Qonaq: Ali Bilge Cankorel
Qarşılayan: Günel Mövlud
İlk dəfədir ki, səhər yeməyində qonağım yerli başbilənlərdən, ünlülərdən, bərkgedənlərdən deyil, beynəlxalq çapda bir ictimai fiqurdur. Əcnəbi deməyə dilim gəlmir, çünki bir insanla hərəniz öz dilinizdə danışaraq, bir-birinizi başa düşürsünüzsə, ta bunun nə əcnəbisi? Yazıya belə qeyri-rəsmi giriş verməyimə aldanmayın, əslində qonağım olduqca rəsmi şəxsdir. O qədər rəsmi ki, dəvətdən və görüşdən bir neçə gün əvvəl yazarınızı artıq udqunma tutmuşdu.
Beləliklə, qonağım nə az, nə çox, düz ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Ali Bilge Cankoreldir.
Hörmətli böyükelçidən səhər yeməyinə razılaşmanı onun gənc və azad yazarlarla səmimi görüşü zamanı qopara bildim. Sözgəlişi razılaşdığını düşünsəm də, köməkçisi Rəşad bəyə telefon edən kimi, vaxtı təyin eləyib, dəqiq günü və saatı mənə bildirdi və özü bircə dəqiqə də olsun, gecikmədən kafeyə gəldi. Səhər yeməyinə qalstuklu gəlmişdi, amma davranışında qalstuk taxmayan adamların rahatlığı vardı.
Əyləşən kimi, birinci özü hal-əhval tutdu:
- Nasılsınız, Günel hanım?
- Çox sağ olun, hocam, yaxşı demək istərdim, amma yazarın yaxşı olması üçün hələ çox erkəndi.
Gülümsəyir və təəccüblə:
- Nədən əfəndim? Yazarlar bu saatda iyi olmazlarmı?
- Biz yazarlar insanlar yatanda yaşayır, insanlar yaşayanda yatırıq. Balzakdan bu yana vərdişimiz belədi.
- Eləmi? Maraqlıdır. Amma mənim elə bir lüksüm yoxdu. İllərdir ki, səhər saat yeddidə oyanıram. Bu səhər də eləcə. Sizinlə görüşə gəlməzdən öncə dalmatin köpəyim var, bir saat onu açıq havada gəzdirmişəm. Səhər yeməyindən sonra da bir mətbuat konfransı var.
- Nə gözəl, köpəyi də özünüz gəzdirirsiniz...
- Hər zaman yox. Vaxtım olanda mən gəzdirirəm. Başqa vaxtlar iş həyat yoldaşıma düşür.
Ofisiant yaxınlaşır və qonağım səhər yeməyi sifarişində xeyli əziyyət çəkir. Menyuda dominantlıq eləyən sosis, bekon, kolbasa kimi şeylərdən qaçır, bol kolorili şeyləri rədd edir və nəticədə sadə çayla pendirli sendviçin üzərində dayanır. Yazarınız blinçik və çay sifariş verir və qonağına yüngül iradını bildirir:
- Hocam, deyəsən səhər yeməyinə iştahsız gəlmisiniz. Niyə belə az...
- Əslində mən səhər yeməyi kültürünü sevən adamam. Amma bu gün bir nahara və bir də şam yeməyinə dəvətliyəm. Bir gündə bu qədər çox şey yeyə bilmərəm. Odur ki, səhər yeməyində bir az özümü saxlayım.
- Sizin işiniz də çox çətindir. Səhər erkən oyanmaq məcburiyyəti, dəvətlər, konfranslar...
- Maraqlıdır, burada olduğum müddətdə sizin gənclikdə bir tənbəllik müşahidə eləmişəm. Bizim ofisdə çalışan gənclərdə bir tez-tez xəstələnmək, tez-tez işdən izin istəmək vərdişi var. Onsuz da biz işçilərimizə tolerant davranırıq, ildə on gün həkim arayışı olmadan xəstəlik və digər səbəblərdən işə gəlməmə limiti var. Amma bu limit də onlara yetmir. Əlavə izin də istəyirlər. Onlara tez-tez öz təcrübəmdən danışıram. Mən 40 ildən çoxdur ki, rəsmi vəzifələrdə çalışıram. Bu qırx ildə xəstələnmə və başqa səbəblərdən dolayı izin aldığım günlərin sayı dördü keçməyib.
