Göz damarları Altsheymer xəstəliyini  aşkarlamağa kömək edə bilər
10 aprel 2025 23:44 (UTC +04:00)

Göz damarları Altsheymer xəstəliyini aşkarlamağa kömək edə bilər

Yeni Zelandiyanın Otaqo Universitetində aparılan tədqiqat retina mikrovaskulaturasının (gözün arxasındakı qan damarlarının) insanlarda demensiyanın, xüsusilə Altsheymer xəstəliyinin, erkən mərhələlərdə müəyyən edilməsində potensial biomarker ola biləcəyini göstərib.

Lent.az “Science Daily” portalına istinadla xəbər verir ki, araşdırma “Dunedin Multidisciplinary Health and Development Study” (Dunedin tədqiqatı) çərçivəsində həyata keçirilib və nəticələr “Journal of Alzheimer’s Disease” jurnalında dərc olunub. Tədqiqatçılar 45 yaşlı iştirakçıların göz skanlarından əldə edilən məlumatları təhlil edərək daha dar arteriollar, daha geniş venulalar və daha incə retinal sinir lifləri təbəqələrinin demensiya riski ilə əlaqəli ola biləcəyini müəyyənləşdiriblər.

Tədqiqatın həmmüəlliflərindən doktor Aşleq Barret-Yunq nəticələrin demensiyanın erkən mərhələdə müəyyənləşdirilməsi sahəsində aparılan əvvəlki araşdırmalarla uyğunluq təşkil etdiyini bildirib. O qeyd edib ki, erkən diaqnostika və müdaxilə demensiyanın gedişatının yavaşladılması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin hazırkı test metodlarının ya yetərincə həssas olmaması, ya da yüksək xərc və əlçatanlıq baxımından məhdudiyyətlər daşıması bu sahədə irəliləyişə əngəl yaradır. “Altsheymer xəstəliyində müşahidə olunan bir çox patoloji prosesin tor qişada əks olunduğu güman edilir. Bu isə retinanı potensial biomarker kimi son dərəcə cəlbedici bir hədəfə çevirir”, – deyə doktor əlavə edib.

Tədqiqat, eyni zamanda, beynin vəziyyətini qeyri-invaziv üsullarla qiymətləndirmək üçün süni intellekt texnologiyalarının tətbiqinə dair gələcək perspektivləri də gündəmə gətirir. Lakin tədqiqatçılar bu metodların hələ erkən mərhələdə olduğunu və real tətbiq üçün əlavə işlərə ehtiyac duyulduğunu vurğulayırlar.

Araşdırmaya ABŞ-ın Virciniya Universitetindən doktor Aaron Reuben rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar