Rəşad Məcid: “Bir günə bütün Qarabağı gəzdim” - SÖHBƏT
25 yanvar 2011 18:26 (UTC +04:00)

Rəşad Məcid: “Bir günə bütün Qarabağı gəzdim” - SÖHBƏT

İştirak edirlər:

Qonaq – Rəşad Məcid
Qarşılayan – Günel Mövlud


Rəşad Məcid elə bir adamdı ki, onun barəsində nə yazmağımdan asılı olmayaraq, yazılar həmişə elə maraqla, elə hay-küylə, elə çılğınlıqla qarşılanır ki, ən azı bir həftə ikimiz də paytaxt çapında gündəmdə qalırıq. Ta, bu mənim istedadımın nəticəsidi, onun düşmənlərinin canfəşanlığıdı – burasını bilmirəm. Ona görə «düşmən» deyirəm ki, mən adətən Rəşad müəllim haqqında, yumşaq desək, tənqidi yazılar yazıram, yazıdan sonra mənə zəng eləyənlər isə həmişə buna ürəkdən sevindiklərini deyirlər.

Qonağımı təqdim eləmədim, amma inanmıram ki, el dilində desək, internetdən yazı oxuya bilən adam Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, yazıçı (deməsəm ürəyim partlayar: bircə hekayə yazıb!) Rəşad Məcidi tanımasın.

Bunu qoyum, ona gedim, bu günlərdə Rəşad müəllimlə “Facebook”da virtual-virtual dərdləşdiyimiz yerdə, o mənə istedadımın korşaldığını dedi. Özü də bu «korşalma»nı uzun müddətdir ki, onun barəsində yazı yazmamağımla əlaqələndirdi. Düzdü, bu söhbətə qədər mən onu «səhər yeməyi»nə çağırmaq istəmirdim (mənim də insafım var axı) amma ruslar demişkən, “sam naprosilsya”…

Amma əsas məsələ mən bir-iki gündən sonra Rəşad Məcidlə səhər yeməyi yeyəcəyimi redaksiyada deyəndən sonra başladı. Bah! Redaksiyada bütün oğuz eli yığışıb, iki tonqal qalayaraq, toy-bayramla bizim «zavtrak»ımızı gözləməyə başladı...

Havalardan soyuq, günlərdən bazar ertəsi, çağlardan ikindi namazı, səhhətdən qrip vaxtlarda, qızdırmalı-qızdırmalı «Travelers Coffee»nin səhər kimsəsizliyində oturub, gözlədim. Kafenin inzibatçısı Samir bəy yaxınlaşıb, salamlaşdı və utana-utana nəzərimə çatdırdı ki, sən demə, neçə dəfədi mən kafenin adında hərf səhvi buraxırmışam. Ən maraqlısı o idi ki, hər dəfə eyni deyil, fərqli-fərqli hərflər səhv gedirmiş. Bu məsələni zarafatla yola verdik.

…Adətən, qonağım gəlməyənə qədər boğazımdan su da keçmir, amma bu dəfə qrip olduğumdan, bir müddətdən sonra bir fincan çaya pənah apardım. Elə bu dəmdə pəncərənin o tayından göründü və məni görüb, əl eləyərək, siqaretini zibil qablarından birinə atdı və gülə-gülə kafeyə keçdi. Çatan kimi də xoş sözlər yerinə “Facebook”dakı qanqaraçılığı davam elətdirdi:

- Bir-iki yerdə də demişəm, sənin istedadın korşalıb. O gün Ramiz Rövşənlə yalançı müsahibəni oxudum (həəə, demək əsas səbəb bu imiş… - G.M.), yox, sən son vaxtlar diqqətimdən kənarda qalmısan deyə, yaza bilmirsən.

- Neynək, səhvimi düzəldərəm. Gərək sizdən daha tez-tez yazım, nə vaxt reportajı, müsahibəni sizinlə elədim, həftələrlə gündəmdə oluram.

Bu vaxt sifətdən təzəcə tanıdığım ofisiantlardan biri yaxınlaşıb, (rusdilli idi) sifarişlərimizi soruşdu. Qonağım isə zövqümə inandığını deyib, seçimi büsbütün mənim ixtiyarıma buraxdı. Oğlan gedəndən sonra fürsət düşmüşkən, göydəndüşmə söhbəti davam elədim:

- ...Həftələrlə hamı zəng eləyib, təbrik eləyir ki, nə yaxşı eləmisən onu tənqid eləməklə... yeri gəlmişkən, niyə insanlar sizi niyə sevmir?

- Sevmirlər?

- Nəinki sevməmək, hətta sizə özünüz demişkən, səmimi qəlbdən nifrəti olanlar da saysız-hesabsızdı.

- Məsələn, kim?

- İndi ad çəkməyim etik olmaz.

- Məsələn, adamların biri sən. Sən mənə nifrət eləyirsən?

- Ədəbi-ictimai müstəvidə - hə.

- Niyə? Bax, ədəbi-ictimai müstəvidə nifrətinin səbəbi nədi?

- Bir çox məsələlər. Səhər yeməyini o dəqiqə zəhərə döndərmək istəmirəm, amma məsələn, MKM-də haqsızlığa imza atmağınız, Yazıçılar Birliyinin katibi olmağınız…

- Mən orda katib olub, nə pis iş görmüşəm? Əksinə, gənclərə şərait yaratmışam, bir çox istedadlı gənci Yazıçılar Birliyinə cəlb eləmişəm. Bu yaxınlarda Nərmin Hüseynzadəyə imza günü təşkil eləmişdim. Eyni yaşda olduğumuz yazarların əksəriyyəti dedi ki, 19 yaşlı qıza nə imza günü? Amma mənim yaşıdlarımdan fərqli olaraq, Anar müəllim belə şeylərə çox yaxşı baxır. Fikrimi dəstəklədi. Özüm də tədbirdə dedim ki, mənim günümə-güzəranıma bax, bağça uşağına imza günü keçirirəm...

- Sizin birliyə cəlb elədiyiniz o gənclərdən bir neçəsi də HOST-çulardı. Yanınıza gələndən sonra on dəfə sifət dəyişdirdilər…

- O sifət dəyişdirənlər yazarlar yox, repçilərdi. Əvvəl replərində başqa şeylər deyiblər, indi fərqli fikirlər səsləndirirlərsə, mən onlara nə deyə bilərəm? O ki qaldı sifət dəyişdirmələrinə, bu mənim xidmətim deyil. Mən gəncin istedadını görüb, birliyə cəlb eləyirəm, o sifət, mövqe dəyişirsə, mən buna günahkar deyiləm ki. MKM-ə gəlincə, bu işdə mənim vicdanım təmizdi. Sənin dostların orda-burda yazırlar ki, guya mən hikkəmi yeritmişəm. Vallah, elə şeyləri oxuyanda, mənə hətta bir az xoş gəlir ki, bunlar məni elə hegemon gücə sahib adam bilirlər. Amma bir az da təəssüflənirəm, axı yüksək bal verdiklərimin arasında Qaraqan beşinci yerdə idi. Mən ən çox balı Şərif Ağayara, Fəxri Uğurluya, İlqar Fəhmiyə vermişdim. Kimə neçə bal verməyim sənədlərdə qeyd olunub, sənin dostun Qan Turalı da indi ekspertlər şurasındadı. Ondan soruş, desin, mən kimə neçə bal vermişəm. Lap açığına qalsa, mən Şərif Ağayarın qalib gəlməyini istəyirdim. Onun əsərini oxuyanda ağlamışdım. O şeylər mənə elə doğma, elə təsirli gəlmişdi ki… özünə də demişəm. Amma nə bilim, bəlkə onun da qalib gəlməyini nazirlik istəməmişdi…

- Yəni, demək istəyirsiniz ki, nazirlik münsiflərə sifariş verirdi?

- Şəxsən mənə verməmişdilər, amma o birilərini bilmirəm. Yəni ola bilər ki, bir neçə münsifə təsir edə biləydilər. Amma ən müxtəlif sahələrdən olan adamların seçimi Qaraqan olursa, bu onun öz xidmətidi. Deməli, fərqli zövqlər bir araya gələndə, onu seçirlər. 21 yaşlı gəncin bir çox problemli məsələləri rahat, oxunaqlı dildə yazması, hadisələrə münasibəti mənim də xoşuma gəlmişdi. Və bir ildi ki, bu məsələyə münasibətinizi, aqressiv reaksiyanızı görəndə, düşünürəm ki, sən və dostların Qaraqana sadəcə paxıllıq eləyirsiniz.

- Biz Qaraqanın nəyinə paxıllıq eləyə bilərik?

- Onun məşhurluğuna.

- Belə çıxır ki, mən Aygün Kazımovaya da paxıllıq eləməliyəm, çünki o çox məşhurdu?

- Yox, niyə elə müqayisə aparırsınız. Mən ədəbi məşhurluğu deyirəm.

- Lap ədəbi məşhurluq olsun. Paulo Koelyo dünyada ən çox kitabları satılan müəllifdi. Amma bu hələ o demək deyil ki, Koelyo ciddi yazıçıdır...

- Mən belə hesab eləmirəm. Koelyo yaxşı yazıçıdır. Əsər oxunaqlıdısa, insanların marağını özünə çəkirsə, çoxlu sayda oxucusu varsa, onu yazan pis yazıçı olmaz. Oxunaqlılıq böyük və ciddi göstəricidir. Bu il Pərviz Cəbrayıl MKM-ə əsər təqdim edib. Məncə, o əsərin qətiyyən şansı yoxdu. Dili ağır, özü anlaşılmaz. Mən o əsəri yarıya qədər güclə oxudum. Məncə digər münsiflərdə də belə olacaq. Keçən il də Rafiq Tağının əsərindən xoşum gəlməmişdi. Onu siz çox şişirdirsiniz, amma mən Rafiq Tağının nə dilini, nə üslubunu heç sevmirəm.

- «On sentyabr» kimi hekayə yazan adamın Rafiq Tağının əsərlərini bəyənməməsi normaldır...

- Sən «On sentyabr»a çox ilişmə. «On sentyabr» ondan çox dilə çevrilib və nəşr olunub.

- Siz niyə həmişə ədəbiyyatın dəyərini belə statistik göstəricilərlə ölçürsünüz? Ən zəif detektiv də dünyanın otuz dilinə çevrilir...

- Əzizim, ədəbiyyatın əsl dəyərini vermək üçün zaman lazımdır, zaman. Ümumiyyətlə, hər şey üçün zaman lazımdır. Elə sənin mənə olan nifrətinin də sevgiyə çevrilməsi üçün zaman lazımdır... Görəcəksən, vaxt gələcək, sən məni sevəcəksən.

- Niyə belə əminsiniz? Yazıçılar Birliyindən getmək fikriniz var?

- (Gülür) Canım mənim, sənin bu zarafatlarını, acılamalarını elə müsbət qarşılayıram ki. Mənnən reportajların çıxanda, hamı elə bilir ki, sən məni məhv eləmisən, nə bilim mənə patoloji nifrətin var. Zəng eləyib deyirlər ki, onu niyə özünə yaxın buraxırsan ki, sonra da belə şeylər yazsın. Amma mən hamıya deyirəm ki, bunu dostyana zarafat kimi qəbul eləyirəm və çox da xoşuma gəlir.

- Lap məni utandırdınız...onda mən də sizə bir xoş söz deyim də: mən də çox istəyərdim ki, siz Yazıçılar Birliyinin sədri olasınız.

- Sən mənim orda katib olmağımı heç həzm edə bilmirsən, sədr olmağımı niyə arzulayırsan?

- Bu arzu sizə simpatiyadan irəli gəlmir ki. Sadəcə, mən təsəvvür eləyirəm ki, Anar müəllim getsə və yerinə Çingiz Abdullayev gəlsə, hər şey əvvəlki kimi qalacaq. Rusdilli, qlamur, qaraqabaq bir adam. Amma sədr siz olsanız, jurnalist olaraq, biz kef eləyəcəyik. Nə vaxt istəsək zəng edəcəyik, tənqid üçün əsaslarımız bol olacaq, bir sözlə sizinlə bağlı mövzular bitib-tükənməyəcək...

- Yaşlı nəslə belə münasibətin nə qədər ədalətsiz olduğunu da zaman göstərəcək. Rasim Qaraca bir vaxtlar Anara və digər yaşlı yazarlara necə münasibət göstərirdisə, indi Qan Turalıgil ona qarşı elə davranırlar. Yaşlı yazarların qəlyanından, eynəyindən tutmuş, əsasına qədər hər şeyini lağa qoyurdular. Hələ Rasim o vaxt Anarı dözümsüzlükdə, tənqidə açıq olmamaqda qınayırdı. İndi dözsün də tənqidə. Yaşlı yazarlara nə eləmişdisə, indi özünə qarşı eyni münasibəti görür...

- Və siz buna sevinirsiniz...

- Sevinmirəm e... sadəcə o vaxtlar belə olacağını demişdim. Və dediklərimin düz çıxdığını görəndə, xoşuma gəlir. Amma ədalətlə danışsaq, deyim ki, bu söz-söhbətdə mən Qan Turalını haqsız hesab eləyirəm. Rasimin Şahbazla, Qan Turalıgillə bağlı yazdığı yazı çox düşünülmüş, məntiqli yazı idi. Onu nə qədər sevməsəm də, etiraf eləyək ki, Rasimin mövqeyi yanlış da olsa, qətidi. Amma bu biriləri....Keçən il mən Şahbaza MKM-in ekspertlərindən biri olmağı təklif eləmişdim. Qəti şəkildə imtina elədi. Amma qəfildən eşidirəm ki, Şahbaz münsiflər sırasına qoşulub. Qan Turalı da eləcə...

Yeməklərimiz, ardınca da fotoqraflarımız gəlib çıxdı. Təəccübümü saxlaya bilmədim: şanlı redaksiyamız Rəşad müəllimlə məni çəkməyi bir yox, iki fotoqrafa həvalə eləmişdi. Rəşad müəllimi nə qədər sevmirəm-sevməyim, bu öz yerində, amma el adamı olmağına söz yoxdu. Mən bir az feodal-patriarxal dəyərlərə meylliyəm axı – onun fotoqraflarımızı israrla süfrəyə dəvət etməsi, hər ikisi ilə zarafatlaşması xoşuma gəldi. Uşaqlarla o qədər mehribançılıq elədi ki, Zöhrab ömründə ikicə şeir yazmış olsaydı, Rəşad müəllim bəlkə də onu elə kafedəcə Yazıçılar Birliyinə üzv eləyəcəkdi... Söhbətimiz isə hərlənib-fırlanıb, Rəşad müəllimin, onun nəslindən olan az qala bütün yazıçıların tanrısı olan Ramiz Rövşənin üstünə çıxmışdı. Daha doğrusu, Ramiz müəllimlə xəyali müsahibəm həmsöhbətimi hələ də əsəbiləşdirirdi.

- Mən o müsahibəni oxuyanda bilirsən nəyə əsəbiləşdim? Məlum oldu ki, sən Ramiz Rövşəni heç tanımırsan! Onun ruhundan, içindən xəbərin yoxdu...

- Əgər hər hansı iri çaplı məmura səs-ün çatdırmaq Ramiz müəllimlə danışmaqdan asandısa, mən onu necə tanıya bilərəm?...

- Əzizim, məmur sənə cavab verməyə borcludu, çünki bu, onun işinin bir hissəsidi. Amma Ramiz Rövşən şairdi. Onun öz dünyası var. O dünyadan çıxmamaq və ya ora kimisə buraxmamaq onun haqqıdı.

