İştirak edirlər:
Qonaq: Vaqif Səmədoğlu
Qarşılayan: Günel Mövlud
İcazənizlə yeni layihəyə başlayırıq. Maraqlandığınız adamları şəhərin mərkəzindəki kafelərdən birinə səhər yeməyinə dəvət edəcəyik. Nəzərinizə çatdıraq ki, bu, müsahibə deyil. Söhbət diktofona yazılmır, qeydlər edilmir. Bir-birinə maraqlı olmağa çalışan iki insan səhər yeməyi əsnasında nədən danışa bilərsə, söhbətlərimiz bu ruhda olacaq.
İlk qonağım Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu oldu. Bu söhbət səhər yeməyi vaxtı danışdıqlarımızdan yadımda qalanlardı və mən elə düşünürəm ki, yaddan çıxan bir şey də olmayıb. Ola bilər ki, söhbəti yazanda qonağımın danışıq üslubunu təhrif etmişəm. Çünki, bir də təkrar eləyirəm, bircə dənə də olsun, qeyd yoxdur. Səbəb sadədir – diktofon, söhbətin qeyd olunması insanlarda istər-istəməz bir gərginlik, məsuliyyət hissi yaradır. Mən söhbəti bu gərginlikdən qurtarmaq istədim və ümidimi yaddaşıma bağladım. Nə qədər alınıb –siz qərar verin.
- Salam Vaqif müəllim.
- Salam, salam…
- Vaqif müəllim, mən jurnalistəm. Adım Güneldi. Bir layihə başlamaq istəyirəm.
- Təbrik eləyirəm. Xeyirli olsun, uğurlu olsun, çoxlu pul gətirsin…
- Nə yaxşı… amma bunun üçün mənə köməyiniz lazımdı.
- Gözüm üstə. Nejə kömək eləyə bilərəm?
- Mənimlə səhər yeməyi yeyərsiniz?
- Harda?
Ünvanı deyirəm, kafenin yerini dəqiq təsvir eləyirəm. Hazırda dünyanın hər yerindən müxtəlif cür qəhvələrin gətirildiyi “Travelers”i xalq şairi o dəqiqə özünəməxsus şəkildə xatırlayır:
- Həəə, keçmişdə oralarda bir “Şirvan” kafesi vardı. Yadınıza gəlməz, o vaxt bəlkə də siz hələ heç doğulmamışdınız. Oranın əhli-kef müştərilərinə də “Şirvan müəllim” deyirdilər… yaxşı, qızım, nə vaxt desəniz, mən gəlirəm ora…
Səhər evdən ac və tələsik çıxıram. Amma görünüşümdə bircə qüsura da yol verməməyə çalışıram – bu, artıq qadın kompleksi-zadı deyil. Yerimə kim olsa, özünə əməlli-başlı əl gəzdirməmiş çıxmaz – adamın hər gün Səməd Vurğunun oğlu ilə səhər yeməyi yemək imkanı olmur. Mən hələ xalq şairliyini, millət vəkilliyini (nə olsun ki, bu artıq keçmişdə qalıb?), kinodramaturqluğunu və saymaqla bitməyən başqa statuslarını demirəm. Amma zarafat bir yana, qadın üçün şairlə görüşə getmək başqa aləmdir.
Şənbə günüdü. Həftədə ikicə gün asudə vaxt tapan “ağ adamlar” ailə-uşaqları ilə kafeyə səhər yeməyinə gəlib. Biri o birindən hündür, sarışın ofisiant oğlanlar üzümə gülümsəyib, təklif eləyirlər ki, ən rahat bildiyim yeri seçim. İkinci mərtəbədə, nəhəng pəncərənin qarşısını seçirəm – adamın, xüsusilə yaradıcı adamın bir tərəfi pəncərədirsə, özünü rahat hiss eləyəcək. Yerbəyer olandan sonra, qalxıb pəncərənin qarşısında dayanıram. Vədələşdiyimiz vaxtdan on dəqiqə keçib. Təəssüflə düşünürəm ki, “gəlməyəcək”. Zəng eləmək istəsəm də, fikrimdən daşınıram – birdən doğrudan da ehtimalımı təsdiqləyər…
Əbədiyyət qədər sürən beş dəqiqədən sonra arxayın, qocafəndi addımlarla yaxınlaşdığını görüb, sevinirəm. Çıxışa tələsib, qarşılayıram və onun özümə də çox tanış olan müşahidəçi baxışlarının altında keçib, əyləşirik.
