Pəhriz içkiləri diabet riskini daha tez artırır – ARAŞDIRMA
09 avqust 2025 16:44 (UTC +04:00)

Pəhriz içkiləri diabet riskini daha tez artırır – ARAŞDIRMA

Avstraliyada aparılan genişmiqyaslı bir tədqiqat göstərib ki, süni şirinləşdiricilərlə hazırlanmış pəhriz içkiləri tip 2 şəkərli diabetin inkişaf riskini adi şəkərli qazlı içkilərdən daha çox artırır. Gündə cəmi bir banka belə pəhriz içkisi içmək bu xəstəliyin yaranma ehtimalını 38% artırır. Müqayisə üçün, adi şəkərli qazlı içkilər bu riski 23% artırır.

Lent.az bu barədə məlumatları təqdim edir:

Araşdırma 36 min-dən çox Avstraliya sakini arasında aparılıb və 14 il davam edib. Layihəyə Monash Universitetindən professor Barbara de Courten, Viktoriya ştatı Xərçənglə Mübarizə Şurasından dosent Alison Hodge və aspirant Robel Hussen Kabtimer rəhbərlik edib. Professor de Courten bildirib ki, bu nəticələr geniş yayılmış “pəhriz içkiləri daha təhlükəsizdir” fikrinə şübhə yaradır:

“Süni şirinləşdiricilər tez-tez diabet riski olan insanlara daha sağlam alternativ kimi tövsiyə olunur. Amma nəticələrimiz göstərir ki, onlar da sağlamlıq üçün müəyyən təhlükə yarada bilər”. Mütəxəssislər qeyd edirlər ki, şəkərli içkilərin diabetlə əlaqəsi əsasən piylənmə ilə izah olunur. Amma süni şirinləşdiricili içkilərin təsiri insan artıq çəkisini azaltsa belə, daha güclü olaraq qalır. Bu isə onların maddələr mübadiləsinə birbaşa təsir göstərmə ehtimalını artırır. Tədqiqat müəllifləri hesab edirlər ki, yalnız şəkərli içkilərə vergi tətbiq etməklə kifayətlənmək olmaz, pəhriz içkiləri də diqqətə alınmalıdır. Onlar tez-tez “daha sağlam” adı altında reklam olunur, lakin müəyyən risklər daşıya bilər.

Araşdırma Melbourne Collaborative Cohort Study (Health 2020) çərçivəsində aparılıb və iştirakçıların yaşı 40–69 arasında olub. Qidalanma, fiziki aktivlik, təhsil və ümumi sağlamlıq göstəriciləri nəzərə alınıb. Hal-hazırda Avstraliyada təxminən 1,3 milyon insanda tip 2 diabet var. Dünyada isə bu rəqəm 500 milyondan çoxdur. Əksər hallarda xəstəlik qidalanma və həyat tərzi ilə əlaqələndirilir.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar