Anar Yusifoğlu: “İstedad düşməni olsaydım, onunla dostluq eləməzdim...” - SÖHBƏT
01 fevral 2011 18:15 (UTC +04:00)

Anar Yusifoğlu: “İstedad düşməni olsaydım, onunla dostluq eləməzdim...” - SÖHBƏT

İştirak edirlər:

Qonaq – Anar Yusifoğlu
Qarşılayan – Günel Mövlud



Qışın oğlan çağında sıcacıq kafe künclərindəki səhər yeməyimizi davam elətdirək. Budəfəki qonağım əslində qonaq hesab olunmaya da bilər. Nədən ki, əməkdaşlıq elədiyim Lent.az saytının daimi yazarlarından biridir. Amma qəhrəmanım bundan əlavə, həm də İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru və həmin telekanalın «Aktual» verilişinin aparıcısı olduğuna görə, saytın digər əməkdaşlarından çox fərqlənir və səhərin gözü açılmazdan bir az mübahisə eləməyə tam uyğun adamdır.

Anar Yusifoğlunu necə oldu ki, səhər yeməyinə dəvət elədim, açığı yadımda deyil. Elə bir də gördüm ki, artıq səhər onunla görüşməyə hazırlaşıram və ağlıma ilk gələn şey bu oldu ki, o çəkidə adamla yemək yeməyi necə çatdıracağam?

Kafeyə çatan kimi keçib pəncərənin ağzında qonağımı gözləməyə hazırlaşırdım ki, sarışın ofisiant əli ilə masalardan birini göstərdi və qonağımın artıq əyləşib, məni gözlədiyini gördüm. Salamlaşan kimi, ona kompliment deməkdən özümü saxlaya bilmədim:

- Anar bəy, tanımadım sizi. Uzaqdan çox arıq görünürsünüz.

Təəccüblənmir. O, ümumiyyətlə, mənim sərt atmacalarıma həmişə yumşaq yanaşır:

- Mən əslində o qədər də iri adam deyiləm.

- Yəqin Amerika standartları ilə ölçürsünüz. Orada insanlar həddən artıq iri olur.

- Ən azı sizin kitabınızdakı «5XL»dən çox balacayam. Cəmi 2 XL-əm.

- Belə müqayisələr apardığınızı bilmirdim... Uşaqlığınızı təsəvvür eləyirəm: yumru, ətli yanaqlı toppuş oğlan uşağı...

Gülür:

- Sizi məyus eləməli olacam. Mən uşaqlıqda çox arıq olmuşam. Arıq və küsəyən kənd uşağı.

- Belə ərköyünlüklə yəqin ki, tək uşaq olmusuz?

- Yooox. Biz altı qardaş-bacıyıq. Dörd qardaş və iki bacı. Əslində, doğulduğum cənub bölgəsində bu sayda uşaq ailə üçün çox azdır.

- Bəs, nədən küsürdünüz?

Utana-utana:

- Hər şeydən. Hətta yeməkdən belə küsürdüm. Evimizdə kartof qızartması olanda həmişə istəyirdim ki, yeməyi çəkəndən sonra payımı tavada versinlər. Tavanın qazmağını yaman xoşlayırdım. O tavanın qazmagını qaşıqla qazıyırsan ha.. Amma biz də evdə üç qardaş idik, (böyük qardaşım artıq şəhərdə idi) tavadakı yemək bir dəfə mənə düşəndə, iki dəfə də qardaşlarıma düşməli idi axı. Mən də həmişə küsürdüm. Bir dəfə atam məni cəzalandırdı. “Küsənin payının yeyərlər”, deyə yemək payımı o biri uşaqlara böldü. Mən də ac qaldım. Sonra daha heç vaxt yeməkdən küsmədim. Yemək çəkilən kimi, birinci gəlib otururdum süfrədə...

Ofisiant sifarişlərimizi götürməyə gəlir və qonağım yeməkdən imtina etməyə çalışır:

- Mən səhərlər yemək yemirəm axı...

- Mənsə səhərlər çox yeyirəm və indi bərk acam. Təkbaşına da yemək yeyə bilmirəm. Ac olanda çox aqressiv oluram və yəqin ki, söhbətimiz də bu ovqatda davam eləyəcək. Odur ki, məsləhət görürəm, yeyəsiniz...

Yenə yumşaqca gülür və razılaşır:

- Yaxşı, onda özünüzə nə sifariş edəcəksinizsə, mənə də ondan deyin.

İki dənə «Bavariyasayağı səhər yeməyi» sifariş edib qonağımın uşaqlığından gəncliyinə naqolay bir keçid eləyirəm:

- Anar bəy, belə cavan yaşda və rəhbər vəzifə... Niyə? Özü də artıq beş-altı ildir. Deməli, otuz yaşda siz artıq departament rəhbəri idiniz?

- 31 yaşından...

- 31 yaş hələ adamın yaradıcı avaraçılıqla məşğul olmalı olduğu vaxtdı. Siz niyə tez məmurluğu seçdiniz?

- Mən sizin təbirinizcə desək, o “avaralıq” dönəmini hamıdan tez başladığım üçün, hamıdan da tez bitirdim. Siz dediyiniz o yaradıcı avaralıqla mən “Cümhuriyyət” qəzetində, ANS-də məşğul olmuşam. Əslində ixtisasca riyaziyyatçıyam. Yazmağa başlayanda özümə bir sahə müəyyənləşdirmək istədim. Məsləhət gördülər ki, ekologiyadan yazım. Elə ilk cəhdimdə elə pərt oldum ki, bu işdən daşındım.

- Necə pərt oldunuz?

- Yazı üçün o vaxtkı Ekologiya Komitəsinə gedəndə dəhlizdə məşhur adamlardan birinin çox pis söyüş söydüyünü eşitdim.

- Belə utancaq olduğunuzu bilmirdim.

- Siz hələ çox şey bilmirsiniz... 22 yaşımda isə parlament müxbiri idim. Yekəxanalıq kimi çıxmasın, mənim hər reportajım parlamentin növbəti iclasında müzakirə mövzusuna çevrilirdi. Sonra sizin çox sevdiyiniz Rəşad Məcidin təklifi ilə onun qəzetində, «525-ci qəzet»də yazmağa başladım...

- Aha, niyə tezcə məmurluğa meyl eləməyiniz aydın olur...

Gülür:

- Sonra da uzun müddət işsiz qaldım. Yəni televiziyadan uzaqda.

- Yeri gəlmişkən, sizin siyasi baxışınız necədi?

- Mənim qəti mövqeyim var – mən millətimi, dövlətimi və prezidentimi sevirəm... Hə, mən uzun müddət işsiz, televiziyadan uzaq qaldım. Nəhayət, 2005-ci ildə İctimai Televiziya yarananda, müsabiqəyə getdim. Əslində redaktor kimi bir iş istəyirdim. Münsiflərin qarşısındakı kürsüdə oturanda İsmayıl Ömərov dedi ki, sənin yerin ora deyil, sən əslində başqalarına qiymət verməlisən. Bu mənimçün böyük qiymət idi.Məni indi rəhbəri olduğum departamentdə direktor müavini təyin elədi.

- Direktor kim idi?

- Direktor hələ yox idi.

- Bəs kimin müavini idiniz?

Gülür:

- Özümün müavini idim...bir neçə aydan sonra İsmayıl müəllim iclaslardan birində məni Analitik Proqramlar Departamentinə direktor vəzifəsinə təyin elədi. Tarixçəm bax, bu qədərdi...

- Televiziyanın daxili mətbəxini azdan-çoxdan tanıyan adam kimi bilirəm: orada irəli getmək üçün işçilər arasındakı xırda qruplaşmalara qoşulmaqdan tutmuş, rəhbərliyə yarınmağa qədər hər şey etməlisən. Demək istəyirsiz, sizdə belə şeylər olmayıb?

