Harvard İctimai Sağlamlıq Məktəbinin (ABŞ) mütəxəssislər qrupu müəyyən edib ki, çirkli havaya müntəzəm məruz qalma qocalıqda depressiya riskini artıra bilər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat çirkli havaya müntəzəm məruz qalmanın psixi sağlamlıq problemlərinə gətirib çıxara biləcəyini anlamaq üçün 64 yaşdan yuxarı (ortalama yaş 73,4 il) təxminən doqquz milyon iştirakçının məlumatlarını araşdırıb.
11 illik təqib dövründə 1,5 milyon subyektdə depressiya yaranıb. Elm adamları daha sonra hissəciklər, azot dioksidi və ozon daxil olmaqla üç çirkləndiricinin modelini qurublar. Məlum olub ki, bu maddələrin hər beş vahidinin artması depressiya riskinin müvafiq olaraq 0,91, 0,61 və 2,13 faiz artması ilə əlaqələndirilir.
Bəzi qruplar arasında tədqiqatçılar yanaşı xəstəliklərdən və yaşayış şəraitindən asılı olaraq müxtəlif dərəcədə təsirlər tapıblar. Müəlliflər ümid edirlər ki, onların kəşfi xəstəliyin mexanizmini, eləcə də onun qarşısının alınmasını daha yaxşı başa düşmək üçün mümkün ekoloji risk faktorlarının (məsələn, havanın çirklənməsi və yaşayış mühiti) öyrənilməsinə yönəlmiş yeni tədqiqatlar üçün əsas olacaq.