- Sizcə, necə ola bilər ki, şair şeir yazıb insanlara, müzakirələrə, tənqidçilərə təqdim eləsin, özü isə özünü dartıb qoysun göyün yeddinci qatında?

- Eee... sən nədən danışırsan?! Bilirsən, ona yol tapmaq, onun məclislərində oturmaq üçün mən onun qardaşı Yaşara nə qədər yaltaqlanmışam, şirinlik eləmişəm?! Sonra güc-bəla ilə, yavaş-yavaş ona yol tapmışam. Şairlə gərək belə rəftar eləyəsən də.

- Vallah, mənim siz deyənlərə həvəsim yoxdu...

- Sən hələ onun insanlara açıq olmamağından danışırsan. Ramizin bir şeiri var, deyəsən belədi «Yazdığım şeirlər mənim deyil, hər itin-qurdun malıdı»... dayan, dostum o şeiri əzbər bilir, qoy ona zəng eləyim, dəqiqləşdirim...

Rəşad müəllim üç köməkdən birini - «dosta zəng»i seçir və dəstəyin o başındakı adamla sətirləri dəqiqləşdirir. Bir xeyli də telefonda deyib-güləndən sonra axır ki, söhbətimizə qayıdır:

- Yazdıqlarım mənim deyil
Hər itin-qurdun malıdı.
Yazmadıqlarım mənə
Yazdığımdan vəfalıdı...


bax, görürsən, sən hələ onun insanlara açıq olmamağından danışırsan. O oxucuya «it-qurd» deyir, neyləyək, o da belə adamdı da. Amma mən sənə söz verirəm, əlimdən gələni eləyəcəm ki, səninlə səhər yeməyinə gəlsin.

- Çox minnətdar olaram. Rəşad müəllim uşaqlarınızın axırı nə oldu? Gənc Ədiblər Məktəbindəki uşaqları nəzərdə tuturam.

- Bu il əlli nəfərə yaxın gəncə məktəbin diplomunu verdik. İki il ərzində onları müxtəlif yazarlarla, maraqlı insanlarla görüşdürdük, tədbirlər təşkil elədik. Aralarında kimin çox istedadlı, kimin bir az zəif olduğunu gördük. Əsas odu ki, bir neçə nəfər çox istedadlı, gələcəyinə inandığımız gənc seçdik. Məsələn, bu yaxınlarda Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Qisməti tanıyırsan da, bax Qismət qurultay üçün məruzəyə hazırlaşır. Yazıçılar Birliyinin tarixində ilk dəfə olaraq, iyirmi beş yaşlı gənc qurultayda məruzə eləyəcək.

- Bu layihə bitdi? Yəni məktəbə yenə gəncləri cəlb edəcəksiniz?

- Cəlb edəcəyik, amma bu şəkildə yox. Yəni Gənc Ədiblər Məktəbi daha olmayacaq. Nəsə başqa şəkildə bir şey planlaşdırırıq. Bu layihədə də görüşlər, səfərlər olacaq. Çox istəyirəm ki, gəncləri Türkiyəyə aparaq, oradakı mətbuatla, yazarlarla tanış eləyək. Türk mətbuatında, ədəbiyyatında dostluğumuzun tarixi iyirmi ili ötən dostlarım var: TRT yayım şurasının kültür və sənət işləri üzrə şurasının üzvü İrfan Çiftçi, «Star» qəzetinin yazı işləri müdiri İbrahim Kiras... Gəncləri onlarla görüşdürməyi, adlarını çəkdiyim dostların köməyi ilə gənc türk yazarlarla dostlaşmalarını çox istəyirəm. Yəni gənclərlə iş dayanmayacaq. Ümumiyyətlə, ədəbi prosesdə ölgünlük görmək istəmirəm. Çox vaxt ədəbi hadisələri elə özüm yaradıram. Elə ki, görürəm, sakitlikdir, hansısa agentlikdən, qəzetdən bir adam çağırıram, bir-iki qıcıqlandırıcı söz deyirəm və çaxnaşmalar başlayır...