- “Demək istəyirsiz” niyə? Elə deyirəm: mən artıq kifayət qədər tanınmış və peşəkar jurnalist olduğum üçün və İctimai Televiziyanın da mühiti tanıdığınız televiziyaların mühitindən fərqli olduğu üçün elə şeylər olmayıb.

- İctimai Televiziya demişkən... bilirəm, soruşacaqlarım sizdən asılı şeylər deyil, amma o televiziyanın rəhbər vəzifələrindən birində çalışan adam kimi, münasibətinizi bilmək istəyərdim. Mən nə vaxt İTV-yə baxıramsa, orada yaılnız milli musiqiləri və yaşlı şairləri görürəm. Anar bəy, bu nədir?

- Bilirsiz, siz bunu başa düşməlisiniz ki, İctimai Televiziyanın konkret missiyası var. Burada əhalinin bütün təbəqələrinin marağı təmin olunmalıdır. Heç bir milli azlığın mədəniyyəti kənarda qalmamalıdır. İrsimizin bütün sahələrinə yer ayrılmalıdır. İctimai Televiziyanın verilişləri barədə fikir yürütmək üçün mütləq bu institutun mahiyyətini, qanunla müəyyən olunan hüquq və vəzifələrini bilmək lazımdı.
Siz dediyiniz o qoca şairlər də orada yer almalıdırlar. Sizin öz oxucularınız olduğu kimi, onların da öz tamaşaçıları var. Niyə sizi oxumalıdırlar, amma o şairlərə qulaq asmamalıdırlar? Niyə biz hansısa milli azlığın mədəniyyətinə, folkloruna dair veriliş çəkməməliyik? Bizim kanal milli və ziyalı kanalıdı, İsmayıl müəllimin dediyi kimi, formaca müasir, məzmunca milli kanaldır. Televiziyamızın proqram siyasəti tam balanslıdır və bu televiziya haqqındakı qanunla müəyyən edilir. Bir də ki, siz arabir baxdığınız üçün həmişə bunları görürsünüz. Daima baxsanız, başqa ruhda olan verilişlər də görə bilərsiniz.

- Anar bəy, folklor və digər məsələlərlə bağlı fikrinizlə razıyam. Amma bir sual da verim – düzdü, bunun sizə heç dəxli yoxdu, sadəcə bunu soruşacaq başqa adam tapmayacam: filmlərdəki öpüş səhnələrini niyə kəsirsiniz? Sizin öpüşməklə bağlı nə probleminiz var axı?

Gülür:

- Bizim öpüşməklə bağlı heç bir problemimiz yoxdu! Sadəcə, bizim milli mentalitetimiz var, ailə dəyərlərimiz var, nəzərə almalıyıq ki, o filmlərə ailə bir yerdə baxır. Bacı-qardaş, ata-qız, ana-oğul...

- Ana-bacı öpüşmür ki?

- Ana-bacı da öpüşür eee, amma daha atanın, qardaşın yanında öpüşmür ki. Bir də ki, bizim kanalda öpüş səhnələrinin kəsildiyini nadir hallarda görmüşəm. Adətən yataq səhnələri kəsilir ki, bu da, fikrimcə normaldır. Siz şeirlərinizdə açıq yataq səhnələri təsvir edirsiz?

- Yox, amma şeirin bədii həlli tələb edərsə, niyə də yazmayım ki? Filmlərdə də elədi. Səhnənin bədii həlli öpüş və ya sevişmə tələb edirsə, bu sizi niyə narahat edir və ya niyə mentalitetə xələl gətirməlidir?

- Sizin deməyinizdən belə çıxır ki, bütün filmlərdəki sevgi mövzusunun axırı mütləq aparıb, öpüşməyə və yatağa çıxarmalıdır?

- Niyə də yox? Bəyəm həyatda belə deyil?

Utancaqcasına gülümsəyir:

- Bilirsiz, siz mövzunu söz oyununa çevirdiniz... Həyatda da elədir, amma bunu ailəlikcə oturub, filmə baxan azərbaycanlılara göstərmək olmaz axı.

