Yay aylarında çəki artımı çoxları üçün gözlənilməz görünsə də, əslində müxtəlif səbəblərə bağlı olaraq mümkündür. Çəki artımı əsasən yüksək kalorili qidaların (dondurma, qazlı içkilər, manqal yeməkləri), azalan fiziki aktivlik, bədəndə maye saxlanması və hormonal dəyişikliklər səbəbindən baş verir. Arıqlamaqla bağlı bir çox üsullar var. Və indiki dövrümüzdə bir çox fikirlər sosial şəbəkələrdə insanlara təqdim olunur. Çox insanda buna inanaraq o məsləhətləri tərtib etməyə çalışır.
Təsadüfi deyil ki, bir çox sosial şəbəkələrdə belə başlıqlarla qarşılaşmısınız. “3 günə 5 kilo arıqla”, “1 həftəyə 15 kilo çəki at” və.s. Tez arıqlamaq istəyən insanlarda bu tələyə düşərək, orqanizminə zərər verir. Bütün bunların sağlam şəkildə baş verməsi üçün mütəxəssislərdən məsləhət almalısınız.
Lent.az-ın müsahibi tanınmış dietoloq Reyhan Cabbarlıdır.
- Reyhan xanım bildiyimiz kimi, Qış fəslindən sonra bir çox insan həm enerji azalması, həm də çəki artımı ilə qarşılaşır. Bu halın əsas səbəbləri nələrdir?
- Bəli, çox doğru qeyd etdiniz. Qış aylarında fiziki aktivliyin azalması, yağlı və yüksək kalorili qidaların daha çox istehlak olunması, eyni zamanda su qəbulunun azalması metabolizmanın zəifləməsinə gətirib çıxarır. Bu vəziyyət bədən çəkisinin artmasına və enerji çatışmazlığına səbəb olur.
- Müqəddəs Ramazan ayı da yeni bitib. Orucun bu prosesə təsiri varmı?
- Əlbəttə. Ramazan ayında uzun müddət aclıq, qeyri-nizamlı qidalanma və bəzi hallarda qeyri-kafi su və vitamin-mineral qəbulu səbəbilə orqanizmdə bəzi maddələrin səviyyəsində azalma müşahidə oluna bilər. Xüsusilə D vitamini, Ferritin (dəmir anbarı göstəricisi) və Maqnezium kimi vacib maddələrdə defisitlər çəki artımı və ümumi halsızlıq yarada bilər.
- Bəs bu halda hansı analizləri vermək tövsiyə olunur?
- Yay hazırlığına ilk növbədə daxili sağlamlığımızdan başlamaq vacibdir. Çəki artımı və halsızlıq kimi şikayətləri olan insanlara qanda D vitamini, Ferritin və Magneziyum dəyərlərinə baxılmasını tövsiyə edirəm. Bundan əlavə insulin ifrazı (HOMA-IR) və tiroid funksiyaları (TSH, FT4) da mütləq yoxlanmalıdır. Çünki bu faktorlar maddələr mübadiləsini birbaşa təsir edir.
- Sağlam qidalanma üçün nə kimi məsləhətlər verərdiniz?
- Gün ərzində mütləq minimum 2 litr su içilməlidir. Bu, həm metabolizmanın sürətlənməsi, həm də toksinlərin atılması üçün vacibdir. Bundan əlavə hər gün minimum 2 fincan yaşıl çay içməyi tövsiyə edirəm. Çayı dəmləyərkən ananas qabığı və darçın çubuğu əlavə etsəniz, həm antioksidant təsiri artar, həm də yağ yandırıcı təsiri güclənər.
- Fiziki aktivliklə bağlı hansı tövsiyələriniz var?
- Fiziki aktivlik də Yaya hazırlıq üçün ən vacib məqamlardan biridir. Gün ərzində minimum 7.000 addım atmaq vacibdir. Əgər bu mümkün deyilsə, az da olsa hər gün hərəkətdə qalmaq və oturaq həyat tərzindən uzaq durmaq sağlamlığımız üçün faydalıdır.