Rəşad müəllimi nə qədər acılayıramsa-acılayım, bu öz yerində, amma süfrədə yaxşı oğlan olmağına söz yoxdu. Nə təklif eləsən razılaşar, heç nədə qüsur tapmaz, «onu yemirəm, bunu bəyənmirəm» deyə, özünü dartmaz. Əyalət adamlarına xas bir şeydi bu və hər süfrə yoldaşında qiymətləndirilməsi vacib olan şərtlərdəndi. «Əyalət adamı» demişkən, qəfildən ağlıma həmsöhbətimin indiyə qədər konkretləşdirilməyən vətəni gəlir:

- Rəşad müəllim, tanıyanlar deyir siz gah ağdamlısız, gah ağcabədili, cah da laçınlı. Bu nə vətən bolluğudu?

- Vallah, bu məsələni şişirdirlər. Bax, atam ağcabədilidi. Anam Laçındandı. Özüm də Laçında doğulmuşam, Ağdamda da böyümüşəm.

- Bəs, özünüzü hansından sayırsınız?

- Ağdamlıların diribaşlığından xoşum gəlir. Ağcabədililərin yaxşı mənada sadəlövhlükləri var, bunu bəyənirəm. Laçınlıları da mərdliklərinə, xarakterlərinə görə sevirəm. Amma hər üçü mənə doğmadı. Nəinki bu üçü, bütün Qarabağ. Bu yaxınlarda Google-də axtarışa verdim, Laçındakı Ağoğlan məbədini tapdım. Məbəddən bir az o yana mənim Balaxanım nənəmin evi idi. Baxdıq ki, məbədi erməni kilsəsi eləyiblər, nənəmin evini isə dağıdıblar, qalan təkcə divarlarıdı. Yeri gəlmişkən, Balaxanım nənəm hələ sağdı, yaşı doxsanı adlayıb. Evinin dağılmağını nənəmə demədik...
Hər il neçə ölkəyə səfərlər eləyirəm. Hətta elə olur, Türkiyəyə bir neçə dəfə gedirəm. Amma bütün bu səfərləri bircə səfərə dəyişərdim: 1989-cu ildə bir gün səhər Bakıdan çıxdım. Getdim bir neçə saatın içində Fizulini və Cəbrayılı gəzdim. Ordan çıxdım, getdim Zəngilanda nahar elədim. Sonra getdim Qubadlıya, pasportuma möhür vurdurdum, ordan çıxdım, saat 5-də oldum Laçında. Laçından çıxdım, saat 7-də çatdım Şuşaya. O vaxt Şuşada məlum hadisələrlə bağlı təzə-təzə etiraz aksiyaları keçirilirdi. Aksiyada da iştirak elədim, axşam qayıtdım Laçına, gecəni qaldım dayımgildə. Bir günə bütün Qarabağı gəzdim. İndi mən dünyadakı bütün xarici ölkələrə səfərləri bir tək o marşruta dəyişərdim...

Söhbətimiz belə kövrək notlarla yekunlaşdığından, Rəşad müəllimlə silsilə «duel»imizi burada bitmiş hesab elədim və onu daha acılamadım. Yaxşı deyildi – səhər yeməyimiz boyunca neçə şeirimi tərifləmişdi, xarici görünüşümlə bağlı komplimentlər demişdi... üstəlik, sizə bir şey deyim ki, mən Rəşad müəllimi tez zəhərləyib öldürməyin ağıllı fikir olduğunu düşünmürəm. İldə ən azı bir dəfə Rəşad Məcid ələdüşməz mövzu, təzə layihələrin uğurunun qarantı, reportajların ulduzudur. Odur ki, mən yaşlandıqca (yəni mən özüm yaşlandıqca, Rəşad müəllim yaşlandıqca yox), Rəşad müəllimi daha çox qorumaq istəyirəm...

Günel Mövlud

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9461
avatar

Günel Mövlud

Oxşar yazılar