Səhər yeməyimiz gəldi və aradabir pəncərənin o tayındakı narın yağış mənzərəsinə baxa-baxa, arada yeddiqatlı zarafatlar eləyə-eləyə iştaha məsələsində mənə ayaq uydurmağa çalışdı.

- Anar bəy, redaksiya əhli biləndə ki, sizinlə səhər yeməyi yeyəcəyik, hamı xahiş elədi ki, bir sual verim: niyə Lent.az-a gələndə işçilərə salam vermirsiniz?

- Mən onlara salam vermirəm?! Siz nə danışırsınız? Nəinki əməkdaşlarınıza, ümumiyyətlə mən küçədə gördüyüm ən uzaq tanışıma belə mütləq salam verirəm. Yad adamların belə küçədə qarşılaşanda, bir-birinə gülümsəməyinin tərəfdarıyam. Bu çox gözəl, xoş bir şeydir. Redaksiya da gələndə, mütləq salam verirəm, amma əməkdaşlarınızın başı adətən yazıya qarışdığından, salamımı almırlar...

- Barənizdə deyilən «yekəxana», «şöhrətpərəst», «istedad düşməni» kimi sözlər hardan yaranır? Niyə sizin barənizdə adamlar adətən xoşagəlməz şeylər danışırlar?

- Açığı, mənim özümə də qəribə gəlir. Yekəxana görünməyə elə də etiraz eləmirəm, çünki mən bir az qapalı adamam. Çox az adamı özümə yaxın buraxıram. Bu da kənardan yekəxanalıq kimi görünə bilər. Amma məni tanıyanlar bilirlər ki, elə deyiləm. Şöhrətpərəstlik qədərində olanda də pis şey deyil. Amma «istedad düşməni» məsələsinə gəlincə...bu mənim üçün gözlənilməz oldu. Mən necə istedad düşməni ola bilərəm ki, həmişə çox istedadlı adamlarla oturub-dururam, dostluq eləyirəm? Çünki istedadlı adamlara dəstək olmağa, onların yanında olmağa ehtiyac var, istedadsızlar onsuz da bir yol tapıb ortaya çıxacaqlar. Həm də istedadlı adamdan öyrənmək mümkündür. Məsələn, şair Aqşin çox istedadlı adamdı və mənim dostumdu. İstedad düşməni olsaydım, onunla dostluq eləməzdim axı... Elə rəhbərlik elədiyim departamentdə nə qədər istedadlı adamlar var və siz onların bir neçəsini tanıyırsınız.

- Anar bəy, niyə aparıcısı olduğunuz verilişdə adətən ancaq qonaqlarınız danışır. Sizsə sual verməklə kifayətlənirsiniz. Məncə, müsahibə və ya söhbət o zaman maraqlı alınır ki, orada iştirak edənlərin hamısı özünü tərəf kimi aparır.

- Aparıcının işi elə tərəf tutmadan, sual vermək, qonaqlarını danışdırmaqdır. Mənim verilişdə intellektimi nümayiş etdirməyə, özümün bilik və digər keyfiyyətlərimin qonaqdan artıq olduğunu tamaşaçıya göstərmək kimi məqsədim yoxdu. Mən verilişə qonaq çağırmışamsa, onlar danışmalıdır, mənsə verilişin axarını, istiqamətini idarə edirəm. Həm də nəzərə almaq lazımdı ki, aparıcısı olduğum verilişdə həmişə siyasi mövzular müzakirə olunur, belə verilişdə tərəf nümayiş etdirmək doğru və etik deyil.

- Amma hər nə qədər siyasi olur-olsun, veriliş dinamik eləmək üçün bir az siyasi «hoqqabazlıqlar» eləmək, atmacalardan istifadə eləmək olar.

- Sizə söz verirəm, nə vaxtsa şou-biznes veriliş aparsam, ya hansısa şounun aparıcısı olsam, dediklərinizdən istifadə eləyəcəm...

- Belə bir şeyə ümid edə bilərik?