Masanın şəffaf üst layının altına naturalistcəsinə səpələnmiş iri qəhvə dənələrinə baxıb:
- Bu nədi? Hə, nə yaxşı fikirləşiblər bunu… bu nədi indi, müsahibədi?
- Yox, biz səhər yeməyi yeyəcəyik.
- Axı mən ac deyiləm. Sənin aclığın var?
- “Aclığın var” nədi, Vaqif müəllim?! Mən sizinlə səhər yeməyi yemək üçün ac gəlmişəm.
- Hə? Bəs niyə xəbərdarlıq eləmirdiz? Mən Türkiyədə olanda, birdə görürdün harasa dəvət elədilər. Mütləq qeyd eləyirdilər – “yeyib gəliniz”, ya da “yeməyib gəliniz”…
- Mənim xəbərdarlıq eləməyimə ehtiyac yox idi axı. Sizi konkret olaraq, səhər yeməyinə dəvət eləmişdim.
- Yaxşı, onda sən nə istəyirsən, sifariş ver, mən də elə sənin boşqabından yeyərəm. (Ofisianta) Cavan oğlan, yaxın gəlin. Bizə üç kofe (artıq gəlib çıxmış və işinin başına keçmiş fotoqrafımızı da nəzərə alır - G.M) bir də xanım nə istəyirsə, onu gətirin.
Pəncərədən çölə baxır:
- Şəhər dəyişib. Özü də yaxşı dəyişib. İndi gözəl bir sifəti var.
- Hə. Amma bu indi həmin şəhər deyil. İyirmi il əvvəlki şəhər bu göydələnlər şəhərinin içində itdi.
- Köhnə dərgiləri oxuyun, qızım, görəcəksiniz ki, o vaxt Bakının milyonçuları Murtuza Muxtarov, Tağıyev, Nağıyev təzə binalar tikdirəndə eyni şeyləri deyirdilər. Əsrlərlə belə olub, həmişə də belə olacaq. Sadəcə bəzi şeylər var ki, onları tikəndə, dəyişəndə uyğunluq, üslub nəzərə alınmalıdır. Mənim böyüdüyüm İçərişəhəri götürək. Bəyəm İçərişəhərin evini elə indi yıxırlar? Yooox… Lap sovet vaxtından başlanmışdı İçərişəhərin dağılmağı. Rekonstruksiya vaxtı heç bir arxitektura uyğunluğunu, harmoniyanı nəzərə almadılar. Yadımdadı, onda mən hələ uşaq idim, İçərişəhərin hər künc-bucağı ilə bağlı bir əfsanə, sirr vardı. Qoca bir kişi vardı məhəlləmizdə, onun dediyinə görə, oralarda o qədər gizli yollar, yeraltı keçidlər varmış ki…
- Bəs, maraqlanıb, axtarmadınız o yerləri?
- Axtardım, bəs necə? İzini çox axtardım, amma heç birini tapa bilmədim.
- Bəs, Qazaxa gedəndə nə axtarırsınız oralarda?
- Qazaxa gedəndə bəyəm qazaxlılar imkan verir ki, nəsə axtarasan?
