdur...
- Bilirsən, demək olmaz ki, mən heç romantik də deyiləm. Elə şeylərdən təsirlənə bilərəm ki, bəlkə də o şeylər başqalarını təsirləndirməz.
- Məsələn…
- Bir dəfə küçədə atılmış bir gül gördüm. Sevgililər günü idi. Neçə vaxt dayanıb, o gülə baxdım. Məlumdur ki, o gülü bir kişi bir qadına hədiyyə eləmişdi və qadın gülü atıb, getmişdi. Ortada bir sevgi faciəsi vardı. O gün çox təsirləndim. Bir dəfə yaxınım olan və kifayət qədər məşhur bir xanımın sevgi məyusluğu ucundan yıxıldığını, parça-parça olduğunu gördüm. Dünyam yıxıldı. Hətta ağladım da. Düzdür, düşündüm ki, sevgidir də, sevgiyə görə niyə əzab çəkəsən ki. Hə, mən də sevmişəm, məni də seviblər. Amma buna görə əzab çəkməyə, dağılmağa, bunu faciəyə çevirməyə nə ehtiyac var?! Heç vaxt mənə çatmadı belə şeylər. Amma görəndə ki, bu, bir qadını belə məhv edə bilir, çox təsirləndim. Amma qorxudan deyil, çəkindiyimdən deyil, sadəcə təbiətən romantik deyiləm. Sadəcə, beləyəm. Təbiətən sakit adamam, çılğın deyiləm. Əvvəllər bir az əsəbiliyim, hövsələsizliyim vardı, sonralar onu da özümdə tərbiyə elədim.
- Bir az da evinizdən, məişətdən danışaq. Bu, mətbuata çox danışmadığınız bir şeydir, amma məncə maraqlı olan şeylər var. Evdə nə bacarırsınız? Məişət işlərindən?
- Açığı elə çox şey bacarmıram. Tikmə, toxuma ilə aram olmayıb heç vaxt. Mətbəxdə də çox bacarıqlı hesab eləyə bilmərəm özümü. Amma yaxşı plov dəmləyə bilirəm. Bizim tərəflərin xüsusi plovu var, onu dəmləmək sadə iş deyil. Bəzi salatlar, yüngülvarı şeylər var ki, onları bacarıram. Səhərlər bizdə heç kim yemək yemir. Hərə bir tərəfə qaçır. Ailənin səhərlər bir araya gəldiyi vaxt şənbə-bazardır, o günlər gözəl səhər yeməyi süfrəsi açıram. Dadlı şeylər hazırlayıram. Bu qədər. Bir də kefim yaxşı olanda evdə dekorasiyası ilə məşğul olmağı xoşlayıram.
- Sevgi, qısqanclıq…?
- Çılğınlıq yoxdur. Amma bağlanmaq var, hörmət var. Özləmək var. Amma qısqanclıq, hər şeyə görə narazılıq yaratmaq kimi şeylər yoxdur. Ümumiyyətlə, qısqanclıq mənim anlamadığım bir hissdi. Adam bir adamın yanında olmaq istəyirsə, olacaq, istəmirsə də olmayacaq. Kimsənin mənim yanımda məcburiyyət ucbatından olmasını istəmərəm.
- İş…?
- Hər şey çox yaxşıdır. İşçilər üçün bacardığımız qədər normal şərait yaratmışıq. Narazılıqlarını eşidəndə çalışıram həll olunsun. Xoş şeylər eşidəndə sevinirəm. İstəyərəm ki, çalışdıqları mühit elə xoş olsun ki, axşam saata baxıb, vaxtı gözləməsinlər, evə tələsməsinlər. Səhərlər işdə birlikdə simit yediklərini, çay içdiklərini, dəhlizdə zarafatlaşdıqlarını görmək, ünsiyyətlərini, xoş söhbətlərini eşitmək xoşuma gəlir. Bu iş yeri mənim də, onların da evlərinə çörək apardıqları bir yerdir.
Söhbətimiz burada bitir. Qonağım şəkillərimizi çəkən fotoqrafa təklif də eləyir:
- Sənə də burada qonaqlıq verə bilərəm. Açılışı elədik daha, bundan sonra tez-tez gəlmək olar.
Vüsalə Mahirqızı: “O xanımı elə gördüm, dünyam yıxıldı” – SÖHBƏT -
7734