Heyrətdən gözlərim böyüyür. İki-üç ay hər gün saat səkkizdə oyanası olmuşam, həmin aylardan sonra hələ də özümə gələ bilmirəm. Qarşımda oturmuş, yaşı altmışı keçmiş adam isə nələr danışır...
- Mənə maraqlıdır, gənc, sağlam adam niyə xəstələnsin ki? Deməli ya axşam çox yeyib, ya da...
Gülümsəyirəm:
- Ya da çox içib :)
- İçki sıkıntısıdamı var? Maraqlıdır, bu problemlə mən heç üzləşmədim.
Yəqin mənim rastıma çıxmayıb. Doğrudanmı azərbaycanlılar çox içir?
- Qatı müsəlman olmayan qismi, hə. Ruslar bizə içməyi öyrətdilər, amma nə vaxt dayanmaq lazım olduğunu öyrətmədilər...
Gülümsəyir:
- Özləri bilirlərmi ki, sizlərə də öyrətsinlər. Amma mən narkotik problemini duymuşdum, içki məsələsi ilə elə də rastlaşmamışdım.
Ofisiant (bu arada həmin gün bizə xidmət eləyən gənc buradakı yeganə ofisiantdı ki, boyu iki metrə yaxın deyil) sifarişlərimizi gətirir. Qonağım həvəs və xoşgörü ilə boşqabına baxır, səliqə-sahmanla yeməyinə başlayır. Çayına şirin qatmaq istəyəndə həm gözləri, həm əlləri ilə diet şəkər axtarır, amma balaca stəkanın içindəki paketlərdən diet toz şəkər əvəzinə diş çöpləri çıxır. Səfir sadə şəkərlə yetinməli olur, mənsə onun səliqə-sahmanla yeməyə başladığına əmin olandan sonra söhbəti davam etdirirəm:
- Bu günlərdə gənc yazarlar olaraq Sizinlə görüşdük. Təəssüratlarınızı bilmirəm, amma məncə qarşınızda çaşqın, dəyişik bir gəncliyin olduğunun fərqinə vardınız...
- Fərqinə vardım da, bu çaşqınlığın, dəyişikliyin səbəbi nədir?
- Biz uşaqlığı sovet hakimiyyətinin süqutuna və yenidənqurmaya təsadüf eləmiş, yeniyetməliyi, gəncliyi isə məhv olmuş dəyərlərin yerinə gələcək təzələri gözləməklə keçmiş nəsilik. Qəfil məlum oldu ki, uşaqlıda bizə öyrədilən şeylər, təlqin olunan dəyərlər yanlış və boşmuş. Təzə dəyərlər nə idi, nədən ibarət idi? Bunu on beş ilə yaxın gözləməli olduq. Və bir baxdıq, gəncliyimiz geridə qalıb.
- Siz o dəyərlərin yerinə mütləq nəsə qoymalı idiniz? Əski Lenin yerinə bir Lenin mütləq lazım idimi? Bir də ki, nə deməkdir “gəncliyimiz geridə qaldı”? Sizin neçə yaşınız var?
- İyirmi doqquz...
- Ooo! O yaşda olmaq üçün mən nələri verməzdim?! Belə məyus olmayın. Gəncliyiniz hələ irəlidədir. Sovetlərdən danışdınız da, mənə bir şey maraqlı gəldi. Siz o vaxtlar da türk olduğunuzu bilirdinizmi?
- Yox, hocam. Biz o zaman sovet vətəndaşıydıq. Hətta sovetlər dağılandan sonra türkçülük məsələsi ortaya çıxanda çaşıb qaldıq ki, nə baş verdi, biz qəfil türk olduq?
- Maraqlıdır, buna rəğmən genlərinizdə o türklük qalıb. Demək ki, milləti nə qədər assimilə edirsən et, genləri dəyişmək mümkün deyil. Mən Azərbaycanın bölgələrini gəzdikcə buranın Türkiyəyə nə qədər bənzədiyinə heyrət etdim. Xüsusilə Türkiyənin şərqinə doğru gəldikcə, ölkənin şərqində yaşayan insanı tanıdıqca görürsən ki, biz bir-birimizə nə qədər bənzəyirik. Sizdən bir şey soruşum, məsələn, siz Sovetlər dönəmində keçən uşaqlığınızı necə xatırlayırsınız, sizə xoş idimi?