- Təsəvvür eləyirəm! Məclislər, xatirələr… Amma məncə, siz o estetikanın adamı deyilsiniz. Yəni oraların adamlarına yaxşı bələd olan biri kimi deyirəm, sizdə qazaxlılıq yoxdu. Məncə, daha çox bakılısınız…
- Bu konkretləşdirməni aparmamışam, amma məncə adam harda doğulursa, oralıdı. Mən də Bakıda doğulmuşam. Bakı mənə çox doğmadı, bakılıların problemləri mənə çox yaxındı…
- Qazaxa isə daha çox ironiya ilə yanaşırsınız. “Bəxt üzüyü”ndə “bizim tərəflərdə qoyun çox olur” məsələsi hələ də qazaxlıların dilindən düşmür.
- “Bəxt üzüyü”ndə mən elə şey yazmamışam. Nə bu, nə də orada bir-iki məşhur ifadə var - mənə məxsus deyil. Mən elə şeylər yazmaram.
- Bəs, nə əcəb filmi görəndə etiraz eləmədiniz?
- Kimə? Necə? Ramiz Əzizbəylini məhkəməyə verəcəkdim, yoxsa Afaq Bəşirqızını?
Boş verirmişcəsinə, əlini yelləyir... Qəhvələrimiz gəlmişdi, qonağım burjuyluğuna salıb, ofisiantı danlamağında idi – yazıq oğlan qəhvələri həddən artıq iri fincanlarda gətirmişdi. Başqa vaxt olsaydı, mən də tez solçuluğuma salıb, oğlanı müdafiə eləyərdim, amma söhbətimizi təhlükəyə atmaq istəmədim. Hələ üstümdə bir ucdan şəkil çəkən fotoqrafımızın gərginliyi vardı – tez qurtarıb getsəydi, mən də işimi bilərdim.
Fotoqraf demişkən, qonağım onunla da özünəməxsus şəkildə zarafatlaşırdı:
- Xahiş eləyirəm, məni yaxından çəkməyin. Son vaxtlar görürəm, Nüşabə xanım da mənə uzaqdan baxır. Uzaqdan baxanda deyir: “Nə yaxşı görünürsən?!”. Amma yaxından baxanda bunu demir…
Bu söhbətə heç bir etirazım olmadı, amma fotodan söhbət düşdüsə, mütləq qeyd eləməliyəm ki, (olar da, bəlkə kimsə bilmir) qonağımın bir yanı da ehtiraslı fotoqrafdı axı. Lap “sarıdimdik” vaxtlarımda düz evinə qədər gedib, onun fotoaparat kolleksiyasına baxmışdım, foto sənəti ilə bağlı uzun bir müsahibə eləmişdim. O vaxt “çəkdiyim fotolar yaza bilmədiyim şeirlərdir” deyib, sayı yetmişi keçən fotoaparat kolleksiyasını fəxrlə göstərmişdi mənə. Elə indi də, fotoqrafımızla fotoplyonkalar, aşkarlama dərmanları barədə qızğın söhbət eləyirdi.
Söhbətə mən də qoşulanda Vaqif müəllimin dərdi açıldı:
- Bilirsiniz, nə qədər fotoplyonkamı oğurlayıblar?! Nələr vardı o plyonkalarda?! Bakının bütün dəlilərinin şəklini çəkmişdim. Şəhərin fahişələrinin şəkillərini çəkmişdim. Hamısını oğurladılar.
- Nə vaxt?
- Səməd Vurğun rəhmətə getdiyi ərəfədə qəfil yoxa çıxdı evdən. Özü də yoxa çıxan təkcə plyonkalar deyildi. Qeyd dəftərlərim vardı. O vaxt evimizə gələn çox məşhur, nüfuzlu adamların atamla söhbətləri olurdu. Uşaq olduğuma görə, mənə fikir vermirdilər, hər şey danışırdılar. Tez o biri otağa keçib, danışdıqlarını dəftərə köçürürdüm. Bir qalın dəftərim vardı. Daha doğrusu, bir neçə qalın dəftəri vermişdim çəkməçiyə, onları bir-birinə tikmişdi, yüzlərlə səhifəsi olan bir şey idi. O dəftərdə nələr yazmamışdım? Səməd Vurğun rəhmətə gedəndə bunların hamısı qəfil yoxa çıxdı.