Yenə gülür və biz yeməyimizi bitirib, söhbətimizin məcrasını bütün insanların heç vaxt canından birdəfəlik çıxara bilmədiyi mövzuya, uşaqlığımıza qayıdırıq. Daha doğrusu, qonağımın uşaqlığına:

- Uşaqlığımda elədiyim çox şeydən ötrü indi çox darıxıram. Sizin də yadınızda olar, kənd evlərində qar yağanda şiferin kənarı buz bağlayırdı. Uzunsov, şəffaf sırsıralar. Uşaq vaxtı ən çox sevdiyim şey o sırsıralardan qoparıb, xırtaxırtla yemək idi. Evdən də buraxmırdılar axı, deyirdilər xəstələnərsən, boğazın ağrıyar. Odu ki, gizlin eləməli olurdum. Evimiz iki mərtəbəli olduğundan o sırsıralar da əlçatan yerdə olmurdu. Gərək zirzəmidən nərdivanı çıxaraydım, dama qalxıb, sırsıra qoparaydım və tez nərdivanı gizləyəydim. Az qala döyüş vəziyyəti alan əsgərin 45 saniyəyə formasını geyindiyi bir cəldlik, dəqiqlik tələb olunurdu buna. İndi də içimdən gəlir ki, kəndə gedib, sırsıra qoparıb yeyim. Təndirdən təzə çıxan çörəkdən ötrü ölürdüm. Əgər yaz-payız vaxtı olurdusa, o çörəyin arasına ləkdəncə bir çəngə göy soğan, vəzəri-keşniş də qoparıb qoyurduq. Özü də yuyub-eləmirdik o göyərtini. Yəqin sizin tərəflərdə də elə olub - kənddə sabah toy olacaqdısa, gecədən cöngəni kəsirdilər. Kəsən kimi içalatı bişirilirdi, ev adamları, iş-gücə kömək eləyənlərə paylanırdı. Ərki çatan qonşular kəsilən qoyunların dərilərini, baş-ayaqlarını aparırdılar. Bizim üçün bu şeylər artıq keçmişdə qalıb. Amma kəndə gedəndə görürsən ki, kənd camaatı üçün az şey dəyişib. Hələ də evinə getmədiyin qohum, qonşu adamdan inciyir. Hələ də şəhərdən gələnə pay tuturlar. Kiminsə evinə getməyəndə adamdan inciyirlər ki, daha böyüyüb, bizi saymır, bəyənmir. Ona görə də indi kəndə gedəndə evimizdə çox az qala bilirəm. Bacılarımın, qohumlarımız hamısına qonaq getməyə çalışıram. Amma elə istəyərdim ki, evimizdə, sobanın dibində mütəkkəyə dirsəklənib, kitab oxuyum. Kəndimizə qaz çəkilsə, telefon, internet problemi olmasa, məmnuniyyətlə qayıdıb, kənddə yaşayaram. Siz məni nə qədər yekəxana, şöhrətpərəst adam hesab eləsəniz də, mən əslində çox sadə və kövrək adamam.

- “Facebook”dakı statuslarınızdan hiss eləmişəm...

Söhbətimiz az qala bitmişdi, hətta Anar bəy bir saatlığına gələcəyini, vaxtının az olduğunu desə də, artıq iki saata yaxın idi ki, burda idi, amma qəfildən fərqinə vardıq ki, başımız söhbətə qarışıb, fotoqrafın gəlmədiyini hiss eləməmişik.

Qonağım bunu özünəməxsus şəkildə qiymətləndirir:


- Deyəsən, sizin fotoqrafınız da məni sevmir...

- Məncə, fotoqrafımızın sizinlə bağlı heç bir problemi yoxdu. Elə mənim də. Axtarsanız, lap sizi sevdiyimi də demək olar. Amma gərək bərk axtarasınız.

- Nə olar! Çalışaram bərk axtarıb tapam.

- Bunu da “Facebook”da status kimi qoya bilərsiniz...

Bu arada bizim fotoqraf özünü yetirir. Və şəkillərə söhbətimizin sonu, qonağımın romantikcə yorğun üzü düşür...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8678
avatar

Günel Mövlud

Oxşar yazılar