Ümumdünya Səhiyyə Təşkilatı Afrikanın bir çox ölkəsinə yayılan meymun çiçəyi virusu səbəbindən son iki ildə ikinci dəfə qlobal fövqəladə vəziyyəti elan edib.
Lent.az xəbər verir ki, Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu ilə əlaqədar iclas keçirilib.
"Aydındır ki, bu epidemiyaları dayandırmaq və insanların həyatını xilas etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya vacibdir", - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib.
Qeyd edək ki, virus qonşu ölkələrə də yayılıb. Virusun Monkeypox adlanan variantına görə 13 ölkədə 14 min yoluxma və 524 ölüm qeydə alınıb.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.
Bildirilib ki, epidemioloji vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Afrikada meymunçiçəyi epidemiyası (mpox) səbəbindən fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.