- O vaxt neçə yaşınız var idi?
- On altı.
- O vaxt itən plyonkalardakı şəkillər yəqin ki, yadınızda idi?
- Əlbəttə! Axı məndən başqa kimin ağlına gələrdi şəhərin dəlilərini, fahişələrini çəkmək?
- Sonradan o şəkillərdən hardasa çap olunanını görmədiniz?
- Yox! Heç bir dənəsini də.
- Maraqlıdı, istifadə etməyəcəkdisə, kimin nəyinə lazım idi onları oğurlamaq?
- Nə bilim? Amma doğrudan da maraqlıdı. Bəlkə də o əşyalar KQB zirzəmilərinə getmişdi… Bir də, o vaxt, yəni atam rəhmətə gedəndə, onun iki tapançası və bir xəncəri vardı. Tapançalardan birini ona marşal Rokosovski yazıb, hədiyyə eləmişdi. Bunları da hökumət işçiləri bizdən alıb apardılar. Sonralar, Səməd Vurğunun muzeyi açılanda biz – mən, rəhmətlik bacım, rəhmətlik qardaşım və rəhmətlik Heydər Əliyev söhbət eləyəndə, mən bunları ona danışdım. Heydər Əliyev dedi ki, mən heç o silahların tapılmağını əmr eləməyəcəm də. Təsəvvür elə ki, marşal Rokosovskinin üstünü yazıb, Səməd Vurğuna hədiyyə elədiyi tapança. Sən inanarsan ki, kiminsə onda gözü olmasın? İndi o əşyaları çoxdan ilim-ilim itiriblər.
İşim düzəlmişdi – söhbətimiz alınırdı. Bu münasibətlə kartof dilimlərini ketçupa batırıb, həvəslə yeməkdə idim, qonağımsa qəhvəsini udumlasa da hələ ki, yeməyə meyl eləmirdi. Söhbətimiz yavaş-yavaş əsas məsələyə – ədəbiyyata doğru yön alırdı və mövzuda mən artıq ciddi tərəf müqabili idim. Düzdü, həmişə Vaqif Səmədoğluya münasibətdə onun Səməd Vurğunun oğlu olduğunu vurğulayanda (özüm ya başqası olsun – fərqi yoxdur) acığım tutur, amma ata əsl əfsanədisə, neyləmək olar: adamı maraqlandıran şeylər də bitib-tükənməyəcək.
- Sizdən bir şey soruşmaq istəyirəm, açığı, həm də bir az ehtiyat eləyirəm: Səməd Vurğunu ədəbiyyatda özünüzə rəqib hesab eləyirsiniz?
- Yox. Qətiyyən.
- O müqayisəyə gəlmir, yoxsa siz?
- Müqayisə məsələsi deyil. Şair elə ona görə şairdi ki, özünə poeziyada heç kimi rəqib görmür. Hətta Səməd Vurğunu da...
- Bizim nəsil yaşlı yazarları tənqid eləyəndə, o dəqiqə reaksiya verirlər. Amma sizi nə qədər tənqid eləsək də, cavab vermirsiniz. Sizə maraqlı deyil bunlar, yoxsa özünüzü belə şeylərin fövqündə görürsünüz?
- Yox, yox. Amma nə cavab verəcəm, həmişə belə olub. Gənclik olmalıdır, onlar yaşlı nəsillə razılaşmamalıdı, tənqid eləməlidi. Fövqündə dayanmaq nədi, maraqlanmamaq nədi? Mən onların hamısını oxuyuram. Hətta onlara yönələn iddialar hərdən məni əsəbiləşdirir. Təsəvvür eləyin, Murad Köhnəqalaya deyəsən ki, “Sən əvvəlcə aşıq xalq şeiri üslubunda yaz, sonra danış. Murad Aşıq Ələsgərin, Aşıq Abbas Tufarqanlının adından şeir yazar, istənilən tənqidçini çaşdırar, heç kim də müəyyən eləyə bilməz ki bu qoşmanı, gəraylını Ələsgər yazmayıb, Aşıq Abbas yazmayıb. Və yaxud, Həmid Herisçiyə “savadsız” demək olar?!