- Çox böyük sevgi ilə xatırlayıram. Bəlkə də yazar olduğumdan, siyasi deyil, romantik yanaşıram məsələyə. O vaxtların təhsilini, məktəbini, bizə təlqin olunan dəyərləri, oktyabryatını, nişanlarını – hər şeyi sevgi ilə xatırlayıram.
Qonağım əsl müsəlman səliqəsi ilə masaya ovulub tökülən çörək qırıntılarını barmağının ucu ilə təmizləyib, boşqaba yığır. Danışdıqlarımdan da təəccübləndiyi aydındır:
- Danışdıqlarınız çox maraqlıdır. Mən də burada olduğum müddətdə qəribə bir şey müşahidə elədim. Bölgələrinizdəki insanlar bizim Türkiyənin insanına nə qədər bənzəsələr də, həyat, məişət tərzləri, ənənələri nə qədər bizə oxşar olsa da, Azərbaycan ziyalısının həyatı, məişəti daha çox ruslara bənzəyir.
- Bu heç təəccüblü deyil. Bu adamlar təhsilini sovet dönəmində almış, sovet ziyalısı kimi yetişmiş adamlardır. Biz milliyyətcə türkük, amma ruslarla ortaqlığımız daha çoxdur.
Bu vaxt bizə sezdirmədən gəlib çıxan fotoqrafımız artıq şəkilləri çəkməyə başlayıb. Qəfil üzümüzə düşən işıqlardan, fotoaparat çaqqıltısından səksənirik və qonağım yarızarafat-yarıciddi çaşır və Samirə xanıma şikayətlənir:
- Barı bir xəbər eləyin, özümüzə çəki-düzən verək...
Qonağımın dəqiqələrlə bizi çəkən fotoqrafımıza alışmağı çətin olur. Söhbətimizi ancaq Samirə xanım gedəndən sonra davam etdirə bilirik.
- Demək, yazar olaraq, əlinizdə zəngin bir həyat materialı var. Amma hər nə qədər keçmişdə sovet vətəndaşı olursunuzsa olun, indi siz türk olduğunuzu qəbul edirsinizmi?
- Əlbəttə, hocam. Genlərdə dəyişməyən özəlliklər var. Məsələn, uşaqlıqdan bu yana heç vaxt yovşan qoxusuna laqeyd qala bilmirəm. Bu yaxınlarda isə bütün yovşanlı yerlərin türk torpaqları olduğunu oxudum.
Məmnunca gülümsəyir qonağım:
- O zaman dünyanın yarısında bu yovşan vardır.
Və qonağım türklərin tarixi, qədim türk torpaqları, Balkanlardan Tibetə qədər uzanmış fəth tariximizdən sevgi ilə danışır. İxtisasca politoloq olan səfir Azərbaycanın da mədəniyyətindən, ənənələrindən deyil, daha çox siyasi, coğrafi əhəmiyyətindən danışır. Yəni sırf səfir söhbətləri...
Bu arada yeməklərimiz, çaylarımız bitir. Adama bir fincan təzə çay sifariş verib, söhbətimizi yekunlaşdırırıq. Qonağım son vaxtlar nələr yazdığımla maraqlanır, bir az ədəbi gəncliyimiz barədə suallar verir. Söhbətin sonunda kafeyə nəzər salıb, məmnunluqla başını tərpədir:
- Burası da çox gözəl kafeymiş. Sizə təşəkkür edirəm bu gözəl kafeyə dəvət üçün.
- Mən daha çox təşəkkür edirəm, sayın böyükelçim. Biz yazarların hər səhər yeməyi bir səfirlə yemək lüksümüz yoxdur. Odur ki, mənim minnətdarlığım daha çoxdur.
Gülümsəyir:
- Aman əfəndim, heç mənim də hər səhər yeməyini gözəl bir bayan yazarla yemək lüksüm yoxdur...
Ali Bilge Cankorel: “Sizin gənclikdə bir tənbəllik müşahidə eləmişəm” - SÖHBƏT
9338