“Paytaxt poliklinikalarda olan növbələrin səbəbi regionlarda yaşayan vətəndaşların həkim müayinəsini Bakıda keçməsidir”
Lent.az xəbər verir ki, bu sözləri “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, növbələrin qarşısını almaq üçün regionlarda tibb xidmətləri inkişaf etdirilir:
“Regionlarda hansı müayinələrə ehtiyac varsa, ona uyğun təminatlar həyata keçiriləcək. Biz istəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin. İlin sonunadək regionlarda müalicə ilə bağlı problemlər aradan qaldırılacaq. Qeyd edim ki, çox vaxt vətəndaşlarımız özləri tibbi müayinədən keçmək üçün Bakıya üz tuturlar. Elə bu səbəbdən də poliknikalarda növbələr yaranır.
Eyni zamanda, həkim çatışmazlığı ilə bağlı addımlar atılıb. Bəzi bölgələrdə artıq bu problemləri həll etmişik”.
Təqdimatda sağlamlıq haqqında arayışlardakı qiymət fərqlərinə də aydınlıq gətirilib.
TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, qiymət fərqi tibbi müayinələrin sayından, ixtisaslı həkim müayinələrindən, laborator müayinələrdən və s. asılıdır:
“Tariflər sağlamlıq haqqında arayışlar üçün 40 manat civarında, sürücülük arayış isə 50 manat müəyyən olunub. Lakin bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Qiymət fərqi tibbi müayinələrin sayından, ixtisaslı həkimlərin, laborator müayinələrdən və s. asılıdır. Tariflər müşahidə şurası tərəfindən təyin olunur”.