- İndi ki, belə simpatiya bəsləyirsiniz, niyə bu yazarların çevrəsində görünmürsünüz, qaynayıb-qarışmırsınız?
- “Qaynayıb-qarışmaq” nədi axı, mən mütləq onlarla araq içməliyəm?
- Bunu nəzərdə tutmurdum, amma elə gənc yazarlarla içməyiniz də pis olmazdı... yəni tədbirlərində görünmürsünüz, ədəbi mübahisələrinə qoşulmursunuz.
- Hər quşun öz uçuş çevrəsi var. Mənim də öz çevrəm. Düzdü, dostlarımın əksəriyyəti rəhmətə gedib. Bu çevrədə indi Anar, Rüstəm İbrahimbəyov və başqa, uzun illərdən bəri dostluq elədiyim adamlar var. Və inanın ki, mən onlarla heç ədəbiyyat söhbətləri eləmirəm. Düz iyirmi beş ildir ki, mən Anarla ədəbiyyatdan danışmıram – mənə maraqsızdı. Mən bilirəm o nə düşünür, o da bilir mən nə düşünürəm. Başqa hər şeydən danışırıq, həyatdan, qadınlardan, ən sadə şeylərdən...
Mən ədviyyatlı çay sifariş elədim, qonağım əvvəl çayı içməkdən imtina eləsə də, sonradan deyəsən zəncəfilin-darçının qoxusu onu tutdu. İlk fincanı bəyəndi, ikinci fincanda isə söhbətimiz artıq daha ilıq, daha rahat məcrayla axırdı. İndi mövzumuz Azərbaycan ailələri idi...
- Məni indi ən çox narahat eləyən şey, Azərbaycan ailələridi. Ailələrarası çəkişmələrdi. Mülkiyyət davalarıdı. Mən neçə il Prezident yanında Əfv Komissiyasının üzvü olmuşam. Nələr görmədlim? Torpaq üstündə vuruşmuş insanların indi bir sot torpaq üstündə bir-birinə silah çəkdiyinin şahidi oldum. Ata oğlunu, qardaş qardaşı öldürür...təsəvvür eləyirsiz, bircə sot torpaq üstündə!
- Əfv komissiyasının üzvü olmuş adam kimi, ən çox kimi azadlıqda görmək istəyirsiniz?
- OMON-çuları... Bir çoxunun azadlığına mən nail oldum. Axı onların günahı nəydi? Əmr veriblər, onlar da əmri icra eləyiblər. Sonra, Elçin Əmiraslanovu. Mənim çox böyük hörmətim var bu adama. Mən ömrümdə üç dənə savadlı, mədəni, gözəl məktub almışam, bu məktublardan biri onun həbsdən mənə yazdığı məktubdu. Necə savadlıdı, nəzakətlidi bu adam! Hələ məktubun mahiyyətin qoyaq bir kənara, cümlələrin quruluşu belə məni heyran elədi... Onu azadlıqda görməyi çox istəyirəm.
- Bəs Eynulla Fətullayevi?
- Eynullanı mən həbsdə görmək istəmirəm. Amma həm də ümumiyyətlə, o adamı görmək istəmirəm!
Belə ağır mövzulardan sonra yenə söhbəti yumşaltmağa ehtiyac vardı. Yaxşı ki, qonağım özü söhbəti necəsə hərləyib-fırlayıb, öz gəncliyinə aparmışdı:
- İlk şeirlərimi o vaxt dostum Araz Dadaşzadəyə – Məmməd Arifin oğluna vermişdim ki, “Ədəbiyyat və İncəsənət” qəzetində çap eləsin. Atası – Məmməd Arif məni görəndə dedi ki, Vaqif, bu nədi, sən musiqini atırsan? Dedim, axı niyə musiqini atmalıyam? Dedi, bu iki işin ikisi də yaradıcı adamın bütün vaxtını, diqqətini tələb eləyir. Mümkün deyil ki, sən bunların ikisini də birdən bacarasan. Odur ki, qərar verməlisən, şairlik, yoxsa musiqi. Mən də şeiri seçdim. Bir də Məmməd Arif mənə dedi ki, şair olacaqsansa, çalış, ildə bir dəfə şuluq sal. Şuluq salmasan, ədəbi mühit səni qəbul eləməyəcək. Sonradan mən məşhur şairlərin, yazıçıların həyatına baxdım – hamısı şuluq adamlar olub. Yesenin, Mayakovski, Bayron, Rembo... hamısı! Ağlıma batdı, başladım tez-tez şuluq salmağa.
- Eşitmişəm. Eşitdiyimə görə, hətta tapança ilə gəzən vaxtlarınız da olub...
- Hə, tapançam da olub.
- Hətta eşitdiyimə görə, iki tapança ilə gəzirmişsiniz...
- Yox, bu yalan olar. Bakıda iki tapança ilə gəzən bircə nəfər olub – Lotu Alik. Mənim bir tapançam olub.
- O tapança ilə kimisə öldürmək istədiyiniz olub?
- Elə indi də var...
- Kimi...?
- Pedofilləri! Hamısını öldürərəm! Bu dəqiqə də elə adamlara qarşı içimdə qəzəb var.
- Belə emosional adam olduğunuzu bilmirdim.
- Niyə ki? Mən emosional adamam...
Bu vaxt qonağım kiçik bir hadisə danışdı. Bu hadisədə nəsə qaranlıq, xoşagəlməz bir şey yox idi, amma Vaqif müəllim bunun mətbuatda getməyini istəmədi. Dedi ki, bu hadisə baş verdiyi üçün bu gün onun xoşbəxt günüdür. Bu yerdə axır ki, zəhərimi uda bilmədim:
- Siz hətta belə şeylərə də sevinə bilirmişsiniz! Açığı mən sizi çox quru adam hesab eləyirdim.
...və təbii ki, qonağımın yaşına, ziyalılığına yaraşan tolerantlığı ilə üzləşdim.
Gilənarlı blinçiklərə əl vurmamışdıq. Bayaqdan söhbətdə fəal yoldaşlıq eləyən qonağım, heyf ki, iştaha məsələsində məni dəstəkləmirdi. Yadıma qonağımın təxminən yaşıdı Əkrəm Əylisli düşdü. Axı yazarlar təkcə istedadlıya-istedadsıza, işıqlıya-qaramata, iddialıya-iddiasıza deyil, həm də məclis adamı olub-olmayanlara da bölünür... və fikirləşdim ki, bəlkə də çox şeydə yanılsam da, bayaq qonağım barədə dediyim “bakılılıq-qazaxlılıq” məsələsində yanılmamışam (ilahi, ədəbiyyat, şair haqda danışanda belə bölgülər aparmaq necə də ədəbsizlikdi – inanın ki, bu iradı sizdən əvvəl özüm özümə tuturam!).
Söhbətimiz isə davam eləyirdi. Bir az “Yaşıl eynəkli adam”ın davamının olub-olmayacağından, insanın özünəironiya bacarığından və buna oxşar söhbətlərdən sonra söhbət gəlib müasir texnologiya məsələlərinin üstünə çıxmışdı. Qonağım bu məsələdə təvazökar olmağa çalışsa da, xəbərsiz olmadığı aydın idi:
- Son vaxtlar internet xəstəsi olmuşam. Forumlara, müzakirələrə qatılıram, onlayn müsahibələr verirəm. Özüm də elə həsəd aparıram ki, kompüterdə yaza bilənlərə. Mən hələ də qələmlə yazıram. Sizcə bu kütlüyün əlaməti deyil ki?
- Əstəğfürullah! Yazarı belə texniki məsələlərə görə qınamaq, “küt” adlandırmaq olmaz axı, yazar ruhu bir az ərköyün olur – belə texniki yeniliklərə tez öyrəşə bilmir.
- Nə yaxşı?!
- Belə internetdə belə fəalsınızsa, onda yəqin Facebook-da da varsınız?
- Əlbəttə varam. Bilirsiniz nə qədər dostlarım var orda? Məsələn, Asim Mollazadə ilə Fasebook-da dostuq. Kim təklif göndərir, qəbul eləyirəm. Dostlarımın sayı iki yüzə yaxındı.
- Eh, Vaqif müəllim, bu çoxdu bəyəm? Məndə iki minə yaxınlaşıb.
- Ay maşallah!
- Yeri gəlmişkən, sizə dostluq təklifi göndərsəm, məni də qəbul eləyərsiniz?
- Əlbəttə, eləyərəm, göndər. Amma çox çətindi öyrəşmək. Bir şərh yazmağı, internetdə nəsə eləməyi öyrənənə qədər elə əziyyət çəkirəm ki. Qızlarımdan soruşuram çox şeyi, onlar da əsəbiləşir. Ən sadə şeyləri bilməməyim onlara qəribə gəlir. Görürəm ki, mənə nəsə öyrədəndə deyinirlər. Daha demirlər ki, onlar uşaq olanda, mən onların nazını, əziyyətini elə sevgiynən çəkmişəm ki!
Onun belə qocayana deyinməyi içimə nəsə isti, ilıq bir şey gətirdi. Millət vəkili də, böyük şair də, əfsanə Səməd Vurğunun oğlu da qocalmağı sıradan kənd ahılının qocalmağı kimiymiş – azacıq ərköyünlük, azacıq kövrəklik, azacıq deyingənlik, bir az umacaq...
Biz hələ çox şeylərdən danışdıq. Ədəbiyyatdan, yumordan, sovet illərindən, Vaqif müəllimin yaşıdları olan yazarlardan... söhbət yadımda qalsa da, oxucunun imkanlarını, vaxtı da nəzərə alıram – işarəsi on beş mindən artıq yazını beyinə həzm elətdirmək o qədər də asan iş deyil. Amma bir sual və bir cavab var ki, onu yazmaya bilməzdim:
- Vaqif müəllim, öz ədəbi nəslinizin təyinatını vermək istəsəniz, bu nəsli necə ifadə edərdiniz?
- Mən bunu bir cümlə ilə ifadə edə bilmərəm. İfadə edə bilsəm, öz təyinatımı bircə kəlmə ilə verərdim – Profan! Savadsız! O nəslə, o insanlara bir yerdə qiymət vermək, təyinatını bir yerdə vermək sadəcə ədəbsizlikdir. Onların yazdıqları da, həyatı da fərdi məsələdi. Və hərəsi ayrı-ayrılıqda bir istiqamət, bir tarixdi...
***
Yazını oxuyanların, xüsusilə ədəbiyyat adamlarının, ictimai şüura sahib insanların bu yerdə nə demək istəyəcəklərini bilirəm. Və məndən də qonağıma hansı sualları verməyimi gözlədiklərindən də xəbərim var. Amma darıxmayın. Bunun üçün “Duel” layihəси var. Yaxın zamanlarda qonağımla məni həmin layihədə görmək imkanınız olacaq.
Və sonda maraqlı bir qeyd də eləyim: Vaqif müəllim Fasebook-da dostluq təklifimi qəbul etdi...
Vaqif Səmədoğlu: “Onların hamısını öldürərəm!” - SÖHBƏT
7928